Kürdlər Rusiya və Əsədlə anlaşdı, Suriya ordusu şimala irəliləyib bir şəhəri tutdu - TÜRKİYƏ ORDUSU İLƏ TOQQUŞMA OLACAQMI...

Baxış sayı:
2560

Türkiyənin başlatdığı “Barış pınarı” əməliyyatından sonra müttəfiqləri ABŞ tərəfindən dəstəklənməyən kürd YPG/PYD qüvvələri Bəşər Əsəd rejimi ilə anlaşıb. Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, anlaşma Rusiyanın vasitəçiliyi ilə bu ölkənin Suriyadakı Hmeymim aviabazasında əldə edilib. Suriya rejiminin və kürdlərin “Suriya Demokratik Qüvvələri” koalisiyasının nümayəndələri arasında əldə edilmiş anlaşmadan sonra Əsəd ordusu ölkənin şimalına, Türkiyə ordusu və onun müttəfiqləri olan “Azad Suriya Ordusu” qruplaşması ilə kürdlər arasında döyüşlərin getdiyi ərazilərə doğru irəliləyib.

Kürdlərin nümayəndələri anlaşmanın “ağrılı kompromislər” hesabına əldə edildiyini açıqlayıb. Anlaşmaya görə Suriya ordusu Türkiyə ilə sərhədi nəzarətə götürməlidir, kürdlərin gələcək statusuna dair danışıqlar isə sonraya saxlanılır.

Kürdlərin Əsəd rejimi və Rusiya ilə anlaşmasından sonra ABŞ ordusunun Suriyanın şimalındakı təxminən 1000 nəfərlik kontintenti “iki od arasında” qalıb və çəkilməyə məcbur olub. Bu barədə Pentaqon rəhbəri Mark Esper “Fox News” telekanalının efirində bildirib. O, deyib ki, kürdlərin Rusiya və Əsəd rejimi ilə anlaşma əldə etməsi barədə xəbəri “son 24 saatda alıblar” və bu barədə prezident Donald Trampa məruzə edib. Prezidentin milli təhlükəsizlik komandasının üzvləri ilə keçirdiyi müşavirədən sonra ABŞ qüvvələrinin geri çəkilməsi barədə qərar verilib.

“Suriya Demokratik Qüvvələri Suriya hökuməti və Rusiya ilə sövdələşməyə gediblər. Və indi ABŞ qüvvələri şimala doğru irəliləyən Suriya ordusu ilə cənuba doğru irəliləyən Türkiyə ordusu arasında tələdə qalıb”,-Mark Esper bildirib.

O, əlavə edib ki, Suriyadakı Amerika qoşunlarının sayı Türkiyə ordusunun hücumunu  artilleriyanın və aviasiyanın dəstəyi ilə almaq üçün kifayət idi, amma ABŞ kürdlər naminə Türkiyə ilə döyüşmək niyyətində olmayıb.

Son xəbərlərə görə Suriya rejimi qüvvələri əvvəl kürd birləşmələrinin nəzarətində olan Tabka şəhərinə daxil olublar. Şəhər Əsəd rejimi qüvvələrinin nəzarətinə keçib. Bölgəyə Türkiyə ordusunun irəliləməsini dayandırmaq üçün əlavə qüvvələr göndərilir, amma hələlik Türkiyə və Suriya orduları arasında toqquşma qeydə alınmayıb.