“Kəskin addımlar olmasa, böyük dəyişikliklərin olacağını düşünmürəm” - NATİQ CƏFƏRLİ

Baxış sayı:
2596

“Amerika İrandan çıxan bütün tankerlərə qadağa qoysa, neftin qiymətində kəskin artım müşahidə edə bilərik”

ABŞ noyabrın 4-də İrana qarşı sanksiyaların ikinci mərhələsinin tətbiqinə başlayacaq ki, bu da dünyada yeni proseslərə yol aça bilər. Bu sanksiyaların İranın energetika sahəsini əhatə etməsi isə İranın dünya ölkələrinə neft satışını qadağan edir ki, İran bu sanksiyaların təsirindən qurtulmaq üçün indidən yollar arayır. Noyabrın 4-də İrana qarşı sanksiyalar sərt olacağı təqdirdə dünya neft bazarında çalxalanmalar da baş verəcək. Bu da neftin qiymətinin artmasını sürətləndirə bilər. İrana qarşı sanksiyalar sərt olması məsələnin bir tərəfidirsə, məsələnin ikinci tərəfi İrandan neft idxal edən ölkələrin müqaviləni pozub-pozmamasıdır. Bu isə qarşıdakı günlərdə özünü göstərəcək.

İranın neft naziri Bijən Namidar Zəncənə İranın Rusiya üzərindən neft satmayacağını desə də, hələ də bəzi ekspertlər İranın ABŞ-ın sanksiyaları ilə əlaqədar Rusiya ilə gizli razılığa gəldiyini və İranın öz neftini Xəzər dənizi ilə Rusiyaya nəql edəcəyini, sonra isə həmin nefti beynəlxalq bazarda Rusiya nefti kimi satacağını söyləyir.

Qeyd edək ki, İran ötən günlərdə öz neftini ilk dəfə enerji birjasında satışa çıxarıb və Tehran Enerji Birjasında indiyədək 280 min barrel neft satılıb.

“Neft bazarı o gözləntiləri həzm edib”

ABŞ noyabrın 4-də İrana qarşı sanksiyaların ikinci mərhələsinin tətbiqinə başlaması ilə bağlı iqtisadçı Natiq Cəfərli “Hürriyyət”ə dedi ki, neft bazarında qiymətin yüksəlməsinin səbəblərindən biri də həmin o sanksiya gözləntiləri idi: “Artıq neft bazarı o gözləntiləri həzm edib. Əgər daha kəskin addımlar olmasa, böyük dəyişikliklərin olacağını düşünmürəm. Çünki İran tərəfi maraqlı gedişlər də edir. Neft satışına qadağanı aşmaq üçün bəzi ölkələrlə danışıqlar aparır. Məsələn, Rusiya tərəfdən təklif gəlib. Çünki onsuz da Amerikanın Rusiyaya qarşı sanskiyaları var və bundan da artığını etməyəcəklər. Ona görə İran neftinin Rusiya üzərindən Rusiya nefti adı altında dünya bazarına çıxarılması və pulunun Rusiya tərəfindən verilməsi, bunun əvəzində isə İranın qiymətdə ciddi endirimə getməsi məsələsi müzakirə olunur. İran neftini təqribən dünya bazarından ən azı 5-6% ucuz Rusiya alıb, öz nefti adı altından dünyaya sata bilər və pulunu İrana verə bilər. Bu danışıqlar indi çox sürətlə gedir. Buna hazırlıq işləri görülür və bu da yavaş-yavaş ajiotojın aşağı düşməsinə səbəb oldu”.

“Ofşor zonalarında kompyuter arxasında oturaraq 15 dəqiqdə istənilən şirkəti açmaq mümkündür”

“İkinci yol isə ondan ibarətdir ki, İran fiziki neftin satışı üçün öz birjasında auksion, yol açıb, dünya birjalarında neftin fiziki satışı deyil, 1-2 ay müddətində müyyən həcmdə neftin təsdiqlənmiş sənədləri satılır. Amma İran indi maraqlı bir gediş edib. Artıq hər gün 280-300 min barelə yaxın öz birjası vasitəsilə fiziki neft satır. Yəni gəmilərə, tankerlərə yüklənmiş neftin satışını həyata keçirir. Bu nəyə görə maraqlı gedişdi? Obrazlı desək, alıcılar bir günlük firmalardır. Yəni ofşor zonalarda qeydiyyatdan keçmiş firmalardır. O firmalar İrandan nefti alıb, sonra istənilən ölkəyə, neftayırma zavoduna sata bilər. Amerika sanksiyaları birbaşa həmin firmaya tətbiq olunur, hansı ki, İran neftini İran bazarından alır, sonra hara istəyirsə, sata bilər. Yəni Amerika sanskiyaları birbaşa neft alışında iştirak edən şirkətə şamil olunacaq. O şirkətləri də gündə yüzlərlə açmaq olar. Ofşor zonalarında kompyuter arxasında oturaraq 15 dəqiqdə istənilən şirkəti açmaq mümkündür. İstənilən bir şirkətə sanksiya təbiq edəndə başqa şirkət vasitəsilə də bunu edə bilərlər. Açığ, İran çox maraqlı gediş edib. Mən düşünürəm ki, burada avropalıların da rolu var. Çünki Avropa neftayırma zavodları var ki, İran nefti ilə işləyir və həmin nefti gələcəkdə almağı düşünürlər. Ona görə də neft bazarında qiymətlərin dəngəsi bu sanksiyaların nə qədər sərt tətbiq olunacağından asılı olacaq. Mən düşünürəm ki, artıq bazarlar o xəbəri həzm edib. Amerika çox kəskin addımlar atsa, ciddi təsiri ola bilər. Amerika İrandan çıxan bütün tankerlərə qadağa qoysa, Hörmüz körfəzindən keçən bütün tankerləri hərbi yolla buraxmasa, bu zaman neftin qiymətində kəskin artım müşahidə edə bilərik”,-deyə iqtisadçı əlavə etdi.

“Türkiyə Amerikadan güzəştlər tələb edir”

Cəfərli diqqətə çatdırdı ki, Rusiya tələb etdiyi endirmə İran razılıq verib:“Rusiya üzərindən İran neftini satışının həyata keçirilməsi mümkündür. Yerigəlmişkən, o qədər də böyük həcmdən söhbət getmir. Söhbət təqribən 1,7-1,8 milyon bareldən gedir ki, indiki infrastruktur vasitəsilə İran neftinin Rusiya ərazisindən dünya bazarına çıxarılması mümkündür. Digər məsələ də Türkiyə ilə bağlıdır. Türkiyə də İrandan təqribən gündə 600 min barel neft alır. Hələ ki, o müqavilə də qüvvədədir. Yəni Türkiyə bundan imtina etməyib. 600 min barel nefti Türkiyə alsa, geridə 1,2 milyon barel qalacaq, onun da bir hissəsini birja vasitəsilə satsa, Rusiyaya təqribən 700-800 min barel neft satmalı olacaq. Türkiyə də ona görə imtina etmir ki, onu əvəzləyəcək digər kontraktlar bağlanmayıb. Yəni o nefti əvəzləyəcək başqa mənbələr yoxdur. Ona görə də Türkiyə bu məsələni uzadır. Həm də Amerikadan güzəştlər tələb edir. Burada da artıq siyasi məsələrlər gündəmə gəlir. Ona görə də Türkiyə də neft almaqdan imtina etməyib”.

“Türkiyə ilə İranın neft alqı-satqısı bir günlük firmalar vasitəsilə həyata keçirilə bilər”

N. Cəfərli nəzərə çatdırdı ki, Amerika ilə Türkiyə arasında son zamanlar çox intensiv danışıqlar gedir: “Bu yaxınlarda yüksək rütbəli Amerika məmurlarının, hətta Pompeonun da Ankaraya səfəri olmuşdu. Çox güman ki, danışıqlar predmetindən biri də bu məsələdir. Türkiyə burada belə bir iddia irəli sürür ki, həmin qiymətə həmin həcmdə başqa heç bir mənbədən neft ala bilmirik. “Artıq İranla Türkiyə arasında boru kəmərləri fəaliyyətdədir. Əgər onu əvəzləyəcək, bizə sərf edəcək təkliflər olacaqsa, o zaman bu haqda düşünə bilərik”. Burada artıq Amerikanın üzərinə müəyyən yük düşür ki, digər mənbələrdən neftlə təmin olunmaq üçün Türkiyəyə zəmanət versin. Hələ ki, elə bir zəmanət də yoxdur. Ona görə də mən düşünürəm ki, Türkiyə ilə İranın neft alqı-satqısı da o bir günlük firmalar vasitəsilə həyata keçirilə bilər. Yəni İran nefti birbaşa Türkiyəyə deyi, hər hansı bir ofşor zonada qeydiyyatdan keçmiş şirkətə sata bilər ki, o da Türkiyəyə satsın. Bu zaman Türkiyə İrandan birbaşa neft almadığına görə sanskiyalardan kənarda qala bilər. Yəni müxtəlif versiyalar və variantlar var ki, bu sanksiyaların gücünü azaltsınlar”.

“Yeni bir müqavilənin meydana çıxmasının şahidi ola bilərik”

N. Cəfərli onu da yada saldı ki, Amerika tərəfdən son zamanlar maraqlı açıqlamalar oldu: “Trampın açıqlaması oldu ki, İranla yeni bir sazişin bağlanmasına hazırdır, danışıqlar başlaya bilər. Mənə elə gəlir ki, bu, elə-belə verilmiş bir bəyanat deyil. Çox böyük ehtimal dünya ictimaiyyətinin bilmədiyi həmişəki kimi İsveçrə ərazisində gizli danışıqlar ola bilər və bir müddət sonra yeni bir müqavilənin də meydana çıxmasının şahidi ola bilərik”.

“İki ölkə arasındakı gizli danışıqların olması ehtimalını istisna etmirəm”

“Bir neçə gün öncə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyanat verdi ki, biz yeni müqaviləni müzakirə etmək niyyətində deyilik” dedikdə N. Cəfərli qeyd etdi ki, bu, siyasi bəyanatdır: “İran hər dəfə geri addım atmaq istəmir. Çünki İranın geri addım atması o deməkdir ki, zəif bir dövlətdir. İranla Avropa ölkələri də həmin müqavilənin tərəfdaşıdır. Tək ABŞ o müqavilədən imtina edib. Avropa ölkələri, eləcə də Rusiya o müqavilənin şərtlərinə əməl edəcəyini söyləyiblər. Təbii ki, İran tərəfi həmin müqavilənin qüvvədə qalmasını istəyir və həmin müqavilədən də imtina etməyəcək. Çünki uzun müddət danışıqların nəticəsində o müqavilə bağlanmışdı. Amma paralel olaraq yeni müqavilə birbaşa Amerika ilə bağlana bilər. Yəni bu, birinci müqavilənin ruhuna zidd deyil. Ona görə də bu məsələ ilə bağlı iki ölkə arasındakı gizli danışıqların olması ehtimalını istisna etmirəm”.

Şamo EMİN, Hurriyyet.org