​ƏLİ HƏSƏNOVUN OĞLU “XƏZƏR TV”-DƏN UNİTAZINI DA APARDI – Şamxal Həsənov iki həftədir şəxsi əşyalarını daşıtdırır...

Baxış sayı:
4903

Prezident Administrasiyasında çalışdığı 25 il ərzində qanunsuz yollarla böyük sərvət əldə edən Əli Həsənov vəzifədən azad olunduqdan sonra barəsində mətbuatda çoxsaylı informasiyalar yayılmaqdadır. Bu da onunla bağlıdır ki, o, vəzifədə olduğu müddətdə səlahiyyətlərindən sui-istifadə edərək, öz ətrafında “toxunulmazlıq sipəri” çəkmişdi. Bu baxımdan, onun haqqında tənqidi məqalə yazan media nümayəndələri müxtəlif üsullarla cəzalandırılır, saytlar qapadılırdı. Hətta həqiqəti yazan jurnalistlərdən şər-böhtanla və digər qanunsuz yollarla həbsə atılanlar da vardı...
Bu səbəbdən Azərbaycan Prezidentinin köməkçisi vəzifəsindən uzaqlaşdırılandan sonra Əli Həsənovun, eləcə də ailə üzvlərinin və yaxın adamlarının barəsində bir sıra faktların üzə çıxması heç də təsadüf deyil. O cümlədən, vaxtilə qanunsuz yollarla əldə etdiyi bir sıra əmlakları geri qaytarmaq məcburiyyətində qaldığı haqda da informasiyalar yayılmaqdadır. Hansı ki, bunlarda biri də oğlu Şamxal Həsənovun adına rəsmiləşdirilən “Xəzər” televiziyasıdır. Ötən yazılarımızın birində də qeyd etmişdik ki, artıq “Xəzər TV” Həsənovlar ailəsindən geri alınıb.
Etibarlı mənbələrdən əldə etdiyimiz son bilgilərə görə, yanvar ayında “Xəzər” televiziyasının rəhbərliyindən uzaqlaşdırılan Şamxal Həsənov artıq iki həftədir TV-dən öz əşyalarını daşımaqdadır. Həmçinin, ona yaxın bəzi şəxslərin də yır-yığış etdiyi haqda məlumatlar var.
Ən maraqlısı isə odur ki, Şamxal Həsənov “Xəzər TV”-də ancaq özünün və xüsusi qonaqlarının istifadə etdiyi ayaqyolundakı bahalı unitazını da sökdürüb. Məlumata görə, Ş.Həsənov vaxtilə bu unitazı məhz özü üçün sifariş etdirib. Hansı materialdan olduğu haqda dəqiq bilgi verilməsə də, bu unitazın kifayət qədər bahalı olduğu bildirilir. Qeyd edək ki, mənbə yaxın günlərdə həmin qeyri-adi unitazın fotosunu redaksiyamıza təqdim edəcəyinə söz verib...
Mənbə onu da deyir ki, Ş.Həsənov “Xəzər TV”-dən azad olunduğu gündən işə şəxsi avtomobili ilə gəlmir. Daha doğrusu, bahalı avtomobilini yaxınlıqdakı ərazilərdə saxlayaraq, televiziya binasına piyada gəlir. Bununla da o, indiki vəziyyətdə bahalı avtomobilini diqqətlərdən kənarda saxlamağa çalışır.
Sonda onu da vurğulayaq ki, yaxın günlərdə “Xəzər TV”-nin yeni rəhbərliyi fəaliyyətə başlayacaq. Bununla da Həsənovlar ailəsinin bu telekanalla bütün bağlantılarına son qoyulacaq.


Muxalifet.az
Redaksiyadan: Qeyd olunan informasiyalarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.