Kürüyə, neftə, zəfərana əsl sahibinin əli çatana qədər islahatlar aparılmalıdır

Baxış sayı:
493
Qədeş, kürü var?
 
Bakının yeraltı, yerüstü sərvətlərinin Azərbaycanın iqtisadi gücündəki payı 90 faizi üstələyir, ölkənin digər ərazilərinin toplamından gələn gəlir isə 10 faizə çatmır. Dövlət büdcəsinin neftdən asılılığını, neftin isə cüzi istisnalarla Bakıda çıxarıldığını göz önünə alsaq, mənzərəni əlavə şərh etməyə ehtiyac qalmır.
 
Çox təəssüf, Bakı və Bakı kəndlərinin sosial-iqtisadi inkişafı onun dövlət büdcəsinə qatqısına adekvat deyil. Bununla bağlı 3 dəfə dövlət proqramı qəbul edilsə də, milyonlarla vəsait ayrılsa da onların heç birinin icrası Bakının mərkəzi hissəsi xaric Abşeron yarımadasında ciddi dəyişikliklər yaratmayıb. Mərkəzi prospektlər istisna olmaqla bu gün Bakının 32 kəndindən heç 1-də belə məhəllədaxili yolların tam asfaltlandığını demək olmaz.
 
Ayrılan milyonlarla vəsaiti faktiki olaraq göyə sovuran icraçılar iddia edirlər ki, Bakıda yol məsələsinin qaydaya qoyulmasının mümkünsüzlüyü (!!!) paytaxtda kanalizasiya xətlərinin olmaması ilə bağlıdır. Yəni biz yolu çəkirik, yağış yuyur aparır... Deyilənlərdə həqiqət payı olsa da, 21-ci əsrdə, neft paytaxtında bu məsələyə illərdir çarə tapılmaması icra strukturlarının birmənalı bacarıqsızılığının, eyni zamanda Bakı üçün deyil, öz mənfəətləri üçün çalışmalarının nəticəsidir.
 
Bakı ilə bağlı sosial problemlərin kökündə bütün ölkədə olduğu kimi işsizlik dayanır. Regionlara baxdıqda Bakı əhalisinin məşğulluq səviyyəsi nisbətən yüksəkdir. Neft faktoru və xidmət sektorunun əsas hissəsinin Abşeronda yerləşməsi sosial müdafiəsi aşağı olan vətəndaşların iş tapmaq şansını artırırdı. Ancaq pandemiya dönəmi göstərdi ki, yalnız xidmət sektoru üzərində qurulan məşğulluq vətəndaşları faktiki olaraq taleyin ümidinə buraxmaqdır. Karantin elan olunun bir neçə gündə yüzminlərlə insanın bir anda işsiz qalması və bunun artıq 6 aydır davam etməsi deyilənlərə sübutdur. Çarə yenə də torpaqda - kənd təsərrüfatındadır. Neftin qiymətinin enməsi ilə büdcə gəlirlərinin ciddi şəkildə azalması, COVID19-un iqtisadiyyata vurduğu zərbə göstərir ki, kənd təsərrüfatını inkişaf etdirmədən əhalinin kəsintisiz sosial müdafiəsini qurmaq mümkün deyil.
 
Bakının çox ciddi kənd təsərrüfatı potensialı var – Abşeronda yetişən pomidor, xiyar və çeşidli göyərtilərin “şöhrəti” Azərbaycanın sərhədlərini çoxdan aşıb. Xüsusən Rusiyanın ən iri ticarət şəbəkələri bu məhsulların davamlı alıcılarıdırlar. Ancaq Bakının potensialı yalnız 4-5 cür tərəvəzlə məhdudlaşmır. Püstə, badam, zəfəran, zeytun, üzüm becərilməsi, balıq və balıq məhsulları, dəriçilik, gülçülük Bakının hələ tam kəşf edilməmiş iqtisadi potensialıdır.
 
Bir zamanlar bakılıların qida rasionunun sıradan hissəsi olan Xəzər ağ balığının kürüsü monopoliyaya alınandan sonra balıqçılığa ciddi zərbə vurulub. Təbiətin qorunması adı altında bu sahə 100 faizlik nəzarətə götürülüb və Xəzərdə bir neçə nəsil balıqçılıqla məşğul olanlara saysız-hesabsız baryerlər yaradılıb. Sonucda bu gün həm ölkə əhalisi Xəzər kürüsünə həsrətdir, həm də Abşeronda balıqçılığın gələcəyi sual altındadır. Dəniz sahilində yerləşən ölkə üçün yumşaq desək, ürəkaçan göstərici deyil.
 
Sadaladığımız tərəvəzlərin mövsümü olsa da, onlara həm Azərbaycanda, həm də ölkədən kənarda il boyu tələbat var. Bakının onillərdir formalaşan istixana mədəniyyəti bu məhsulları il boyu yetişdirməyə imkan versə də, yaradılan, daha doğrusu, yaradılmayan şərait insanların əllərini işdən soyudur.
 
Bakının əkinə yararlı torpaqlarını illərdir məmurlar öz aralarında bölüşdürüb. Hektarlala ərazidə icra başçılarından deputatlara, prokurordan polis rəislərinə, məhkəmə sədrinə qədər bir çox məmurlar istixanalar qurdurublar. Öz vəzifə səlahiyyətlərini bir kənara qoyan bu şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edir, öz bizneslərini genişləndirirlər. Bu gün Bakıda təbii qaz itkisinin qaynağı dəqiq araşdırılsa, itkinin 95 faizinin məmur istixanalarından çıxacağı heç bir şübhə doğurmur. Vətəndaşa “od qiymətinə” satılan od məmurlar üçün havayıdır və hələlik bu tendensiyanın durdurulmasına yönəlik heç bir addım atılmayıb. 10 manat borca görə əhalinin işığını, qazını kəsən "Azərenerji" və "Azəriqaz" bu istixanaların yanından gözüyumulu keçir.
 
Bakılılar gül sortlarının yaradılması və becərilməsi üzrə xüsusi istedad sahibləridirlər. Bildiyimiz sadə mürəkkəblə onlarla növ çiçək yaradan vətəndaşların potensialından yararlanmaqla Abşeron güllərinin dünyaca ünlü brendlərini yaratmaq olar. Ancaq bu sahə də iş adamlarına baha qiymətə satılan təbii qaz səbəbindən inkişafdan qalıb. SOCAR-ın məqsədi, səbəbi heç də hamıya aydın olmayan nəhəng xərcləmələri təbii qazın maya dəyərini elə bahalaşdırır ki, normal iqtisadi əsaslandırmalarla 5 qəpiyə əmələ gələn məhsul, 60 qəpiyə əmələ gəlir və rəqabətə dözmür.
 
Bakının iqtisadi, sosial mühitində baş verənlər göstərir ki, Azərbaycanda davamlı və sistemli islahatlar aparılmalıdır. Büdcənin neftdən asılılığının azaldılması üçün yalnız qulağa xoş gələn bəyanatlar vermək yox, bu inkişafın qarşısını alan korrupsiya yuvalarını dağıtmaq gərəkdir. Ta kürünün, neftin, zəfəranın əsl sahibinin ona əli çatana qədər.
 
Aygün Muradxanlı