Əkrəm Əylisliyə azadlıq! – QARABAĞ ƏLİLİ YAZIR

Böyük yazarımız,”İstiqlal” ordenli ziyalımız Əkrəm Əylislinin barəsində Cinayət Məcəlləsinin (CM) 315.1 maddəsilə (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) cinayət işin başlanılması gerçəkdə şərləmənin ən yuxarı - “istiqlal” zirvəsidir. Bundan o yanası yoxdur. Özü də zaman-zaman bu hamımızın başına gəlib, gəlir və (sussaq) yenə də gələcəkdir.
İnsanı fikrinə görə təqib etmək yolverilməzdir. O insan ZİYALI, YAZAR olanda isə bütün dünya bizdəki “demokratiya”nın sadəcə sərhəd xəttində pozulmasını görür. Sözünü deyən hər kəsin başının üstündə CM-in 221,315 maddələri Damokl qılıncı kimi asılıb.
...Dünyanın mənə bəxş elədiyi gözəl uşaqlıq, yetkinlik çağları vardı. Əkrəm Əylislinin “Adamlar və ağaclar” kitabı vardı. Kitabı oxuduqca, fikirləşirdim, bunu yazan mənim fikirlərimi necə oxuyub? Mən onu oxuyuram, yoxsa o məni? İndi daha çox ömrümün o gözəl çağları yadımdan çıxmır. Elə Qarabağ yurdum kimi. Nə Qarabağ yaddan çıxır, nə yad Qarabağdan çıxır.

Topxananı qırdılar, Bakıda nümayişlə cavab verdik. İndi Qarabağda şəhid verəndə, Bakıda icra qurumları ağacları qırmaqlarından qalmadılar. Şəhid Milli Qəhramanın evini işğal edənlər bir an da olsun torpaq alverindən,ağac qırmaqlarından qalmır. Day ağac da qalmayıb ölkədə. Əkrəm əylislinin kitabının adından “ağaclar”ı çıxmağa zorlandıq. Təkcə “Adamlar” qaldı. Qaldımı? Deyəsən, adamları da itiririk.
Ay adamlar, məni eşidirsinizmi? Əkrəm Əylislinin kitabını bağlamaq istəyirlər! Nə deyirsiniz? Bağlansınmı? Adamlar heyyy! Hardasınız? Siz də ağaclar kimi qırıldınız yoxsa?

Məğrur BƏDƏLSOY,Qarabağ savaşı əlili