ƏLİ HƏSƏNOV “GETDİ”, MEDİA SİYASƏTİ DƏYİŞMƏZ QALIB – Hakimiyyətdə kimlər prezidentin sabiq köməkçisinin ifşa olunmasının qarşısını alır...

Baxış sayı:
3808

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vəzifəsindən azad olunduqdan sonra, onun 25 ildir rəhbərlik etdiyi sahələrdə ciddi dəyişiklik olunacağı gözlənilirdi. Tutaq ki, hakimiyyətlə siyasi partiyalar və QHT-lər arasında daha şəffaf və sıx münasibətlər qurulacağı, medianın “bataqlıq”dan çıxarılacağı düşünülürdü. Lakin Ə.Həsənov vəzifəsindən çxıarıldığı 28 noyabr, 2019-cu ildən bu yana qeyd olunan sahələrdə heç bir ciddi dəyişiklik həyata keçirilmədiyi etiraf olunmalıdır.
Doğrudur, Prezident Administrasiyasında (PA) aparılan struktur islahatları çərçivəsində onun rəhbərlik etdiyi İctimai-siyasi şöbə üç yerə ayrıldı. Hansı ki, bu şöbələrdən ikisinə rəhbər təyin olunsa da, media sahəsinə nəzarət hələ də başlı-başına qalıb. Daha doğrusu, bu sahənin prezidentin yeni köməkçisi Anar Ələkbərova həvalə olunduğu haqda informasiyaları nəzərə almasaq, ölkədə medianın tamamilə nəzarətsiz qaldığını deyə bilərik...

Vüqar Səfərli
Əlbəttə, iddia oluna bilər ki, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİV DF) və hakimiyyətin himayəsi altında olan Mətbuat Şurası kimi qurumlar fəaliyyət göstərirsə, media sahəsinin nəzarətsiz qaldığını düşünmək doğru deyil. Lakin bu qurumların hər ikisinin də yarandıqları gündən müstəqil media üzərində nəzarət funksiyası olmadığı kimsəyə sirr deyil. Belə ki, KİV DF ən yaxşı halda hər 6 aydan bir maliyyə ayrıdığı 20-25 qəzet üzərində “hökmranlıq” edə bilər. Mətbuat Şurasının funksiyası isə ya hansısa məmurlarla müxtəlif saytlar arasında  vasitəçilik etmək, ya da ipə-sapa yatmayan saytları “qara siyashı”ya salmaq və onlar barəsində dövlət qurumlarına şikayət etməklə məhdudlaşıb.

Əflatun Amaşov
Odur ki, bu gün Azərbaycanda media sahəsində islahatlara  məhz KİV DF və Mətbuat Şurasından başlamağın daha düzgün olduğu qənaətindəyik. Əslində, Əli Həsənovun “vurulması”ndan sonra media sahəsində heç bir müsbət dəyişiklik həyata keçirilməməsi də məhz bu iki qurumun – KİV DF və Mətbuat Şurasının mövcudluğu ilə bağlıdır. Ən azı ona görə ki, bu iki qurumun rəhbərliyi vaxtilə Əli Həsənovun sadiq “əsgərləri” və onun media siyasətinin icraçıları olub. Onlar bu gün də həmin siyasəti davam etdirdiyindən, ölkədə media sahəsində heç bir dəyişiklik həyata keçirmək mümkün deyil.
Əlbəttə, Azərbaycanda media siyasətinin hər zaman Prezident Administrasiyasından tənzimləndiyi bizə bəllidir. O cümlədən, hər iki qurumun da məhz PA-dan gələn göstərişə uyğun fəaliyyət göstərdiyi şübhəsizdir. Amma, nəzərə alsaq ki, Əli Həsənovun media siyasətinin “uzaqvuran toplarından” olan, keçmiş müavini Vüqar Əliyev hələ də Prezident Administrasiyasındakı vəzifəsini icra etdirir, demək, ölkədə mediaya baxışın dəyişməməsi heç də təəccüblü deyil.

Vüqar Əliyev
Diqqətli oxucularımız xatırlayar ki, biz Muxalifet.az xəbər portalı olara hələ Əli Həsənovun “qılınc”ının qalı-qabağı kəsən dönəmlərdə Azərbaycan dövlətinin media siyasətini hər zaman tənqid etmişik. Hansı ki, saytımızın axtarış sistemindən istifadə edərək, bu haqda onlarla məqaləyə rast gəlmək olar. Biz prezident köməkçisinin hər zaman şəxsi maraqlarını dövlət maraqlarından üstün tutduğu, mediaya baxışının zərərli olduğu haqda çox sayda yazı qələmə almışıq. Məsələn, Ə.Həsənovun ermənilərə qulluq edən və Azərbaycanda kəşfiyyat xidməti ilə məşğul olan “Sputnik” agentliyinə öz binasında – Beynəlxalq Mətbuat Mərkəzində (BMM) yer verməsini dəfələrlə sərt şəkildə qınamış və ölkə başçısının diqqətini bu məsələyə cəlb etməyə çalışmışıq. Həmçinin, mətbuat sahəsindəki neqativ hadisələri hər zaman qabartmaqla, dövlətin bu sahəyə fərqli yanaşmalı olduğunu ortaya qoymuşuq. Odur ki, Əli Həsənovun “yoxluğu” şəraitində də ənənəvi problemlərin mövcud olması, bu sahədə heç bir dəyişiklik həyata keçirilməməsi, ötənlərdə olduğu kimi, bizi hələ də məyus etməkdədir...
Doğrudur, yuxarıda qeyd etdiyimiz kimi, media sahəsinə nəzarət kifayət qədər müsbət imicə malik olan bir gənc mütəxəssisə həvalə olunub. Amma görünən odur ki, hörmətli Anar Ələkbərov ya üzərinə qoyulan “yük”ün ağırlığından hələ bu sahəyə vaxt ayıra bilməyib, ya da yeni kadrlar da Əli Həsənovun qoyduğu sistemi eynilə davam etdirməkdə maraqlıdır.

Anar Ələkbərov
Amma biz hələ də əminik ki, Azərbaycan dövlətinin mövcud media siyasəti dəyişməsə, ölkədə bu sahənin inkişafına nail olmaq mümkün deyil. Hətta media siyasətinə cavabdeh olan bir çox kadrlar yenilənsə belə, onlar da keçmiş təcrübəyə uyğunlaşmağa məcbur olacaq. Nəticədə isə, nəinki inkişafa nail olunacaq, əksinə media daha dərin “quyu”ya gömüləcək.
Hesab edirik ki, Azərbaycanda medianın inkişafına nail olmaq üçün ilk növbədə Əli Həsənovun qurduğu sistemi dağıtmaq və onu tam şəkildə ifşa etmək lazımdır. Bu gün istər onun keçmiş müavinləri, istər KİV DF və Mətbuat Şurasının rəhbərliyi ona görə prezidentin sabiq köməkçisinin ifşa olunmasına müqavimət göstərirlər ki, bu halda onların özlərinin də, yumşaq desək, qanunsuz əməlləri ortaya çıxacaq. Bu səbəbdən də həmin şəbəkə ciddi-cəhdlə Ə.Həsənovun nüfuzdan düşməsinin qarşısını alır, bəyan edirlər ki, guya, “onu mətbuat siyasəti ən ideal siyasətdir, başqa halda bu sahədə ciddi problemlər meydana çıxa bilər”.

Əli Həsənov

P.S. Vəziyyət bu cür davam edərsə, çox yaxında Azərbaycan mətbuatında daha ciddi problemlərin meydana çıxacağına şahid ola bilərik...

Müəllif: E.MUSTAFAZADƏ,
Muxalifet.az