Əli İnsanov: “Məni nə ilə ittiham edirsiniz? Heç bir suala cavab yoxdur”

Aprelin 19-da Qaradağ Rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun  cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Prosesə yalnız bir neçə jurnalist buraxılıb. Məhkəmə zalında cəmi 6 stul var, onlardan birində isə zərərçəkən oturur.
Hakim Rəşad Mustafayevin sədrlik etdiyi prosesdə sənədlər tədqiq edilib. 
Prosesdə iştirak edən şəxslərdən biri Turan-a bildirib ki, öncə cinayət işində olan sənədlər elan olunub.
Məlum olub ki, cəzaçəkmə müəssisəsində Əli İnsanovun əşyalarına baxış və götürmə protokolunda Ə.İnsanovun və müdafiəçilərin  imzası yoxdur.
Hakim Penitensiar Xidmətin iş planını elan edib.
Ə. İnsanov cəzaçəkmə müəssisəsində yoxlama aparılması barədə deyib ki, iş planı bir qayda olaraq ilin əvvəlində tərtib olunur, amma bu  sənəddə iş planının iyul ayında tərtib olunduğu məlum olub.
“Sifarişli iş belə olur”, - o qeyd edib.
Hakim cavabında deyib ki, iyul ayında rüblük iş planı hazırlanıb.
Sonra ekspert rəyləri elan olunub.
Vəkil Toğrul Babayev deyib ki, ekspert rəyində  dərmanların istifadə müddəti ilə bağlı  rəy yoxdur.
“Bəlkə dərmanların istifadə müddəti bitib”.
Bu zaman hakim “ekspert rəyində dərmanlarla bağlı məlumat var. Yararsız olsa idi qeyd edilərdi”,-  cavabını verib.
Vəkil hakimin münasibət bildirməsinə etiraz edib.  
Ə. İnsanov deyib ki, narkotik tərkibli  dərmanlar heç zaman rəngli olmur.
“Ekspert rəyində dərmanın rənginin göy olduğu yazılıb. Bu rəy qondarma və saxtadır”.
Vəkil Toğrul Babayev zərərçəkmiş Anar Məmmədovdan sual edib ki, 30-35 gün xəstəxanada yatıbsa bəs ifadəni nə vaxt verib?
A. Məmmədov bildirib ki, onu xəstəxanada iki gün qaldıqdan sonra prokurorluğa aparıblar, orada ifadə verib.
“Mən kəllə-beyin travması almışdım. Bu o demək deyil ki, əlim-ayağım yox idi”, -o qeyd edib.
Ə. İnsanov dərmanların olduğu şüşə qabların üzərindəki barmaq izləri ilə bağlı ekspertizanın keçirilməsi barədə vəsatət qaldırıb.
Hakim vəsatəti təmin etməyib. Ə.İnsanov ibtidai istintaq zamanı da bu vəsatətinin təmin edilmədiyini deyib.
Məlum olub ki, istintaq materiallarına zərərçəkmiş A. Məmmədovun kəllə-beyin travması alması əks olunmuş komputer-tomoqrafiya daxil edilməyib.
“Əgər kəllə-beyin travması olsa idi Anar Məmmədovun beyninə qan sıza bilərdi. Bu səbəbdən kompüter-tomoqrafiya edilməsi vacibdir. İstintaq materiallarında, sadəcə, kəllə-beyin travması aldığı yazılıb. Ancaq, bunu sübut edən tibbi sənəd yoxdur. Çünki Anar Məmmədov hər hansı zədə almayıb. Belə olan halda siz məni nə ilə ittiham edirsiniz? Heç bir suala cavab yoxdur”, - Ə.İnsanov məhkəmədən sual edib.
Vəkil Ağaveyis Şahverdi istintaq materiallarına cırılmış protokolların daxil edilməməsinin səbəbini soruşub.
Hakim deyib ki, cırılmış protokol maddi sübutların saxlandığı yerdə saxlanılır. 
Bu zaman A. Şahverdi maddi sübut kimi cırılmış protokolların məhkəməyə təqdim edilməsi barədə vəsatət qaldırıb.
Hakim bununla bağlı vaxtında vəsatət verilməsinin vacibliyini xatırladıb.
A. Şahverdi istintaq materiallarına daxil edilmiş sübutların məhkəmədə təsdiqini tapmadığı üçün əsassız hesab olunması barədə də vəsatət verib.
“Axtarış və baxış protokolları Əli İnsanov və  müdafiəçilıərinin iştirakı olmadan tərtib edilib. Əli İnsanovun paltarındakı liflərin Anar Məmmədovun paltarındakı liflərə uyğun olması ilə bağlı ekspert rəyi də sübutunu tapa bilməz. Çünki Əli İnsanov həmin vaxt geyindiyi paltarı zibilə atmışdı. Ekspert başqa paltarı ekpertiza edib. Bunların hamısı sübutlar siyahısından çıxarılmalıdır”, -vəkil A. Şahverdi bildirib.
Vəkillər A. Məmmədovda hazırda kəllə-beyin travmasının təsirinin qalıb-qalmaması və onun anlaqlı olub-olmaması barədə ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb. Hakim bu vəsatəti  də təmin etməyib.
Prokuror və zərərçəkmiş A. Məmmədov bir qayda olaraq vəsatətlərin təmin edilməməsini istəyib.
Beləliklə, hakim məhkəmə istintaqının başa çatdığını elan edib.
Növbəti iclasda prokurur Ə. İnsanova iş istəyəcək.
Proses aprelin 26-da saat 14.30 davam edəcək.
Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. Sonradan iqtisadi cinayətlərlə 11 il azadlıqdan məhrum edilib.
2016-cı ilin oktyabrında həbsdən çıxmasına 56 gün qalmış ona qarşı yeni ittihamlar irəli sürülüb: 234.1 (narkotik maddənin əldə edilməsi və saxlanması),315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi), 317 2.1 (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsi). 2006-cı il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi onun barəsində həbs qərarı çıxarıb.
2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.
Avropa Şurası Nazirlər Kabineti Azərbaycan hökumətini Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.
Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu “siyasi məhbus” kimi tanıyıblar