“Kürdüstan” referendumunu dəstəkləyən LAÇINLI MƏMURla bağlı son xəbər

İraq Kürd Muxtariyyətində keçirilən müstəqillik referendumuna açıq dəstək nümayiş etdirən Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyev vəzifəsinin icrasına davam edir.
 
Bu barədə Laçın rayon icra başçının birinci müavini Tofiq Mirzəyev açıqlama verib. Başçının birinci müavini hüquq şöbəsinin müdiri F.Tanirverdiyevin hər hansı cəza alıb-almadığı barədə danışmayıb.
Xatırladaq ki, F.Tanirverdiyev İraq Kürdüstanında keçirilən müstəqillik referendumuna açıq dəstək nümayiş etdirmişdi. İndi də sosial şəbəkələrdə Bərzani sevgisini gizlətməyən F.Tanirverdiyev dayanmadan İraq Kürd Muxtariyyətinin separatçı rəhbərinin fotolarını paylaşır.
Bütün bunlar azmış kimi, F.Tanirverdiyev dövlətimizi də şantaj edərək bildirmişdi ki, millətçi çıxışlarına görə cəzalandırılacağı təqdirdə pasportu və hərbi biletini yandıracaq.
Sitat: “Əgər çıxışmla bağlı məni işdən çıxarsalar, qərar verəcəm. Əgər məni çıxışıma, mövqeyimə görə çıxarsalar, əhsən deyərəm. Fəxr edərəm ki, kürdlüyümə görə məni işdən çıxardılar. Gedərəm pasportu da, hərbi biletimi də yandıraram. Xidmətdə olduğum fəxri fərmanları da yandıraram, ölkəni tərk edərəm”.
Məsələ ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli şöbə müdiri Fizuli Tanirverdiyev barəsində ölçü götürüləcəyini vəd etmişdi. Mediaya açıqlamasında icra başçısı bildirmişdi ki, məsələ diqqətindədir və lazımı ölçü götürüləcək./axar.az