"Əli Həsənovun qudası Səttar Mehbalıyev onlarla dədə malı kimi davrandı..." - Aslan İsmayılov

Baxış sayı:
6097

"İran generalı Qasım Süleymani ilə bağlı yazılarıma görə bu qədər təhqir olunacağımı təsəvvür etmirdim. Həmin yazıların heç birində Q.Süleymaninin şəxsiyyətinə dair alçaldacı heç nə yazmamışdım, ölümünə şadyanalıq etməmişdim, hərçənd ki, onun minlərlə insanın, o cümlədən müsəlmanların qətlə yetirilməsinə başçılıq etdiyini çox yaxşı bilirdim. Səhifəmin iştirakçıları təhqiredici şərh yazanları bloklamağı təklif edirlər. Bu addımı atmadım və atmayacam, çünki günah onlarda yox, Azərbaycanı idarə edənlərdə və cəmiyyətin özündədir".
Bu fikirləri tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.
Daha sonra Aslan ismayılov qeyd edib:
"Bəyənmədiyimiz Sovet dövründə ölkəmizdə fəaliyyət göstərən minlərlə şahmat məktəblərinin, peşə öyrədən dərnəklərin yerləşdiyi binalar, uşaq idman zalları, futbol meydançaları acgöz məmurlar tərəfindən satıldı. Uşaqların, gənclərin, böyüklərin asudə vaxtlarını geçirəcək yerlər qalmadı. Sadaladığım obyektlərin əksəriyyəti Azərbaycan Həmkarlar Konfederasiyasının nəzdində idi və oranın rəhbəri Əli Həsənovun qudası Səttar Mehbalıyev onlarla dədə malı kimi davrandı. İnsanların sərbəst gedəcəcək yerləri ancaq məscidlər oldu. Həmin məscidləri idarə edənlərin başı nəzir qutularına qarışdığından İran mollaları orada isdədikləri təbliğatı aparıb təhsilsiz, tez təsir dairəsinə düşən insanların beyinlərini istədikləri ilə doldurdular.
Bu insanlar həddindən artıq çoxdur. İndi onları bloklamaq, çarmıxa çəkmək çox yanlış addımdır. Bu gün Dövlətini, Vətənini düşünənlər bu vətəndaşlarımıza qarşı səbrli olmalı, onların da bizim vətəndaşlarımız, bacı-qardaşlarımız olmasını unutmamalıdırlar.
Bilirəm ki, bu problem Qarabağ problemi qədər çətindir, ancaq bizim başqa yolumuz yoxdur. Hakimiyyət, xüsusilə müxalifət bunlardan nə vaxtsa öz məqsədləri üçün istifadə edəcəklərini düşünürlərsə çox səhv edirlər. Bunlardan ancaq İran mollaları istifadə edib həm onları həm də bizləri bədbəxt edəcəklər. Bu gün isə gördüyüm odur ki, hamı bu sadəlöhv insanlardan öz çirkin əməlləri üçün istifadə etmək istəyir. Bu günə qədər Azərbaycanda dostum, ləzgi balası Teyfurdan başqa rayonlarda bir nəfər də olsun şahmat məktəbi, tibb məntəqələri, dil kursları açan, yaxud bərbad vəziyyətdə olan məktəblərimizi təmir etdirən bir nəfər də iş adamı görməmişəm. Əvəzində dindən tam uzaq olan, bütün gününü donuz əti yeməklə, spirtli içki içməklə keçirən yüzlərlə iş adamının məscid tikdiklərini bilirəm. Bütün əməlləri Uca Allahın buyurduğu dürüstlükdən, səmimilikdən, insanlıqdan uzaq olan, ömrünü fitnə-fəsadlarla keçirən, gündüzlər müxalifət, gecələr iqtidar olan çoxlu sayda müxalifət liderləri də məhz bu məqsədlə hacı da oldular, hər dəfə həcc ziyarətindən gələni böyük hacı məclisləri təşkil etdilər.
Bu gün biz həmin əməllərin nəticəsini görürük. Hamımız anlamalıyıq ki, dövlət və cəmiyyət olaraq çox təhlükəli və müdafiəsiz durumdayıq. Ona görə də bu insanları təhqir edib, onlardan düşmən obrazı yaradıb daha ağır duruma düşməmək üçün onlara diqqət ayırıb, ətrafımızda baş verənləri izah etməliyik. Bilməliyik ki, bizim nicatımız ancaq özümüzdə, öz vətəndaşlarımızdadır. Nə İran, nə Türkiyə, nə də ABŞ bizim problemlərimizi həll etməyəcək. Bu həssas dönəmdə ancaq türkçülük, türkün türkdən başqa dostu yoxdur şüarı da çox ziyanlıdır"./Demokrat.az