“Əks halda sosial partlayış olacaq” - Saakaşvili 4 əsas tələbi SƏSLƏNDİRDİ

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu xalqın dörd əsas tələbini yerinə yetirməyə çağırıb.
Saakaşvili bu haqda “Ukraynskaya Pravda” internet nəşrinin saytında dərc etdiyi məqaləsində bildirib.
Onun sözlərinə görə, bu tələblərə korrupsiya ilə mübarizə, biznesin satışı haqqında vədin icrası, yeni seçki qanunvericiliyinin qəbulu və mənzil-istismar xidmətlərinin tariflərinin azaldılması daxildir. Keçmiş qubernatorun fikrincə, Ukrayna ictimai-iqtisadi uçurum həddindədir. O hesab edir ki, əgər hakimiyyət öz siyasətini dəyişdirməsə, Ukraynanı idarəolunmaz sosial partlayış gözləyir.
Saakaşvilinin sözlərinə görə, sözügedən tələblərin yerinə yetirilməsi ölkədə vəziyyəti düzəltməyə kömək edə bilər.