“Land Cruiser”lə gəldilər, dərhal silah çəkdilər...” - AZƏRBAYCANLI QULDURLAR UZAQ SİBİRDƏ ATƏŞ AÇIR, 1 ÖLÜ, 2 YARALI

Baxış sayı:
5179

Rusiyanın Yamal-Nen Muxtar Vilayətində ötən gün baş vermiş və bir azərbaycanlının ölümü, ikisinin ağır yaralanması ilə nəticələnmiş atışmanın sensasion təfərrüatları məlum olub. virtualaz.org xəbər verir ki, bu atışmada ölən Aqşin Həsənov, yaralananlar isə onun qohumları-Yalçın və Mais adlı qardaşlardır.

Rusiya KİV-ləri muxtar vilayətin Nadım şəhərində baş vermiş bu hadisəni iki azərbaycanlı quldur qruplaşması arasında biznes maraqları üstündə baş vermiş kriminal “razborka” adlandırmışdı. Amma münaqişənin hansı səbəbdən yarandığı, atəşi açanların kimlər olduğu məlum deyildi.

Nadımda baş vermiş atışmada xəsarət almış Yalçın Məmmədov yerli “Novıy den” (“Yeni gün”) agentliyinə hadisənin səbəbləri barədə danışıb. Həmin hadisə nəticəsində onun qohumu qətlə yetirilib, özü və qardaşı isə ağır yaralanıblar.

 

Onun sözlərinə görə, atəş açanlar yerli etnik mütəşəkkil cinayət qrupunun üzvləri kimi tanınan Axundov qardaşları olub. Səbəb isə, Yalçının sözlərinə görə, xəsarət alan ailənin onlara xərac ödəməkdən imtina etməsidir.

O əlavə edib ki, hər şey Axundov qardaşlarının onu söhbətə çağırmasından sonra başlayıb.

“Dörd nəfər gəlmişdilər – Cəmil və Qaraş Axundovlar və onların cangüdənləri. “Toyota Land Cruiser” avtomobilindən düşdülər. Söhbət olmadı, maşından çıxan kimi silah götürüb atəş açdılar. Özü də düz hədəfə vururdular”, - Yalçın deyib.

Yaralı danışıb ki, qardaşları ilə birlikdə həmin görüşə silahsız gəlmişdi. Yalçın iddia edir ki, qruplaşma şəhərdə fəaliyyət göstərən sahibkarlardan 2000-ci illərin əvvəllərindən xərac alır və “polisdən qorxmur”.

“Biz kasıb ailə sayılmırdıq, lakin iki il əvvəl onlara xərac ödəməkdən imtina etmişik. Dedim ki, bu düzgün deyil. Şəhərdə artıq söz-söhbət gəzir ki, qruplaşmanın rəhbəri cəzasız qalacaq, çünki kimsə atəş açdığını deyib, onun günahını öz üzərinə götürəcək”, - Məmmədov deyib.

O vurğulayıb ki, məşqçidir, uşaqlarla məşğul olur və heç vaxt əlinə silah götürməyib.

Xatırladaq ki. hadisə dekabrın 1-də baş verib. Atışmada Azərbaycandan gəlmiş miqrantlar iştirak edib. Hadisə iştirakçılarından biri öldürülüb, daha ikisi ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Ölən Aqşin Həsənov münaqişədə olan qruplaşmalardan birinin başçısı olub. Sərbəst güləş üzrə iki məşqçi – Yalçın və Mais Məmmədov yaralanıblar. Atışmada şübhəli bilinənlərdən biri saxlanılıb.