Kütləvi zəhərlənmə səbəbi açıqlandı – Rəsmi

Uşaqların zəhərlənməsi mövsümi xarakter daşıyan virus infeksiyasındandır.
 
Bunu Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev deyib.
Onun sözlərinə görə, hadisənin səbəbi mövsümi xarakter daşıyan, qripə oxşar bir virus infeksiyasındandır:
“Tut, gilas yeyən uşaqlarda bu, daha tez təzahür edir. Onlar mövsümi meyvələri yeyir, üstündən də soyuq su içir. Nəticədə gün vurur, qusma olur. Mövsümi xarakter daşıyan, qripə oxşar bir virus infeksiyası var.
Bu infeksiya bu dövdə fəallaşır. Bu indi yox, hər il olan bir şeydir. İsti olanda fəallaşır. Sonra ötüb keçir. Hadisəni şişirtmək lazım deyil”.
Nəriman Baxşəliyev bildirib ki, hazırda Sumqayıt Şəhər Uşaq Xəstəxanasında 50 uşaq müalicə alır:
“Onların vəziyyəti orta ağır və yüngül formadadırlar. Ağır formalı uşaq yoxdur. Şükürlər olsun ki, ölüm hadisəsi baş verməyib. Vəziyyət stabildir. Bütün dərman preparatları ilə təmin olunub. Xəstəxanada qalan uşaqlar ən çox 3-4 gün qalıb. İyunun 7-dən bu günə qədər xəstəxanaya ümumilikdə 186 nəfər müraciət edib”.
Şöbə müdiri qeyd edib ki, zəhərlənmənin su ilə əlaqəsi yoxdur:
“İnformasiyanın kütləvi zəhərlənmə kimi verilməsi düzgün deyil. Kütləvi zəhərlənmə faktı yoxdur. Su mənbələrindən 2 sutkadan bir analiz götürülür, yoxlanılır. Suda infeksiya olduğu təsdiq olunmayıb. Demək ki, bu problem su ilə bağlı deyil”.
Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev isə bildirdi ki, sudan götürülən nümunənin nəticələri bu gün axşam açıqlanacaq.
Qeyd edək ki, iyunun 10-da H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində yaşayan 186-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. İlkin ehtimal kimi onların sudan zəhərləndiyi bildirilib.
Azərsu Açıq Səhmdar Cəmiyyəti rəsmi açıqlama yayaraq, uşaqlar arasında kütləvi zəhərlənmənin sudan olmadığını bildirib./Teleqraf.com