Lavrov: ABŞ koalisiyasının hərəkətləri İŞİD-lə koordinasiya olunur

Baxış sayı: 141

Rusiyanın baş diplomatı Sergey Lavrov İŞİD-ə qarşı qurulan koalisiya qüvvələrinin Rakka yaxınlığında Suriya ordusuna aid təyyarəni vurmasını şərh edib.
 
 Nazir deyib ki, ABŞ-ın liderliyində qurulan koalisiya Suriyada fəaliyyətini koordinasiya etməli və bu kimi hərəkətlərdən qaçmalıdır.
Dünən Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanata görə, iyunun 18-də İŞİD-lə mübarizə üçün havaya qaldırılan qırıcı təyyarə vurulub.
“Bu hadisə koalisiya qüvvələrinin hərəkətlərini İŞİD-lə koordinasiya etdiyinin bir təsdiqidir”, - deyə Müdafiə Nazirliyinin şərhində qeyd edilib.
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı isə hadisəyə dair şərhində qeyd edib ki, Suriya rejimi SU-22 döyüş təyyarəsi ilə Tabka mahalının cənubunda Demokratik Suriya Qüvvələrinə zərbələr endirməyə başlayıb. Bu səbəbdən də ABŞ-ın F/A-18 Hornet təyyarəsi SU-22 qırıcısını saat 18:43-də vuraraq yerə salıb.
Çinin paytaxtı Pekində danışan xarici işlər naziri Lavrov isə deyib ki, Suriyada olanlar haqqında danışsaq, ilk olaraq bu ölkənin müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır: “Suriya ərazisində hər hansı bir hərəkət zamanı Suriya hökumətinin razılığı alınmalıdır”.
Rusiya, İran və Türkiyənin Astana prosesi çərçivəsində təklif və cəhdlərinin Suriya hökuməti ilə razılaşdırıldığını vurğulayan Lavrov hesab edib ki, bütün tərəflər bu cür davranış sərgiləməlidir.