“Əli Həsənov dövlətçiliyimizə xidmət edən insanları gözdən salmaqla məşğul idi” – HACIBABA ƏZİMOV

Baxış sayı:
1946

“Hakimiyyətin düşməni müxalifət yox, yaramaz, oğru məmurlardır”
 
Ölkədə həyata keçirilən kadr islahatlarına, sosial-iqtisadi sahədə baş verən dəyişikliklərə, korrupsiya ilə mübarizə tədbirlərinə, eləcə də hakimiyyətin siyasi partiyalarla dialoq təşəbbüsünə fərqli çevrələr tərəfindən münasibət müxtəlif olsa da, cəmiyyətin əhəmiyyətli hissəsi bu addımları müsbət qarşılayır.
 
“AzPolitika.info” bu mövzuyla bağlı Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, istiqlalçı deputat, professor Hacıbaba Əzimovun fikirlərini öyrənib.
 
Muxalifet.az müsahibəni təqdim edir:
 
– Hacıbaba müəllim, son aylar ölkənin idarəçiliyində müəyyən yenilənmə müşahidə edilir. Prezident Administrasiyası başda olmaqla, hakimiyyətdə ciddi struktur və kadr dəyişiklikləri baş verib. Sizin bu addımlara münasibətiniz necədir?
 
– Bütövlükdə götürəndə bu dəyişikliyi pozitiv dəyərləndirirəm. Amma bütün bunlar əslində gecikmiş dəyişikliklərdir. Mən, zamanında rəhmətlik Heydər Əliyevə bir neçə səhifədən ibarət müraciətlər etmişəm, idarəçilikdə olan qüsurları qeyd etmişəm. Həmçinin, siyasətin ruhunun dəyişdirilməsini təklif etmiş, bildirmişəm ki, ölkədə elm və təhsil sistemi pozulub. Və bunu pozanların da adlarını yazmışam. Yəni gördüyüm qüsurları, səhvləri hər zaman açıq demişəm.
 
Son vaxtlar işində ciddi qüsurlara, hətta cinayət əməllərinə yol vermiş müəyyən adamların vəzifələrdən götürülməsi, onların yeni gənc kadrlarla əvəz edilməsi müsbət prosesdir. Amma yeni təyin olunmuş adamların saf, təmiz, vətəni sevən, milli təfəkkürlü insanlar olub-olmadığı sualları yaranır. Mən bu barədə qəti söz deyə bilmərəm, çünki yeni simaların əvvəlki fəaliyyətlərindən çox az məlumatlıyam. Ancaq arzum odur ki, bu şəxslər mən dediyim istiqamətdə düşünən, çalışan insanlar olsun, milli müstəqil dövlətçiliyimizə, vətənimizə sədaqətlə xidmət etsinlər, hansısa xarici kəşfiyyat idarələrinin anti-Azərbaycan planlarının icrasında iştirak etməsinlər.
 
Bunları mən nə üçün deyirəm? Çünki belə halların baş verdiyini müşahidə etmişəm. Məsələn, mən dəfələrlə partiyaların yığıncaqlarında, mətbuata, televiziya kanallarına verdiyim müsahibələrdə açıq demişəm ki, Əli Həsənov (PA-nın sabiq şöbə müdiri-red.) Azərbaycan xalqına, dövlətçiliyinə xidmət etmir. Mən bunu əsassız yerə deməmişəm. Bilirdim ki, bu belədir. İndi də sübut olundu ki, Həsənov mövcud hakimiyyətə, milli dövlətçiliyə xidmət etmirmiş. Onun ən böyük günahı Azərbaycanı sidqi-ürəkdən sevən, ölkəmizin dövlət müstəqilliyinin əldə olunmasında xidmətlər göstərən, milli dövlətçiliyimizə təmənnasız xidmət edən insanları gözdən salmaqla məşğul olması idi. Onun rəhbərlik etdiyi şöbə tərəfindən idarə olunan qəzet və sayt rəhbərlərinə tapşırıq verilirdi ki, vətənpərvər insanları, milli düşüncəli ziyalıları yaxına buraxmayın, onlardan müsahibə almayın. Qoy, millət onları unutsun. Yəni xalq bilməsin ki, onun ağıllı, vətənpərvər ziyalıları var. Əli Həsənovun məqsədi belə milli düşüncəli insanları xalqa unutdurmaq idi. Ancaq indi xalqımızın taleyüklü problemlərinin həllinə münasibətdə yeni təfəkkür, düzgün yanaşma ortaya qoyulacaqsa, hər birimiz bunu dəstəkləməyə borcluyuq. Mən hakimiyyətdə və ya müxalifətdə olmasından asılı olmayaraq, kimsə vətənimizə və millətimizə ziyan verən hərəkətlərə yol verirsə, onun əleyhinə olmuşam və olacağam.
 
– Korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində bir neçə icra başçısı saxlanılıb, bir nazir müavini həbs edilib. Bu istiqamətdə aparılan işləri necə qiymətləndirirsiniz?
 
– Mən hər zaman fikrimi açıq deyirəm. Həmişə demişəm və yenə də deyirəm ki, uzun illərdir ölkəmiz düzgün, effektiv şəkildə idarə edilmir. Bir çox məmurlar, hakimlər, prokurorluq və polis işçiləri üçün pul, rüşvət hər şeydir, dövlət, qanunlar, Prezidentin tapşırıqları isə heç bir şey. Onlar üçün var olan yalnız puldur, rüşvətdir. Mən dəfələrlə Prezident İlham Əliyevə də məktublarımda bunları faktlar əsasında bildirmişəm, ancaq onu da bilirəm ki, mənim də, başqalarının da yazdıqları ona çatdırılmır.
 
Məsələn, Bakının Abşeron yarımadası boyu sahil ərazilərinin kurort məkanlarında uzun illərdir ki, qanunsuz daş karxanaları fəaliyyət göstərir və onlar zəbt etdikləri əraziləri ekoloji fəlakət zonasına çeviriblər. Şimal küləyi əsəndə Bakı şəhəri bu karxanaların yaratdığı zəhərli toz buludlarına bürünür. Alimlər subut ediblər ki, tozlu hava, ekologiyanın çirklənməsinin, xərçəng və vərəm xəstəliyinin əsas mənbəyidir. Bu daş karxanalarının zəhərli tozu ilə əslində paytaxtımızın əhalisinə qarşı ekoloji soyqırım həyata keçirilir. Bakı Şəhər İcra Hakimiyyətinin, yerli icra, prokurorluq və polis orqanlarının yüksək vəzifəli şəxsləri hansısa maraq müqabilində daş karxanalarının bu cinayət əməllərinə göz yumurlar.
 
Son 3 il ərzində mən bu ümumxalq, dövlət əhəmiyyətli problemin həll edilməsi üçün aidiyyəti üzrə bütün dövlət orqanlarına, məhkəmələrə müraciətlər etmişəm, faktlar və hüquq normaları əsasında subut etmişəm ki, Bakının dövlət torpaqları olan kurort məkanlarında qanunsuz fəaliyyət göstərən daş karxanaları həmin əraziləri ekoloji fəlakət zonalarına çevirib. Lakin rüşvət və korrupsiyaya qurşanmış vəzifəli şəxslər özlərini karlığa və korluğa vuraraq heç bir tədbir görmürlər. Hazırda rüşvət və korrupsiya xərçəng xəstəliyi kimi bütün ölkəni bürüyüb. Fikrimcə, bir-iki nəfər icra başçısını və başqa məmuru həbs etməklə bu xəstəliyin qarşısını tam almaq mümkün deyil. Bunun bir səbəbi də odur ki, Prezident Administrasiyasında uzun illər ərzində vətəndaşların müraciətləri üzrə şöbənin müdiri vəzifəsini tutan Süleyman İsmayılov Prezidentə və Prezident Administrasiyasına yazılan bütün şikayətləri elə günahkar vəzifəli şəxslərin özünə göndərir və onlar da həmin müraciətləri zibil qutusuna atıb, heç bir tədbir görmürlər. Dəfələrlə olub ki, vətəndaş icra başçısına ondan şikayət edəcəyini, Prezidentə yazacağını bildirib. İcra başçısı da deyib ki, kimə istəyirsən yaz. Niyə belə deyir? Bilir ki, Prezidentə və başqa rəhbər şəxslərə yazılan şikayətlərin heç biri öz ünvanına çatmır və hamısı qayıdır şikayət olunan orqanın özünə. Belə hallar məmurların, digər vəzifəli şəxlərin özbaşınalıq etməsinə, insanların hüquqlarını pozmasına, rüşvət və korrupsiyanın güclənməsinə səbəb olur.
 
Belə hesab edirəm ki, rüşvət və korrupsiyaya qarşı mübarizənin ən asan və effektiv yolu Prezident Administrasiyasında şikayətlərin təxirə salınmadan araşdırılmasını həyata keçirən Operativ Qərargahın yaradılması ola bilər.
 
– Hacıbaba müəllim, daş karxanalarından, ekoloji durumdan və bunun insanlara dəhşətli təsirindən danışdınız. Ancaq belə hesab edilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Muxtar Babayev rəhbər gəldikdən sonra xeyli yaxşı işlər görülüb…
 
– Muxtar Babayev nazir təyin edildikdən sonra onunla görüşmüşəm. Ondan əvvəl Azərbaycanın təbiətini, ekologiyasını məhv ediblər. Mən bu barədə faktlarla əsaslandırılmış 14 səhifləlik sənədi nazirə şəxsən təqdim etdim. Məqsədim nazirlikdə kök salmış və uzun illər ərzində ölkəmizin təbiətinin məhv edilməsində əli olan vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasına nail olmaq idi. Məsələn, bu nazirlikdə nazir müavini Novruz Quliyev idi. Bu yaxınlarda yaşına görə işdən çıxarılıb. Əslində, işdən çıxarmaqla onun əməllərini ört-basdır ediblər. Başqaları da var.
 
Bu səbəbdən də deyirəm ki, 5-10 icra başçısını, məmuru həbs etməklə ölkədə uzun illər ərzində yığılıb qalmış problemləri aradan qaldırmaq mümkün görünmür. Problemlər o zaman həll oluna bilər ki, şikayətlərə ciddi baxılsın, onlar hərtərəfli araşdırılsın və ortaya çıxan neqativ faktlara görə məsuliyyət tətbiq edilsin.
 
– Belə iddialar var ki, saxlanılan məmurların hamısı bir müddət əvvəl işdən kənarlaşdırılan “köhnə qvardiya”ya yaxın kadrlardır. Və bu qrup müqavimət göstərməyə, görülən işlərə kölgə salmağa çalışa bilər…
 
– Nəzərə alınmalıdır ki, Prezidentin özü hər şeyə nəzarət edə bilməz. Bu, fiziki baxımdan mümkün deyil. Prezidentin Administrasiyası, onun şöbələri, aparatı var. Onlar işləməlidirlər. Amma işləməyib öz biznesləri ilə məşğul olanda nəticəsi pis olur. Dəfələrlə demişəm ki, mövcud hakimiyyətin düşməni müxalifət yox, yaramaz, oğru, rüşvətxor şəxslərdir. Əgər indi vəzifə borcunu icra etməyən, dövlətə və xalqa qarşı cinayət əməlləri törədən vəzifəli şəxslərin qarşısı alınarsa, sözsüz ki, hər birimiz bu prosesi müdafiə edəcəyik. Prezident özü çıxışında bildirdi ki, müxalifət nöqsanları daha yaxşı görür. Mən də təklif edirəm ki, bu müsahibədə səsləndirdiyim faktları və tənqidi fikirləri Prezidentə çatdırsınlar.
 
Mən heç vaxt şəxsi maraqlarımdan çıxış etməmişəm, qaldırdığım məsələlər də cəmiyyət və ölkə əhəmiyyətli olub. Mənim kimi adamlar çoxdur. Belə adamların dediklərinə diqqətlə qulaq asmaq, deyilənləri araşdırıb müvafiq tədbirlər görmək lazımdır. “Bunlar müxalifətdir, hakimiyyəti sevmədiyi üçün belə deyirlər” – fikrini təlqin edənlər isə əslində anti-milli ünsürlərdir. Biz istəyirik ki, bizim tənqidi fikirlərimizə diqqət yetirilsin, göstərdiyimiz cinayət xarakterli fəaliyyətlərin qarşısını almaq üçün zəruri tədbirlər görülsün, vətəndaşların hüquqlarının pozulmasına, insanların siyasi mövqeyinə görə qəsdən saxta iddialarla həbsxanalara salınmasına son qoyulsun. Əgər həqiqətən göstərilən sahələrdə real, pozitiv dəyişikliklər həyata keçirilərsə təbii ki, biz də bu tədbirləri müdafiə edəcəyik.
 
– Bu yaxınlarda siyasi partiyalarla görüşlər keçirildi, müzakirələr aparıldı, bəzi partiyalar dövlət qeydiyyatına alındı. Siz bu prosesdə iştirak etmisinizmi və bu addımlara münasibətiniz necədir?
 
– Bütün qeydiyyatı olan partiyalar Prezident Administrasiyasına dəvət olunub. Prezidentin yeni köməkçisi və administrasiyanın şöbə müdiri Ədalət Vəliyevlə tanışlıq görüşü keçirilib. Sonradan pandemiya məsələsi ortaya çıxdı və proses dayandı. Mən şəxsən burada səsləndirdiyim fikirlərin bir hissəsini görüşdə demişəm, tənqidi fikirlərimi səsləndirmişəm. Ədalət müəllim də, özü üçün qeydlər götürüb. Mənim xoşuma gələn o oldu ki, Ə.Vəliyev bir dəfə də olsun demədi ki, yox, siz dediyiniz kimi deyil, hər şey əladır. Fikrimcə, bu, təqdir ediləsi haldır. Hiss etdim ki, bu adam səmimi şəkildə siyasi partiyalarla dialoq aparılmasını, ölkəmiz üçün xeyirli işlər görülməsini istəyir.
 
Bu təmaslardan sonra bir neçə partiya da dövlət qeydiyyatına alındı. Məncə, bu da müsbət hadisədir. Amma söhbət təkcə qeydiyyatdan getməməlidir. Siyasi partiyalarla bağlı dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirməli, onların normal fəaliyyəti üçün şərait yaratmalıdır. Lakin müxalifət mövqeyindən çıxış edən partiyalar üçün heç bir şərait yaradılmayıb, əksinə, onlara qarşı daim təzyiq və təqiblər həyata keçirilib.
 
Bizim partiyanın 1993-ci ilin yanvar ayından qeydiyyatı var. Nə olsun? Separatizmə qarşı mübarizə apardığıma, dövlətçiliyimiz üçün yüksək ixtisaslı, vətənsevər milli kadrlar hazırladığıma görə Rusiya və İran kəşfiyyatının istəyi əsasında məni qurucusu və ilk rektoru olduğum universitetin rəhbəri vəzifəsindən kənarlaşdırdılar. O zaman nazir Lidiya Rəsulovanı məcbur etdilər ki, mənim əmrimi versin. Nazir buna müqavimət göstərdi, bildirdi ki, Lənkəran Dövlət Universitetini Hacıbaba müəllim yaradıb, orada yüksək təhsil var və s. Amma dedilər ki, icra başçısı ilə yola getmir və bu iki nəfərdən biri getməlidir. Beləcə naziri məcbur etdilər ki, mənim rektor vəzifəsindən azad edilməyim barəsində əmr versin. Sonra da L.Rəsulova özü ərizəsini verib nazir vəzifəsindən getdi. Yəni bu formada etirazını bildirdi. Bu da həqiqətdir ki, Azərbaycanda Lidiya Rəsulova kimi saf və ədalətli rəhbər işçi, nazir olmayıb.
 
Başqa bir fakt deyim. Uzun illər Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov olub. O, çox saf, ləyaqətli, korrupsiyadan uzaq adam idi. Zakir Qaralov onu çıxardı və yerinə Gəncənin prokurorunu gətirdi. Demək istəyirəm ki, yaxşı kadrlar az da olsa olub və var. Amma belələri də Zakir Qaralov kimi vəzifə sahibləri tərəfindən kənarlaşdırılıb. İmkan verməyiblər ki, dövlətə və dövlətçiliyə fayda gətirəcək savadlı və vətənpərvər insanlar yüksək vəzifələrdə qalsınlar. Min tələ quraraq onları işdən uzaqlaşdırıb, yerinə özləri kimilərini gətiriblər. Diqqət edin, icra başçısını həbs edirlər və məlum olur ki, oğlunun biri prokuror, digəri hakim vəzifəsində çalışır. Bu zərərli praktika aradan qaldırılmalıdır və hakimiyyətdən bu hallara son qoyulması tələb edilməlidir.
 
Son vaxtlar Zakir Qaralov kimilərin vəzifələrindən kənarlaşdırılması, bəzilərinin haqlı olaraq həbs edilməsi çox müsbət haldır. Zamanında Stalin deyirdi ki, kadrlar hər şeyi həll edir. Bu sözdə hikmət var. Bəli, kadrlar düzgün seçilərsə, ölkəyə çox xeyir verə bilərlər. Azərbaycanda cavan, ləyaqətli, yüksək təhsilli, vicdanlı və dövlətə sədaqətlə xidmət edə biləcək kadrlar var. Bu qəbildən olan mütəxəssisləri irəli çəkmək lazımdır.