Əli Həsənovun nəvəsinin azadlığa buraxılmasına ETIRAZLAR ARTIR

Baxış sayı:
5431

“Əli Həsənovun nəvəsi 2 yox, hətta 12 nəfəri öldürsəydi belə, azalıqda olmalıydı, çünki...” Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin azadlığa buraxılması sosial şəbəklərdə etirazla qarşılanıb. O cümlədən tanımış hüquqşünslar, iqtisadçılar da məsələyə kəskin münasibət bildiriblər. Hüquqşünas Aslan İsmayılov yazır: “Həqiqətən it yiyəsini tanımadığından ölkədə tam dərəbəylikdir, kim nə istəyir, onu edir, təki pulun olsun. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 18 dekabr tarixli hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş Baş Nazirin birinci müavini, keçmiş qaçqınkom sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin işinə bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılmış, cəza müddəti 5 ilə endirilib, şərti hesab edilib və azadlığa buraxılıb. Tam nağıllarda olan kimi. N.Allahverdiyev isə 2017-ci il avqustun 3-də Heydər Əliyev prospektində idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobillə avtoşluq edərkən qəza törətmiş, nəticədə iki nəfər həlak olmuş, bir neçə nəfər isə ağır bədən xəsarətləri almışdı”. “Bu qərar Ədliyyə naziri Fikrət Məmmədovun göstərişi olmadan qəbul edilə bilməzdi” A.İsmayılov məhkəmə sistemində baş verənləri bilən insan kimi qəti olaraq bildirib ki, bu qərar ədliyyə naziri Fikrət Məmmədovun göstərişi olmadan qəbul edilə bilməzdi: “Əvvəllər də dediyim kimi, bu məhkəmənin sədri İman Nağıyev tək F.Məmmədov deyil, onun oğlu Fariz Məmmədov tərəfindən də idarə edilir və bu tip qərarları onların icazəsi olmadan qəbul edə bilməz. İşə bilavasitə baxan Faiq Qasımov isə hələ keçmiş Səhiyyə naziri Əli İnsanov işindən başlayaraq verilən sifarişi canla başla yerinə yetirən hakimlərdəndir”. Hüquşunas onu da diqqətə çatdırıb ki, eyni gündə sosial şəbəkələrdə xalqın sevgisini qazanmış digər gənc, şərlənərək həbs edilən Mehman Hüseynova isə ölüm ayağında olan anasına baş çəkməyə Ədliyyə naziri F.Məmmədovun tabeliyində olan Penitensiar xidmət icazə verməyib. Keçmiş deputat, iqtisadçı nazim Bəydəmirli isə qeyd edir ki, baş nazirin müavini Əli Həsənovun nəvəsi 6 illik həbs müddətinin heç 1 ili bitməmiş məhkəmə tərəfindən şərti azadlığa buraxılıb: “Xatırladıram ki, Nail adlı gənc oğlan qaçqın və məcburi köçkünlərə ayrılmış büdcə vəsaitlərinin mənimsənilmə mexanizmlərindən məharətlə yararlanaraq çoxsaylı avtomobil kolleksiyalarına, villa, restoranlar şəbəkəsinə malik olub. O qarajında olan çoxsaylı “Galendevagen” markalı mersedeslərdən birində H.Əliyev prospektində avtoşluq edərək qəza törətmiş, nəticədə 2 nəfər ölmüş, ən azı 3 nəfər yaralanmışdı. Bu hadisə içtimaiyyətə açıq hörmətsizlik edənlərə prezident İ.Əliyev tərəfindən güzəşt edilməyəcəyi haqda etdikləri çıxışlarla üst-üstə düşdüyündən Nail tutulmuşdu. İndi görünür hesab ediblər ki, vaxt keçdi, hər şey yaddan çıxdı”. “Bu qədər də qanunlara, içtimai rəyə hörmətsizlik etmək olmaz” Bəydəmirli hesab edir ki, bu qərardan Baş Prokurorluq protest verib, məhkəmə qərarına yenidən baxılmasına şərait yaratmalıdır: “Bu qədər də qanunlara, içtimai rəyə hörmətsizlik etmək olmaz. Məncə, hamılıqla bu biabırçılığa diqqət çəkməliyik” İqtisadçı Məhəmməd Talıblı da Ə. Həsənovun nəvəsinin azadlığa buraxılmasına etiraz edərək qeyd edir: “Hüquqa münasibətin Azərbaycan “nümunəsi”... Məmurun ağlagəlməz sərvətini çəkib göstərən və şəffaflığa yardım edən bloger ölüm ayağında olan anası ilə vidalaşmaq üçün bir günlüyə belə buraxılmır. Avtoxuliqanlıq nəticəsində iki nəfəri öldürən bir məmur nəvəsi olan və 6 illik cəza almış bir şəxs isə məhkəmə zalından azadlığa buraxılır. “FEMİDA” adı verdiyiniz TƏRƏZZİUUZ qırılsın”. “Hakimi-mütləqlər üçün içtimayi rəy mövcud deyil” REAL Partiyasının icra katibi Natiq Cəfərli isə məsələyə narazılığını belə ifadə edib: “Aftoxuliqanlıq edən, maşınla insan öldürən iri məmurun balaca nəvəsi azadlığa çıxdı. Bu, o dəməkdir ki, hakimi-mütləqlər üçün içtimayi rəy mövcud deyil, vətəndaşdan, onun rəyindən asılı olmayan sərt vertikal bir sistem tam bərqərar olub”. “Əli Həsənovun nəvəsi 2 yox, hətta 12 nəfəri öldürsəydi belə, azalıqda olmalıydı” İqtisadçı jurnalist Qadir İbrahimli də məsələyə kəskin reaksiya verib: “Əli Həsənovun nəvəsi 2 yox, hətta 12 nəfəri öldürsəydi belə azalıqda olmalıydı. Çünki o, Əli Həsənovun nəvəsidir... Elə arasında buna “hüquqi dövlət” deyirlər”. Vəkil Muxtar Mustafayevin “Nail Allahverdiyevin cəzası 5 il azadlıqdan məhrumetməyə qədər azaldılıb və bu müddətin yerdə qalan hissəsini o, məntəqə tipli islah müəssisəsində keçirəcək” fikrinə isə İbrahimli belə münasibət bildirib: “Guya, biz bilmirik məntəqə tipli islah müəssisəsi nədir? Ayda 100 manatını ver, get evində yat, vəkilin təkzibi bilirsiniz nəyə oşayır? Deyir filan şey deyil, ancaq babam eləyib”. Qeyd edək ki, dünən ilk yayılan məlumata görə, 6 il müddətinə azadlıqdan məhrum edilən N.Allahverdiyev cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən şərti hesab edilib və o, azadlığa buraxılıb. Ancaq sonradan Nail Allahverdiyevin vəkili Muxtar Mustafayevin “verdiyi məlumata görə, onun müdafiə etdiyi şəxs azadlığa buraxılmayıb. Vəkil deyib ki, məhkəmənin qərarı ilə Nail Allahverdiyevin cəzası 5 il azadlıqdan məhrumetməyə qədər azaldılıb və bu müddətin yerdə qalan hissəsini o, məntəqə tipli islah müəssisəsində keçirəcək. N.Allahverdiyevin həbsindən artıq bir il keçir. Xatırladaq ki, 2017-ci il avqustun 3-də Heydər Əliyev prospektində Nail Allahverdiyevin idarə etdiyi "Mercedes Gelandewagen" markalı avtomobil qarşıdakı maşına dəyərək idarəetməni itirib və əsas yoldan ikinci dərəcəli yola çıxaraq səkidə dayanan 3 piyadanı vurmuşdu. Hadisə nəticəsində Mehdi Əliyev, Vaqif Əsədov həlak olub. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları-Mutallib Tekiş və Songül Tekiş xəsarət almışdılar. Əslində, vəkilin işi müdafiə etdiyi şəxsi hüquqi baxımdan qorumaqdır. Amma vəkil verdiyi məlumatdan aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Nail Allahverdiyev azadlığa çıxıb. Sadəcə, məhkəmə 6 il tam onun üzərində götürə bilməzdi. Çünki bu açıq-aşkar ağ olardı. Əslində, qalan 1 ili N. Allahverdiyevin məntəqə tipli islah müəssisəsində keçirməsi bəhanəsi ilə Apellyasiya Məhkəməsinin qərar verməsi özü də ölkədə qanunların tapdanmasına yol vermək, iki insanın ölümünə, iki insanın isə xəsarət almasına səbəb olmuş məmur nəvəsinə cəzasızlıq şəraiti yaratmaqdır. Amma nə yazıq ki, reallıq budur: qanunlar qara camaat üçün yazılır. Qanunlarımız və onu icra edənlər məmur övladlarından, hətta nəvələrindən də qorxurlar. Şamo EMİN