KÜRDLƏRİ DƏSTƏKLƏYƏN AĞ EV NİYƏ REFERENDUMA QARŞI ÇIXDI? – Siyasi tapmacanın açılışı ABŞ-ın ziddiyyətl mövqeyi ilə bağlıdır - TƏHLİL

Kürdlərin müstəqillik coşqusu İraqın ərazi bütövlüyünü dəstəkləyən həm regional, həm də beynəlxalq aktyorların müqaviməti ilə qarşılaşdı. Bu mövqe müstəqilliyin İraqda sabitliyi pozacağına əsaslanırdı.
Belə proqnozların doğru və ya yanlış olub-olmamasından asılı olmayaraq, İraqın yeganə sabit bölgəsi indi, ölkənin qalan hissəsi kimi, davamlı və endemik qeyri-sabitliyə sürüklənib. Həm daxili-kürd münaqişəsindən, həm də Bağdadın sərhədlərə nəzarət siyasətindən yaranmış siyasi dalan ucbatından İraq Kürdüstanı rahatlığını itirib. Kürd bölgəsindəki mövcud vəziyyət iqtisadi böhranı daha da dərinləşdirən yeni tətbiq edilən sanksiyalar və 2018-ci ilin İraq büdcəsi ilə bağlı müzakirələrlə ağırlaşır.
Beynəlxalq və regional güclərin "vahid İraq" siyasətinin davamlılığı, Yaxın Şərqdə "iki İran" reallığının ortaya çıxmasına gətirib çıxarıb. İranın İŞİD-lə mübarizə çərçivəsində Bağdad üzərində artan nüfuzu Tehranın vəkillərinin ölkənin "mübahisəli sahələri" və Kürdüstanda hökmranlığının təmin edilməsi ilə sona çatıb. İraqın gələcəyi bu gün hər hansı digər regional və / və ya beynəlxalq aktyorun deyil, İranın əlindədir.
Çox təəccüblü olan budur ki, ABŞ prezidenti Donald Tramp tərəfindən "terrorizmə verdiyi dəstəy"ə görə İslam İnqilabı Keşikçiləri Korpusuna yeni sanksiyalar imzalamasından iki gün sonra İraq qüvvələrinin Kərkükə girişində “Qüds” qvardiyasının komandanı Qasim Süleymaninin həlledici rol oynadı.
İran dəstəkli “Haşdi-Şəabi”nin ilk dəfə Kərkükə daxil olduqdan sonra ABŞ dövlət katibi Rex Tillerson "İraqdakı iranlı milislər evlərinə qayıtmalıdır " desə də, buna laqeyd yanaşıldı. Bağdadın Tillersonə verdiyi cavabda deyildi ki, Bağdad Süleymanini "hərbi məsləhətçi" kimi qəbul edir və "heç bir ölkə İraqın daxili işlərinə müdaxilə edə bilməz".
 
ABŞ üçün “ərazi bütövlüyü” nə deməkdir?

Hər kəs bilir ki, ABŞ Yaxın Şərqdəki münaqişələrdən heç biri üçün davamlı sülh müqaviləsinə heç vaxt nail olmayıb. Prezident Karter və Barak Obama bu məqsədli səylərinə görə Nobel Sülh Mükafatına layiq görülsələr də.
ABŞ yalnız müəyyən ərazilərdə nisbi uğur qazanıb. Yaxın Şərqdəki mövcud siyasi sərhədlərin qorunması ABŞ-ın ən vacib prioritetidir və sülh sazişlərinin gətirəcəyi "sabitlik" yalnız ərazi bütövlüyü kimi müəyyən edilib.
Buna görə də, Vaşinqtonun “Ərəb Baharı” ucbatından Yaxın Şərqdə baş verən böhrana təpkisi istisna deyil. Artıq kütlələri motivasiya edən “Ərəb Baharı”nın trans-sərhəd xarakteri mövcud siyasi sərhədlərə təhlükədir, çünki ABŞ və beynəlxalq birliyin diktator rejimlərə dəstəyi ərazi bütövlüyünü də möhkəmləndirməlidir.
Bu baxımdan İŞİD-in yalnız qəddar hərəkətlərinə görə qlobal təhlükə elan olunmadığı iddia edilir. Beynəlxalq koalisiya ona görə hərəkətə keçdi ki, İŞİD Suriya və İraq arasındakı siyasi sərhədləri ləğv etmiş və həmin sahədə nəzarətini yaratmışdı.
Əvvəl-axır İŞİD-ə qarşı mübarizə, mövcud siyasi sərhədlərin qorunması yolu ilə İraq və Suriyadakı münaqişəni aradan qaldırmaq cəhdi idi. İŞİD sonrası dövrdə sülhün təminatı üçün səy göstərilmir; yalnız İŞİD-in ortaya çıxmasına səbəb olan köhnə status-kvonun yenidən qurulması cəhdi var.
 
İranın güclənməsi və “kürd məsələsi”

Bu gün, əlbəttə ki, “Ərəb Baharı” qədər, uzun sürən “kürd problemi” Türkiyə, Suriya, İraq və İran üçün daxili bir məsələ olaraq qalır. Suriyadakı müharibə və İŞİD-in yüksəlişi kürd məsələsini regional mövzuya çevirdi, çünki “kürd ərazisi”ndən keçən mövcud siyasi sərhədlər hazırda itib.
Belə bir ekzistensial dəyişiklikdən sonra Kürdüstanın müstəqilliyinə yol açılırdı. ABŞ əslində, bu prosesin ən mühüm iştirakçısı olsa da, heç bir zaman kürd arzularını açıq şəkildə dəstəkləməyib.
İraq-Suriya sərhədinin 210 km-dən çox hissəsini nəzarət altına almaq üçün kürdləri dəstəkləyən məhz ABŞ idi. Bundan əlavə, ABŞ, İraq və suriyalı kürdləri, məsələn, 2014-cü ildə Kobanidə əməkdaşlıq etməyə həvəsləndirib və hətta Kürdüstan Regional Rəhbərliyi (KRR) və Rojava administrasiyası arasında siyasi və hərbi əməkdaşlıq qurmaq üçün Duhok və Ərbildə görüşlər təşkil edib.
Bu kontekstdə İraqdakı son hadisələrdə ABŞ-ın ziddiyyətli mövqeyi həqiqətən, Yaxın Şərqdə yeni bir kürd siyasi tarazlığı üçün Vaşinqtonun öz siyasətin yenidən nəzərdən keçirməsi deməkdir. Kürdlər – İraqda və başqa yerlərdə – ABŞ-ın kürd referendumuna qarşı həddindən artıq həssaslığını onlara ayrılmış sərhədlərdən kənara çıxmama xəbərdarlığı kimi dəyərləndiriblər. Bəzi Suriya kürdləri üçün ABŞ-ın hərəkətləri bəlkə də vaxtın səhv olduğunu və ABŞ-ın mütləq razılığı olmasını ifadə edir.
Qeyd etmək lazımdır ki, niyyət yalnız İraqda sabitliyin qorunub saxlanılması idisə, ABŞ Kürdüstan referendumu prosesini sülh yolu ilə asanlıqla idarə edə bilərdi. O dövrdə KRR başçısı Məsud Bərzani dönə-dönə vurğulayırdı ki, referendum müstəqilliyin gerçək bəyanı deyil, bu yalnız kürd iradəsinin ifadəsidir.
ABŞ-ın davranışı sadəcə İranın İraqdakı təsirini artırmadı, həm də KRR-in rəhbərliyini məhv etdi. Nəticədə aydın oldu ki, İraqda yalnız kürdlər yox, həm də ABŞ-ın Yaxın Şərqdəki siyasəti uğursuzluğa uğrayıb.

Tərcümə: Strateq.az