​Əli Həsənov Fazil Məmmədovun "işdən çıxarılmasından" danışdı

"Azərbaycan Respublikasında söz və məlumat azadlığı, hər kəsin, o cümlədən kütləvi informasiya vasitələrinin, jurnalistlərin sərbəst şəkildə informasiya əldə etmək, hazırlamaq və yaymaq hüququ tam təmin edilib. KİV-lər Azərbaycanın daxili və xarici siyasəti, cəmiyyət həyatının müxtəlif sahələri, habelə dünyada baş verən mühüm hadisələr haqqında çoxsaylı məlumatlar, müxtəlif şərh və təhlillər hazırlayır və ictimai rəyə təqdim edirlər. Söz və məlumat azadlığı Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir və qarşıdan gələn dövrdə də Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək".
Bunu prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son zamanlar kütləvi informasiya vasitələrində sui-istifadə hallarının artması faktlarına münasibət bildirərkən deyib.
Ə.Həsənov AZƏRTAC-a müsahibəsində təəssüflə deyib ki, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb: "Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən “kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda “yoxlamalar”, evlərində “axtarışlar” aparılması, məmurların “həbsi”, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə “əməkdaşlığı” və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar. Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur".
Ə.Həsənovun sözlərinə görə, təəssüf ki, bəzi hallarda aparıcı KİV-lər də belə dezinformasiyaları tirajlayaraq öz oxucularını çaşdırırlar. Sosial şəbəkələrdə və məqsədli şəkildə fəaliyyət göstərən internet saytlarında yerləşdirilmiş yalan məlumatlar yoxlanılmadan, həqiqiliyi araşdırılmadan həmin ciddi media orqanlarının səhifələrinə yerləşdirilir:"Nəzərə almaq lazımdır ki, mövcud hal dövlət orqanlarının nüfuzuna xələl gətirir, onların iş rejiminin pozulmasına, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olur və ümumilikdə Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərir.
Hesab edirik ki, Azərbaycan KİV-ləri, jurnalistlər daim məsuliyyətli olmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməli, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməlidirlər. Jurnalist birlikləri, xüsusilə Mətbuat Şurası hazırda müşahidə olunan mənfi meyillərin aradan qaldırılması istiqamətində əməli tədbirlər görməlidirlər. Əks-təqdirdə qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək".
Virtualaz.org saytı xatırladır ki, son vaxtlar bir sıra aztirajlı saytlar məmurlar haqda xeyli dezinformasiyalar yayır. Yağışdan sonrakı göbələklər sayaq sayı gündən-günə artan bu KİV-lər ölkədəki dinamik siyasi proseslərdən sui-istifadə edir, ucuz sensasiya dalınca qaçır, tiraj qazanmaq üçün ağıllarına gələni yazırlar.
Bu KİV-lər artıq vergilər naziri Fazil Məmmədovu "işdən çıxarıb", nəqliyyat naziri Ziya Məmmədovu isə "həbs ediblər". Sabiq nazir Eldar Mahmudovu isə hətta "güllələyiblər".
Həmin aztirajlıların yaydığı bu cür qeyri-ciddi xəbərlər sosial şəbəkələr vasitəsilə də yayılmaqla cəmiyyətə ajiotaj yaradır.
Yada salaq ki, haqqin.az saytı bu problemi dünən "Vergilər naziri Fazil Məmmədovu istefaya göndərdilər" başlıqlı məqalədə qaldırıb.