Lavrov niyə “Tayvan Çin torpağıdır” dedi... – MOSKVA PEKİNİ 3-CÜ DÜNYA SAVAŞINA SÜRÜKLƏYİR?

Baxış sayı:
1258

Strateji tərəfdaşlar - Moskva və Pekinin qlobal geosiyasi problemlərlə bağlı mövqelərini daha da koordinasiya etməyə çalışmaları fonunda, Rusiyanın "müstəqil" Tayvanın Çinin ayrılmaz bir hissəsi olduğunu söyləməsi haqda verdiyi bəyanat diqqəti cəlb edir.

Qafqaz.media xəbər verir ki, Rusiyanin bu mövqeyini oktyabrın 12-də Qazaxıstanın paytaxtı Nur-Sultana səfəri zamanı xarici işlər naziri Sergey Lavrov bildirib.

"Rusiya, digər ölkələrin böyük əksəriyyəti kimi, Tayvanı Çin Xalq Respublikasının bir hissəsi hesab edir", - deyə Lavrov bildirib. Bəs, bu sözlər sadəcə Çinin "xoşuna gəlmək", yaxud "Pekinin könlünü xoş etmək" üçün deyilmiş gəlişigözəl ifadələrdirmi? Üstəlik, Lavrov əlavə edib ki, "Xarici siyasətimizdə bu mövqedən irəli getdik və bundan sonra da gedəcəyik".

Bu gün Vatikan da daxil olmaqla, yalnız 14 ölkə Taipei ilə diplomatik əlaqələrə malikdir. Hətta ABŞ belə, 1979-cu ildə Pekinin tanınmasından sonra, vətəndaş müharibəsindəki kommunist qələbəsinin millətçiləri Tayvan Boğazından keçərək materikdən qaçmağa məcbur etməsindən 30 il sonra ada ölkəsi ilə qeyri-rəsmi əlaqələr saxladı. Bu gün Çin və Rusiya hər zamankındən daha yaxındır və bu il münasibətlərini əhəmiyyətli dərəcədə dəyişdirən 2001-ci ildə "Yaxşı Qonşuluq, Dostluq və Əməkdaşlıq Sazişi"nin imzalanmasının 20 ili tamam oldu. İki dövlət arasındakı əlaqələr son illərdə xüsusilə də artdı, çünki hər ikisi ortaq rəqibi ABŞ ilə üz-üzə gəlməkdə ümumi dil tapa bildi.

Vaçinqtonun son zamanlar nəzərini Asiya-Sakit Okean bölgəsinə çevirməsi səbəbindən, xüsusən də keçmiş prezident Donald Trampın getməsindən sonra Lavrov və digər Rusiya rəsmiləri ABŞ-ın Avstraliya, Hindistan, Yaponiya ilə "azad və açıq Hind-Sakit okean bölgəsi" bayrağı altında koalisiya yaratmasını daha çox tənqid etdilər. Lavrov bu yaxınlarda Qərbin bu cəhdlərinə qəti etirazını bildirdi.

"Hind-Sakit okean konsepsiyası, təhlükəsizliyin bölünməzliyinə,  hörmət edilməsinə əsaslanan sistemi pozmaq məqsədi daşıyır", - deyən Lavrov keçən həftə müdafiə və xarici siyasət mövzusunda konfransda "əsas məqsədlərinin Çini durdurmaq  olduğunu” açıq şəkildə bəyan etdi.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian bir neçə gün sonra Lavrovun çıxışını müsbət qiymətləndirdi. O, eyni zamanda oktyabrın 11-də Rusiya hərbi mütəxəssisi İvan Konovalovun ABŞ dəniz qüvvələrinin və onların ortaqlarının Cənubi Çin dənizində ABŞ sualtı qayığının indiyə qədər naməlum obyektlə toqquşmasından sonra Asiya-Sakit Okean bölgəsindəki davranışları ilə bağlı tənqidlərini açıq şəkildə dəstəklədi.

Sözügedən mətbuat konfransında Çjao "Vaşinqtonun Avropada Moskvaya qarşı yaramaz hərəkətləri”ni tənqid etdi və "Şimal axını 2" - Rusiya-Almaniya qaz kəmərinə qarşı çıxılmasını “qərəzli olması”na toxundu.

Öz növbəsində Lavrov da keçən həftənin sonunda ABŞ-ın Rusiya ilə Avropa güclərini bir-birinə qarşı "açıq şəkildə" üz-üzə qoyduğunu söylədi və Çjao fürsətdən istifadə edərək  Moskvanın mövqeyini dəstəklədi.

"Hamıya məlumdur ki, “Şimal axını 2” layihəsi Rusiya ilə Avropa arasında enerji mübadiləsinin tamamlayıcı mahiyyətini nümayiş etdirir və Avropanın enerji böhranının həllinə kömək edəcək. Bununla belə, ABŞ öz geosiyasi ambisiyalarından və Avropa enerji bazarını inhisara almaq istəyindən çıxış edərək, Rusiya və Avropanın maraqlarına xələl gətirmək və əməkdaşlığına mane olmaq üçün müvafiq layihələri ləngitmək və pozmaq səylərini əsirgəmir. Amma bu, geniş beynəlxalq dəstək almır”, - Çjao dedi. Ardınca isə ABŞ-ın bu mövqeyini, Asiya-Sakit Okean bölgəsindəki yanaşmaları “Şimal axını 2” boru kəməri ilə əlaqələndirərək, "ABŞ məsələləri hər üsulla siyasiləşdirməyi bacarır və müttəfiqləri-tərəfdaşları da öz şəxsi maraqları naminə başqalarına zərər verəcək", - deyə vurğuladı.

Onu da qeyd edək ki, bütün bunların fonunda son vaxtlar Pekin və Moskvanın Vaşinqtonla münasibətləri ciddi şəkildə pisləşsə də, həm Rusiya, həm də Çin aparıcı dünya dövləti ilə əlaqələrini sabitləşdirməyə çalışır. Belə ki, üzdə düşmən obrazı ilə bir-birinin kölgəsini qılınclayan Vaşinqton ilə Pekinin yüksək çinli rəsmiləri İsveçrədə bir araya gəldilər və "gözdən uzaq" görüş keçirdilər. Bu barədə "South China Morning Post" İsveçrədə gizli keçirilən görüşü üzə çıxardı. Görüşə ABŞ tərəfdən Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə Çin Kommunist Partiyası təmsilçisi Yanq Jieçi qatılıb. 6 saat sürən görüşdən sonra iki böyük güc arasında gərginlik yumşalsa da, ciddi irəliləmə qeyd edilməyib.

Oktyabrın 12-də Rusiya XİN müavini Sergey Ryabkovun Moskvada ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşü baş tutdu. Əslində, bu görüş 2021-ci il 16 iyunda Cenevrədə Bayden-Putin arasında razılaşdırılmışdı. Bildirildiyinə görə, görüşdə Rusiya tərəfi bir-birinin diplomatik nümayəndəliklərinə qarşı qarşılıqlı sanksiyaları ləğv etmək haqda müəyəyn anlaşma əldə edib.

Rusiya tərəfinin Tayvan məsələsində Çinin tərəfində olduğunu bəyan etməsinə gəlincə, rəsmi Pekin tərəfindən "Dünyada yalnız bir Çin var və Tayvan bölgəsi Çin ərazisinin ayrılmaz hissəsidir, Çin Xalq Respublikası hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir" mövqeyi dəfələrlə səsləndirilmişdir.

Çjao bu dəfə də bildirdi ki, "bu, bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan fundamental faktdır. Vahid Çin prinsipinə olan bağlılığımız dəyişməz qalacaq və "iki Çin", "bir Çin, bir Tayvan" və "müstəqil Tayvan" dan imtina etməyimiz dəyişməz olaraq qalır və mübahisə mövzusu deyil. Milli suverenliyi və ərazi bütövlüyünü qorumaq əzmimizdir. Çin Xalq Respublikası sarsılmazdır".

Çjao daha sonra əlavə etdi: "İnanırıq ki, Çin hökümətinin və Çin xalqının milli suverenliyini, ərazi bütövlüyünü qorumaq, separatçılığa qarşı çıxmaq və Çinin yenidən birləşməsinə nail olmasının ədalətli əsasları BMT və üzv dövlətlərdən anlayış və dəstək almağa davam edəcək". Göründüyü kimi, Çin Tayvanı "ana Çinin qucağına" qaytaracağına ürəkdən inanır və bu arzuya doğru addımlamaq üçün dəstək axtarır.

Sonda isə deyək ki, Lavrov "Tayvan Çin torpağıdır" deyərək Putin-Co Bayden anlaşmasına uymaqla, Çini 3-cü dünya müharibəsinə doğru sürükləməyə başlayır. Bu səbəbdən, Çinin özünü Tayvana hücum etməyə tam hazır hiss etməsinin psixoloji təməlləri də hazırlanmalıdır ki, bunu da Rusiya ABŞ-la anlaşması çərçivəsində yerinə yetirəcək. Eynən rusların Hitler-Stalin arasında "hücum etməmək" paktı yönündə taktika tətbiq ediləcək və Moskva Çini savaşa soxduqdan sonra, onları satacaq. Kreml Çinin işğalı gedişində koalisiyaya qoşulub, bu işğalda yer alacaq.