Əli Hüseynli: “Konstitusiyanın 98-1 maddəsi Milli Məclisin buraxılması məsələsini həll etmiş olur”

Baxış sayı:
7282

Milli Məclisin plenar iclası öz işini davam etdirir. İclasda Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətini müzakirə olunur.

Hüquq siyasəti və dövlət qurucuğulu komitəsinin sədri Əli Hüseynli dedi ki, parlamentin buraxılması ilə bağlı addımın atılmasının hüquqi əsaslarının olmadığı barədə iddialar əsassızdır.

Komitə rəhbəri bununla bağlı 2016-cı il referendumunda Konstitusiyaya edilən dəyişiklikləri xatırlatdı: “2016-cı ildə keçirilən referendum və bu zaman konstitusiyaya edilən əlavə və dəyişikliklər bu gün həyata keçirilməsi nəzərdə tutulan işlər üçün ciddi bir konstitusion baza roludur. Konstitusiyanın 98-1 maddəsi Milli Məclisin buraxılması məsələsini həll etmiş olur. Xüsusi vurğulamaq istəyirəm ki, 2018-ci ildə növbədənkənar prezident seçkiləri keçirildi. Ölkə başçısı İlham Əliyev yenidən xalqın mandatını almış oldu. Ölkədə tam müasir və dünya standartlarına cavab verən keyfiyyətcə yeni islahatlar başlandı”.

Komitə sədri bildirdi ki, bu islahatlar mərkəzi və icra hakimiyyəti orqanlarını, məhkəmə hakimiyyətini əhatə etmiş oldu: “Bu illər ərzində parlament də öz fəaliyyətində Prezidentin islahatlarına dəstək verib. Bununla yanaşı, parlamentin fəaliyyətinin də təkmilləşdirilməsi, daha da mükəmməlləşdirilməsi ilə bağlı cəmiyyətin də düşüncələri var. Bu baxımdan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılmaıs ilə bağlı müraciəti əslində xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir”.

Ə.Hüseynli əlavə etdi ki, bu, eyni zamanda YAP-ın xüsusi siyasi mədəniyyətini göstərir: “Hesab edirəm ki, bir sıra ekspertlərin və bəzi opponentlərin Milli Məclisin buraxılmasının konstitusiyanın 89-cu maddəsinin 5-ci bəndində qeyd olunmuş deputatın özünün imtina etməsi ilə bağlı səlahiyyətlərinə xitam verilməsi məsələsi ilə eyniləşdirilməsi çox yalnış yanaşmadır. Çünki bu məsələ konstitusiyasının 98-1 maddəsində qeyd olunub. Milli Məclisin buraxılması ilə bağlı müraciət göz qabağındadır. Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərin qeyd etdiyimiz müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadını yenidən qazanılması məqsədi ilə bu addım atılmış olur. Bu yanaşma bizim konstitusiyamıza və hüquq sisteminə uyğundur”.