Lavrovdan İrəvanda QARABAĞLA BAĞLI MÜHÜM MESAJ: "Problem mürəkkəbdir, danışıqlar tezliklə başa çatmayacaq”

"Biz həmsədr kimi amerikalı və fransalı həmkarlarımızla birlikdə müvafiq tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üçün şəraitin yaradılması istiqamətində səylərimizi davam etdirəcəyik".
Muxalifət.az  xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Danışıqlarla bağlı təcrübəmiz göstərir ki, onlar tezliklə başa çatmayacaq”, – deyən Rusiya xarici işlər naziri Sergey Lavrov  bildirib ki, 2007-ci ildən etibarən münaqişənin həlli ilə bağlı bütün komponentlər bir sıra sənədlərdə öz əksini tapıb:“O zaman, həmçinin 2009 və 2011-ci illərdə olan sənədlər ATƏT baş katibinə məruzə edilib. Bunlar həmsədrlərin təklifləri kimi masa üzərindədir və paket şəklindədir. Bunlardan bir və ya ikisini götürmək və demək ki, gəlin bu istiqamətdə müzakirə aparaq, çətindir. Çünki o zaman balans itir. Belə olan halda istəyimiz nəticəni verməyəcək. Hər iki ölkə prezidenti ötən ay Cenevrədə baş tutan görüşü müsbət qiymətləndirib. Çox yaxşı olardı ki, bu pozitiv yanaşma bizə münaqişənin həlli istiqamətində irəliləmək üçün kömək etsin”.
Lavrov qeyd edib ki, həmsədrlər bu istiqamətdə iş aparır: “Moskvada həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrılıqda görüşü oldu. Biz hazırda amerikalı və fransalı həmkarlarla birlikdə bu istiqamətdə hazırda hansı vəziyyətdə olduğumuzu təhlil aparacağıq. Çalışacağıq ki, münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün səylər göstərək. Mən xüsusi optimizm nümayiş etdirmək istəmirəm. Problem mürəkkəbdir, danışıqlarla bağlı təcrübəmiz göstərir ki, onlar tezliklə başa çatmayacaq”.
O, ermənistanlı həmkarına ötən gün Bakıda bu istiqamətdə apardıqları danışıqlar barədə məlumat verdiyini bildirib./apa/