ƏLAHİDDƏ ÜMUMQOŞUN ORDUSUNDAN ERMƏNİLƏRƏ AĞIR ZƏRBƏ:İRƏVAN-XANKƏNDİ YOLU ORDUMUZUN NƏZARƏTİNƏ KEÇİB!

Baxış sayı:
47236

Mayın 20-də Ermənistan Silahlı Qüvvələrinin təxribatına cavab olaraq, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı bölmələri sürətli əməliyyatla Şərur rayonu istiqamətində strateji baxımdan olduqca əhəmiyyətli yüksəkliyi ələ keçiriblər. Ermənistan tərəfinin aramsız hücumlarına və diversiya hərəkətlərinə baxmayaraq, bölmələrimiz tutduqları mövqedən geri çəkilməyib, qısa zaman ərzində müdafiə-istehkam tədbirləriylə mövqelərini daha da möhkəmləndiriblər.
Strateq.az yerli sakinlərə istinadla xəbər verir ki, Azərbaycan ərazisi olan və vaxtilə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilərək, güclü müdafiə-istehkam qurğularıyla bərkidilmiş hərbi post qurulan bu yüksəkliyin Xüsusi Təyinatlılarımız tərəfindən geri alınması, əslində əhəmiyyətinə görə, 2016-cı ilin aprel uğurlarında qazanılmış nailiyyət qədər önəmlidir.
Belə ki, ərazini yaxşı tanıyan keçmiş hərbçi-sakinin sözlərinə görə, Əlahiddə Ümumqoşun Ordusununun bu yüksəklikdə mövqe tutması bir tərəfdən həm indiyədək Ermənistan Silahlı Qüvvələrinin atəş altında saxladığı Naxçıvanın bir neçə yaşayış məntəqəsinin təhlükəsizliyini təmin etməyə imkan verir, o biri tərəfdən və ən əsası, İrəvandan Xankəndinə gedən 330 km-lik əsas magistral yolun önəmli hissəsi tam şəkildə Ordumuzun nəzarəti altına düşmüş olur.
 
O da bildirilir ki, Naxçıvan istiqamətində belə bir yüksəkliyin itirilməsi hazırda Ermənistan hərbi rəhbərliyində də ciddi məyusluq, narazılıq yaradıb və bu hal son günlər erməni mediasında açıq şəkildə müşahidə edilməkdədir. Yüksəkrütbəli erməni hərbçiləri uğursuzluğun məsuliyyətini bir-birlərinin üzərlərinə atmaqla, bu faktdan daxili intriqalarında istifadə etməkdədilər. Çünki erməni hərbçiləri də yaxşı başa düşürlər ki, dağlıq ərazidə yerləşmiş belə bir strateji postun əldən verilməsi nisbətən açıq sahələrdə mövqe tutmuş digər postların və əlaqə yollarının da nəzarət altına düşməsi deməkdir və onların həmin istiqamətdə daha bir neçə postu əhəmiyyətini itirib artıq. İndi hərbçilərinin həyatını təhlükəyə atmamaq üçün ermənilər həmin mövqeləri də boşaltmaq, geriyə çəkmək məcburiyyətindədirlər…