“Əli İnsanova 50 dəfə deyiblər ki, xaricə çıx get, getməyib” – ELŞAD MUSAYEV

Baxış sayı:
8968

"Əli İnsanov prezident seçkilərindən sonra həbsdən azad oluna bilər”

Ölkədə prezident seçkisi öncəsi əfv sərəncamının imzalanacağı gözlənilir. Ehtimal olunur ki, Novruz bayramı ərəfəsində imzalanan əfv sərəncamı və may ayında Cumhuriyyətin 100 illiyi ilə bağlı gözlənilən amnistiya aktı ilə həbsdə olan siyasilər də azadlığa çıxacaq.
Sabiq səhiyyə naziri Əli İnsanovun da əfv sərəncamı və yaxud amnistiya aktı ilə azad olunması ehtimalı var. Ancaq “o, azadlığa çıxdıqda ölkədən getməsi gözlənilir” kimi fikirlər də səslənir.
“Yeni Müsavat”a danışan vəkil Əsabəli Mustafayev bildirib ki, Əli İnsanovun da adı əfv sərəncamına salına bilər: “Mən amnistiyaya çox inanmıram, ancaq əfv sərəncamına düşməsi mümkündür”.

“Məndə elə gözlənti yoxdur”

“Əli İnsanovun azad olunması gözlənilirmi” sualını cavablandıran Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Hurriyyet.org-a deyib ki, bu cür xəbərlər yayılsa da, hələlik elə bir gözlənti yoxdur.
“Bəs, vəkil müsahibəsində deyib ki, Əli İnsanovun azad olunması gözlənilir” fikrinə isə partiya sədri belə cavab verdi: “Vəkil müəyyən sözlər deyə bilər, ancaq məndə elə gözlənti yoxdur. Çünki bu hakimiyyət rəqiblərini imkan daxilində daha çox həbsxanada saxlamağa üstünlük verir. Əli İnsanova da 7 il iş veriblər, hələ prezident seçkisi də olmayıb. Onun prezident seçkilərindən sonra həbsdən azad olunmasına inanıram. Ondan sonrakı dövrlədə əfv olarsa, bunu gözləmək olar. Ancaq indi mənim o gözləntim yoxdur. Mənim düşüncəmə görə, Əli İnsanovun içəridə saxlanmasının əsas səbəbi prezident seçkiləri ilə bağlıdır. Ona görə, prezident seçkilərindən sonra Əli İnsanovun azad olunmasını gözləyirəm”.

“Qərəzli yazırlar”

“Əli İnsanov azadlığa çıxdıqdan sonra xaricə gedəcəyi gözlənilir” kimi fikirlər səslənir. Siz bu barədə nə deyə bilərsiniz” sualına cavab olaraq isə E.Musayev deyib ki, onda elə məlumat yoxdur: “Görünür, bu kiminsə arzusudur, ona görə yazıb. O, niyə xaricə getsin ki?! Adama 50 dəfə deyiblər ki, xaricə çıx get, getməyib. İndi bunlar niyə yazırlar ki?! Qərəzli yazırlar. Ağsaqqal kişidir, 11 il yatıb, ondan sonra da 7 il veriblər, artıq ona qarşı qərəzli olmaq olmaz. Ümumiyyətlə, heç kəsə qarşı qərəzli olmaq olmaz. Məsələn, Gözəl Bayramlı tutulub, qadın xəylağıdır, dul qadındır... Sən, mən içəridə də, çöldə də olsaq, biz dözərik. Hamı arzulayır ki, bütün siyasi məhbuslar həbsdən azad olunsun”.

Şamo EMİN