"Əkrəm İmamoğlu üçün AKP ilə işləmək çox çətin olacaq" - POLİTOLOQ

Baxış sayı:
2689

Məhəmməd Əsədullazadə: "Məclisdə böyük çoxluğa malik olan hakim partiya verilən qərarlara qarşı çıxacaq"
"PKK terror təşkilatı ilə danışıqlar və son seçkilərdə Öcalandan istifadə edilməsi AKP-nin türk cəmiyyətinə vurduğu ən böyük zərbə oldu"

"Türkiyənin əsas meqapolisi olan İstanbulda keçirilən seçkilələrdə CHP-nin namizədi Əkrəm İmamoğlunun ikinci dəfə AKP üzərində qələbəsi ölkənin siyasi sistemində yeni dəyişikliklərə gətirəcək". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.
Onun sözlərinə görə, 2016-cı il 16 iyul hərbi çevriliş cəhdindən sonra mövqelərini möhkəmləndirən prezident Rəcəb Tayyib Ərdoğan üçün İstanbul seçkisində məğlubiyyət gözlənilməz oldu: "Bununla türk cəmiyyəti AKP-nin son iki ildə apardığı siyasətə İstanbulda böyük çoxluqla etiraz etdi. Bu, həm də MHP-nin mövqelərinin zəifləməsinə gətirəcək".

"Növbəti prezident seçkilərində İmamoğlunun namizədliyi irəli sürülə bilər"

Politoloqun fikrincə, İstanbul seçkiləri Azərbaycan üçün ona görə bu qədər maraq kəsb edir ki, Türkiyənin taleyi məhz İstanbulda müəyyən olunduğundan bizdə geniş ictimai fikrə səbəb olur: "Çünki Türkiyə qardaş ölkədir və buradakı sistem ölkəni demokratiyaya deyil, idarəetmədə totalitar üsullara əl atdığından demokratik türk cəmiyyətinin bizlər üçün mayaklığı zəifləyirdi. Bizlər Türkiyədə Atatürk ideyalarının arxa plana keçməsindən narahat idik. Qeyd edim ki, İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlu üçün AKP ilə işləmək çox çətin olacaq. Məclisdə böyük çoxluğa malik olan hakim partiya - AKP verilən qərarlara qarşı çıxacaq. Buna baxmayaraq, İstanbul əhalisi İmamoğlunu axıra qədər dəstəkləyəcək. Bundan sonra ABŞ və Avropada İmamoğlunun böyük siyasətə gəlməsi üçün onunla görüşmələr reallaşdıracaq və növbəti prezident seçkilərində İmamoğlunun namizədliyi irəli sürülə bilər".
AKP-nin atacağı siyasi və iqtisadi addımların səmərə verməyəcəyini iddia edən Məhəmməd Əsədullazadə hesab edir ki, on altı ildən artıqdır davam edən AKP iqtidarı qüruba yaxınlaşır: "Böyük şəhərlərdə məğlubiyyətə uğraması bunu deməyə əsas verir. Aparılan siyasət, PKK terror təşkilatı ilə danışıqlar və son seçkilərdə PKK lideri Öcalandan istifadə edilməsi AKP-nin türk cəmiyyətinə vurduğu ən böyük zərbə oldu. Türkiyə qardaş ölkədir və burada demokratiyanın möhtəşəm qələbəsi Azərbaycanın maraqlarına da cavab verir".