“Kuryer” canlı efirdə aparıcını soydu - VİDEO

Baxış sayı:
8917

Braziliyanın San-Paulu şəhərində bir qrup silahlı şəxs SOT radiostansiyasının studiyasına daxil olaraq, efirdə olan aparıcı və qonaqları qarət edib.
Lenta.ru-nun verdiyi xəbərə görə, kuryoz soyğunçuluq hadisəsinin görüntüsü “YouTube” videoportalına yerləşdirilib.
Radiostansiya sahibi Allesandro Santosun “Globo TV” telekanalına verdiyi açıqlamaya görə, binaya azı beş nəfər sifariş olunmuş yeməyi çatdıran kuryer adı altında daxil olub. Onlardan birinin üzərində odlu silah olub.
Qapını elə “kuryerlərə” Santosun özü açıb.
“Dedilər ki, sifariş əsasında redaksiyaya yemək gətiriblər, hər hansı təhlükə barədə, ümumiyyətlə, düşünmədən, qapını açdım və bağlamanı kimə gətirdiklərini soruşdum. Elə qapını açmışdım ki, onlardan biri tapançanın lüləyini başıma dirədi və onları içəri keçirməyi əmr etdi”, -deyə A.Santos bildirib.
Soyğunçular şok keçirən aparıcı və qonaqların smartfonlarını, qiymətli əşyalarını və saatlarını oğurlayıb.
Canlı yayımı internet üzərindən görüntülü olaraq izləyən tamaşaçılar polisə bu barədə dərhal xəbər verib. Ancaq asayiş keşikçiləri hadisə yerinə gələndə soyğunçular artıq aradan çıxıb. Hazırda həmin şəxslərin kimliyinin müəyyən edilməsi üçün videogörüntü araşdırılır.