​Kərəm Həsənov QANUNSUZ TİKİLİLƏRLƏ bağlı tapşırıq verdi

Baxış sayı:
460

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.
ƏMDK-dan verilən xəbərə görə, komitə sədri Kərəm Həsənov müşavirəni açıq elan edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda ölkə iqtisadiyyatı yüksək inkişaf dinamikasını saxlamağa müvəffəq olub, müasir çağırışlar şəraitində dayanıqlılıq və sabitlik nümayiş etdirib.
Ölkə rəhbərinin müəyyən etdiyi strateji xəttə uyğun olaraq iqtisadiyyatın digər sahələri ilə yanaşı, əmlak idarəçiliyində də müasir dövrün çağırışlarına uyğun olaraq bu ildə də innovativ layihələr reallaşdırılıb. Belə tədbirlərin icrası zamanı başlıca amil olan qanunçuluq prinsipinin qorunub saxlanması, insan faktorunun önə çəkilməsi, o cümlədən şəffaflığın artırılması, göstərilən xidmətlərin vətəndaşa daha yaxın olmasıdır. 
Əmlak idarəçiliyində beynəlxalq təcrübəyə əsaslanan, müasir informasiya kommunikasiya texnologiyalarının tətbiq edildiyi bir çox iri layihələr icra olunur. Bu sahədə önəmli layihələrdən olan Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması uğurla davam etdirilir. Ölkədə torpaq inzibatçılığı və istifadəsi sahəsində daha optimal nəzarətin təmin edilməsi üçün Peyk nəzarət sistemi qurulur. Elektron çıxarış, Elektron hərrac, “Əks zəng”, “Əmlakın qeydiyyatı kalkulyatoru”, “Kadastr kalkulyatoru” kimi tətbiq olunan funksional yeniliklər əmlakın müasir texniki imkanlar əsasında idarə olunmasını mümkün edir. Eləcə də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələrin icra müddəti sürətləndirilməklə 1, 3 və 7 iş günü müddətinə endirilib. Komitə beynəlxalq layihələrdə də uğurla çıxış edir. Avropa İttifaqının TAİEX proqramı çərçivəsində Komitənin təqdim etdiyi 4 layihə Avropa İttifaqının keçirdiyi müsabiqədə qəbul edilib. Artıq daşınmaz əmlakla bağlı xidmətlərin vahid məkanda reallaşdırılması məqsədilə yaxın zamanlarda Əmlak Xidmətləri Məkanı da istifadəyə veriləcək. Bu tədbirlərlə yanaşı vətəndaşa keyfiyyətli xidmətin göstərilməsi üçün müasir təfəkkürlü kadrlar işə cəlb olunur, eləcə də könüllülərlə birgə iş prinsipi formalaşdırılır. 
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 sentyabr tarixli Fərmanı ilə dövlət torpaqların icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı əsasında həyata keçirilir. Bu isə torpaqlardan daha səmərəli və məqsədli şəkildə istifadə edilməsinə, o cümlədən münbit torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması ilə bağlı genişmiqyaslı tədbirlər görülməsinə şərait yaradacaqdır. Kənd təsərrüfatı məqsədi ilə 66 min hektara yaxın torpaq sahəsi icarəyə verilib. 
Dövlət əmlakının səmərəli idarəedilməsi ilə bağlı Dünya Bankının tövsiyələri nəzərə alınmaqla iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılıb. Bu məlumat bazasında kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır. 5000-ə yaxın dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada qəbul edilib, sahələr üzrə təhlillər aparılıb. 
Cari ilin 9 ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ümumilikdə 160-dan artıq hərrac keçirilib. Bu dövrdə 500-ə yaxın dövlət əmlakı özəlləşdirilib. Daha iki müəssisə üzrə investisiya müsabiqəsi baş tutub. Dövlət əmlakının özəlləşmə prosesinin sürətləndirilməsinə və şəffaflığın təmin edilməsinə xidmət edən “Özəlləşdirmə portalı”-na cari ilin 9 ayı ərzində 650 minə yaxın baxış olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portala baxış sayı 2 milyona yaxındır. İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan və sənaye, səhiyyə, xidmət, turizm kimi sahələri əhatə edən 400-ə yaxın müəssisə haqqında məlumatlar “Özəlləşdirmə portalı”nda yerləşdirilib. Eyni zamanda yerli sahibkarların özəlləşdirmə prosesinə cəlb edilməsi ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasının iştirakı ilə bir neçə rayonda işgüzar forumlar keçirilib.
2018-ci ilin 9 ayı ərzində ölkə üzrə 160 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Komitənin “Kütləvi çıxarış” və “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyaları əhatə dairəsini genişləndirməkdədir. Göstərilən xidmətlərin birbaşa olaraq vətəndaşın ünvanına çatdırılması üçün komitənin müasir texnologiyalarla təchiz olunmuş yeni mobil ofisi fəaliyyətə başlayıb. 
Göstərilən elektron xidmətlərin sayı 39-a çatıb. 2018-ci ilin 9 ayında elektron və onlayn xidmətlər vasitəsilə 150 min müraciət daxil olub və cavablandırılıb. Bundan başqa 193 saylı Vahid Çağrı Mərkəzi, Komitənin sosial şəbəkələri və internet resurslarına da onlayn olaraq vətəndaşlar tərəfindən 11 mindən çox müraciət daxil olub və cavablandırılıb.
Müşavirənin sonunda Komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Torpaqların mühafizəsinə dövlət nəzarətinin daha da gücləndirilməsi, qanunsuz tikililərin qarşısının alınması, torpaq münasibətlərinin tənzimlənməsinin effektiv aparılması, o cümlədən, torpaqların elektron kadastr uçotu sisteminin təkmilləşdirilməsi, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi ilə bağlı görülən işlərin sürətlənməsi barədə tapşırıqlarını verib. Eyni zamanda daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın daha da artırılmasının, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı işlərin davam etdirilməsinin, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi istiqamətində zəruri işlərin görülməsinin vacibliyini vurğulayıb.