​Lavrov Bakıya Qarabağa dair hansı planla gəlir?

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvaya səfərlərinin ardınca onların rusiyalı həmkarı Sergey Lavrov Bakıya və İrəvana səfər edəcək. Virtualaz.org xəbər verir ki, bu məlumat Ermənistan mətbuatında yer alıb.
Məlumata əsasən Sergey Lavrov noyabrın 19-da Bakıya səfər edəcək, ertəsi gün isə İrəvana yollanacaq. Bu səfərin birbaşa Qarabağ nizamlanması ilə əlaqəli olduğu bildirilir.
Ermənistan XİN-in məlumatına görə bu ölkənin xarici işlər naziri Edvard Nalbəndyan bu gün Moskvaya səfər edəcək və Minsk Qrupunun həmsədrləri ilə görüşəcək. Onun Srgey Lavrovla ayrıca görüşü də nəzərdə tutulur. Məlumatlara görə Nalbndyanın ardınca Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya gedəcək. Onun da Minsk Qrupu həmsədrləri və Rusiya xarici işlər naziri ilə görüşləri nəzərdə tutulub.
Lavrov isə bu təmasların ardınca Azərbaycana və Ermənistana səfər edəcək. Ehtimal edilir ki, Rusiya xarici işlər naziri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ilin sonlarına planlaşdırılan (ehtimal ki, bu görüş ATƏT xarici işlər nazirləri Şurasının iclası çərçivəsində baş tutacaq) görüşünün gündəmi ilə bağlı müzakirələr aparmaq istəyir.
Lakin əlbətdə ki, bu Lavrovun səfərinin ehtimal olunan səfərlərindən biridir. Rusiya xarici işlər naziri daha ağırçəkili fiqurdur və əgər o, Moskvada azərbaycanlı və erməni həmkarları ilə müzakirələrin ardınca Bakıya və İrəvana gəlməyə hazırlaşırsa deməli dövlət başçıları ilə Qarabağ nizamlanmasına dair müzakirə olunmalı mühüm məsələlər var. Çox güman ki, bura Minsk Qrupu həmsədrləri adından tərəflərə hansısa yeni nizamlama proqramının təqdim edilməsi də daxildir.
Rusiya hazırda Qarabağ nizamlanmasında əsas söz sahibidir, lakin formal olaraq vasitəçilik səylərini digər həmsədrlərlə uzlaşdırır. Lavrov Bakıya və İrəvana hansı yeni təkliflər, yaxud nizamlama proqramı gətirə bilər, bu barədə məlumatlar yoxdur. Ancaq neçə vaxtdır ki, gündəmdə Rusiyanın “5 rayonun qaytarılmasını” nəzərdə tutan təklifləri barədə mövzu qalmaqdadır. Deyilənlərə görə Azərbaycanın qarşısında şərtlər qoyulur ki, 5 rayonun əvəzində Avrasiya İttifaqına və KTMT-yə qoşulsun...