​Leqal kəşfiyyatın bütün əlamətləri: agentlik, yoxsa, agentlik?

Marqarita Simonyanın mediaimperiyasına daxil olan Rusiya informsiya resursları – “Russia Today” və “Sputnik” dünya qalmaqllarının mərkəzindədirlər. Bu KİV-lərə qarşı soyuqluq və onların başqa ölkələrin daxili auditoriyalarına təsirinin qarşısının alınması cəhdləri edilir.
ABŞ-da və bir sıra Qərbi Avropa ölkələrində “Russia Today” və “Sputnik” agentliklərini KİV-in meyarları, maraqları və imkanları çərçivəsindən çıxmaqda ittiham edirlər.
Bu fonda “Sputnik” Azərbaycanda heyrətamiz dərəcədə güclənməkdə və təsir şəbəkəsini genişləndirməkdədir, bazası Moskvada yerləşən sanballı maliyyə resurslarına və texniki imkanlara malikdir. Faktiki olaraq, Müasir Azərbaycan tarixində ilk dəfədir ki, ölkəmizdə fəaliyyət göstərmək üçün əcnəbi agentliyə bu cür rahat şərait yaradılıb.
Bununla bağlı sual yaranır: yerli KİV-lər nüfuzlu və imkanlı, tədricən ölkənin informasiya məkanını ələ keçirən və burada öz kadrları şəbəkəsini yaradan “Sputnik” ilə rəqabət aparmağa qabildirlərmi və bu, Azərbaycanın informasiya təhlükəsizliyinə də digər sahələrdəki təhlükəsizliyə təhdid deyilmi?
Azərbaycan bir çox başqa ölkələrdən fərqli olaraq, Rusiyanın maraqlarını tapdalamamağa çalışır, ikitərəfli münasibətlərin müsbət cəhətlərini nəzərə alır, lakin biz riskləri və daim dəyişən geosiyasi reallıqları istisna edə bilmərik. Üstəlik, erməni amili Rusiya təsirinin bütün prioritet sahələrinə nüfuz eləyib. O cümlədən, “Sputnik”in baş redaktoru Marqarita Simonyanın adı artıq dəfələrlə Azərbaycana qarşı təxribatçı əməllərdə hallanıb.
Bu yaxınlarda, birillik fasilədən sonra, “Novosti-Azərbaycan” agentliyi öz işini bərpa edib. Bu agentlik əvvəllər “Sputnik”ə alternativ kimi idi, ölkənin informasiya məkanında güc nisbətini tarazlayırdı və imkan daxilində, bu Rusiya KİV-nin, o cümlədən, onun Bakı filialının iş sistemində özünü göstərən erməni sətiraltılarını neytrallaşdırırdı.
Lakin hazırda, “Novosti-Azərbaycan”ın komandası dəyişilib, onun işi barəsində hökm vermək hələlik tezdir. Lakin burada ən mühüm olanı – həm Moskva, həm də Bakı rəhbərliyinin əlləri uzun olan “Sputnik” agentliyinin əlavəsinə çevrilməməsidir.

Muxalifet.az