Kürd muxtariyyətindəki referendumun nəticəsi ləğv ediləcək

Şimal İraq Kürd Muxtariyyəti hakimiyyəti müstəqilliklə bağlı referendumun nəticələrini ləğv edəcək.
Muxalifet.az-ın "Fars” agentliyinə istinadən verdiyi məlumata görə, Şimal İraq Kürd Muxtariyyəti hakimiyyəti bunun üçün iki məsələdə zəmanət verilməsini istəyir.
Muxtariyyətin baş naziri Neçrivan Bərzani Bağdaddan muxtariyyətin büdcəsinin formalaşdırılması üçün vəsait ayrılması və Şimali İraqa yönəlik hərbi əməliyyat keçirilməməsi yönündə qarantiya almaq üçün fəaliyyətə başlayacaq. Bu məqsədlə kürd lider yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırır. N. Bərzani Türkiyə prezidentinin bu məsələ ilə əlaqədar Bağdadla Ərbil arasında vasitəçilik etməsini, Türkiyə prezidenti və İraq baş naziri Haydar İbadinin iştirakı ilə üçtərəfli görüşün təşkil edilməsini istəyir.
Qeyd edək ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib. Daha sonra İraqordusu neft ehtiyatları ilə zəngin Kərkükdə nəzarətin bərpa olunması istiqamətində uğurlu əməliyyat keçirib.