Kutoyan niyə depressiyaya düşərək, sağa sola atəş edirdi? - YENİ DETALLAR

Baxış sayı:
916
Yanvarın 17-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Georgi Kutoyanın meyiti mənzilində tapıldı. Hadisədən 4 gün keçib və bir çox sual hələ cavablandırılmayıb. Maraqlısı budur ki, bu, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra keçmiş yüksək vəzifəli məmurun bilinməyən şəraitdə ikinci ölüm hadisəsidir.

 

2019-cu ildə Ermənstanın sabiq polis rəisi Hayk Harutyunyanın meyiti aşkar edildi və cinayət işinin üstü hələ də açılmamış qalır. Keçmiş MTX direktorunun cəsədini ilk olaraq arvadı gicgah nahiyyəsində odlu silah yarası ilə aşkar edilib.

Bəzi erməni KİV-ləri yazır ki, Kutoyanla bağlı hadisə ictimaiyyətə açıqlandığı kimi yanvar ayının 17-də deyil, əslində 16-da baş verib.

Erməni mətbuatı “İstintaq baş idarəsinin rəisi Artur Melikyana MTX direktoru ilə baş verən hadisə, sabiq polis rəisi ilə bağlı baş verən hadisənin davamıdırmı”, deyə sorğu göndərib.

“Hazırda bununla əlaqələndirmək üçün heç bir əsasım yoxdur, olsaydı deyərdim”, - deyə Melikyan cavabında bildirib.

Ermənistanın İstintaq Komitəsi hadisə barədə hansı detalları bildirib?

İlkin məlumata görə, 17 yanvar 2020-ci il saat 14:30 radələrində Ermənistan polisinin İrəvan şəhər idarəsinin əməliyyat idarəetmə mərkəzinə siqnal daxil olaraq bildirilib ki, Paruyr Sevak küçəsindəki mənzillərdən birində odlu silahdan açılan atəş nəticəsində Qeorgi Kutoyan intihar edib.

Hadisə üzrə Cinayət Məcəlləsinin 110-cu maddəsinin 1-ci bəndi üzrə cinayət işi açılıb. Hadisə yerinə baxış keçirilib, nəticədə hadisə baş verən otaqdakı divanın qarşısında yerləşən kiçik masanın üzərində 35 ədəd atılan mərminin gilizi və 6 ədəd mərmi aşkarlanıb. Qonaq otağının döşəməsində 7 ədəd giliz və 1 ədəd mərmi, qonaq otağının yanında yerləşən mətbəxin döşəməsində isə əlavə 3 ədəd mərmi aşkarlanıb.

Qonaq otağında Kutoyanın sağ ayağı istiqamətində döşəmədə mərmisiz vəziyyətdə “GLOCK” tipli tapança aşkar edilib. Qonaq otağındakı divanın qarşısında, mətbəxlə qonaq otağını ayıran divarda 41 ədəd, habelə dəlib keçən də olmaqla zədə aşkarlanıb.

İstintaqın əldə etdiyi məlumata görə, 2019-cu il 9 dekabr tarixində Kutoyan Ermənistana geri qayıtdıqdan sonra müvəqqəti ata evində yaşayıb. Ancaq vaxtaşırı Paruyr Sevak küçəsindəki özünə aid olan mənzilinə də gedib.

Eyni zamanda əldə edilən məlumata görə, 2019-cu ilin dekabr ayının sonunda Kutoyan qeyd edilən mənzilə tək başına gedib. Həmin mənzildə spirtli içki qəbul etdikdən sonra qanuni yolla ona aid olan “GLOCK” tipli tapançadan qonaq otağı və mətbəxi ayıran divara 35 nizamsız atəş açıb.

Daha sonra Kutoyanın xahişi ilə onun arvadı atılan mərmilərin gilizlərini və aşkar edilən mərmiləri toplayaraq, divanın qarşısındakı masaya qoyub. İstintaq yolu ilə müəyyən edilib ki, Kutoyan 16 yanvar 2020-ci ildə saat 15:20 radələrində ata evinin yanından taksi ilə Paruyr Sevak küçəsindəki mənzilinə gedib. Öncədən ailəsinə həmin mənzildə 2-3 gün istirahət edəcəyi barədə xəbərdar edib. 2020-ci ilin 17 yanvar tarixində Kutoyanın yaxınları onunla telefon əlaqəsi yarada bilmədiklərinə görə qeyd edilən mənzilə gediblər. Həmin mənzildə Kutoyanın arvadı onun meyitini qonaq otağında divanın üzərində aşkar edib. İlkin araşdırma davam edir.

Taksi sürücüsü nə danışıb?

Erməni KİV-ləri rəsmi məlumatdan əlavə cinayət işi üzrə yeni detallar müəyyən edib. Hüquq mühafizə orqanları tərəfindən ərazidəki kamera görüntülərini müsadirə etdikdən və baxış keçirdikdən sonra müəyyən ediblər ki, Kutoyan qeyd edilən Paruyr Sevak 8/1 ünvanına taksi ilə gəlib. Artıq cinayət işi çərçivəsində həmin taksi sürücüsünün ifadəsi alınıb.

O bildirib ki, 16 yanvar tarixində “Yerevan Mall” da sərnişin düşürüb, küçə ilə dolaşarkən bir vətəndaş taksi saxlatdırıb, bu şəxs elə həmin Kutoyan olub. Taksi sürücüsünün sözlərinə görə, o tək başına olub və onu Paruyr Sevak 8/1 ünvanına aparmağı xahiş edib. Yolda heç bir yerdə saxlatmayıb, sərnişinin davranışlarında qəribə heç bir şey hiss edilməyib. Sakitcə deyilən ünvana gedib.

Arvadına nə məktub yazıb?

Kutoyanı tanıyanlar bilir ki, o sakit adam olub. Heç vaxt spirtli içki istifadə etməklə gözə dəyməyib, içki içən olmayıb. Ancaq ötən ilin sonlarından əsəblərini sakitləşdirmək üçün içkiyə doğru meyilliliyi hiss edilib. Hadisə günü də masada konyak şüşəsi olub.

Əldə edilən məlumatlara görə, Kutoyan hadisədən öncə arvadına şəxsi xarakterli, hadisə ilə əlaqəsi olmayan məktub göndərib.

Arvadı düşünüb ki, yəqin yenə içki təsirindən belə bir ürək ağrılı məktub yazıb. Onu tanıyanlar səssiz, ərindən çəkinən bir erməni qadını kimi təsvir edirlər.

Məlumata görə, instintaq orqanı hələlik ailənin digər üzvlərini dindirməyib. Kutoyanın nizamsız şəkildə sağa sola atəş açmasını və ailəsinin bu barədə susmasının səbəblərini müəyyən edilməsi məqsədilə dindirmə 2 gündən sonra baş tutacaq. Məsələ burasındadır ki, onun arvadından başqa ailənin digər üzvləri də divardakı mərmi izlərini görüblər.

Verilən məlumatlara görə, dindirilən bütün qonşular atəş səslərinin tikinti səsləri olduğunu zənn etdiklərini bildiriblər.

Bildirilir ki, hadisədən bir neçə gün öncə Kutoyanın atasının səhhətində ciddi problemləri olub və onu xəstəxanaya aparıblar. Xəstəxanada anası həkimdən xahiş edib ki, atasının səhhətindəki hər hansı bir pis xəbər haqqında oğluna bildirməsinlər. Buna səbəb kimi, o, oğlunun atası ilə bağlı istənilən problemi ağır qəbul etdiyini əsas gətirib.

Yeri gəlmişkən, əlavə edək ki, hüquq mühafizə orqanları Kutoyanın yaxın dostları olan şəxsləri də dindirilməyə cəlb ediləcəklər. İstintaq orqanı onlarla ünsiyyət zamanı Kutoyanın nə bölüşdüyünü, onu hər hansı bir şeyin narahat edib-etmədiyini, hər hansı bir şeydən depressiyaya düşüb-düşmədiyini müəyyən etməyə çalışır.

Alpər Mövludoğlu