​Lenin yenə Rusiyanı "qarışdırdı" - TƏKLİFLƏR

Son günlər Rusiyada Leninin meyitinin dəfn olunması mövzusunda müzakirələr artmağa başlayıb. Dünya mediası meyitin dəfn edilib-edilməyəcəyini izləyir.
Çeçenistanın rəhbəri Ramzan Kadırovun səsləndirdiyi fikrə dəstək olaraq, Dövlət Dumasının deputatı Natalya Poklonskaya da Leninin dəfn edilməsinin tərəfdarı olduğunu bildirib:
"Ramzan Kadırov haqlıdır. Artıq onu dəfn etmək lazımdır. Paytaxtın mərkəzi meydanında meyitə baxmaq heç də tarixi qorumaq demək deyil. Bir insanı eksponat kimi saxlamaq insanlıqdan da kənar bir şeydir. İnanmıram ki, cəmiyyət buna narazılıq etsin. Amma yenə də, son sözü ölkə başçısı deyəcək".
O əlavə edib ki, cəsədin basdırılması haqqında rəsmi qərar verilərsə, keçmiş səhifələr bağlanacaq və Rusiyanın tarixində yeni inkişaf mərhələsi başlayacaq.
Xatırladaq ki, Çeçenistan rəhbəri Ramzan Kadırov ötən gün verdiyi açıqlamda, Leninin çoxdan dəfn olunmalı olduğunu vurğulamışdı:
"Elmi tədqiqat institutu Lenin nəşi üzərində araşdırmalar aparır. Rusiyanın mərkəzi hesab olunan Qırmızı Meydanda içərisində meyit olan bir tabutu 24 saat ərzində mühafizəçilər qoruyur. Moskvanın mərkəzində uzun illərdir davam edən bu hal mənə görə yanlışdır”./publika.az/