Kərkükün qubernatoru muxtariyyət tərəfdarıdır

Soydaşlarımızın yaşadığı vilayətin etnik pərdəli, neft qoxulu siyasət səhnələri

Kərkükün qubernatoru Nəcmələddin Kərim Kərkükdə muxtar regionun yaradılması təklifində təkid edir.
​Hurriyyet.org Kurdistan.ru saytına istinadən xəbər verir ki, o əyalətin etnik cəhətdən müxtəlif olmasının özünüidarənin daha düzgün yol olması qənaətinə gətirdiyini bildirib. Nəcmələddin Kərim bu açıqlamanı ABŞ-ın Ərbildəki baş konsulu Mattias Mitmanı qəbul edərkən deyib. Konsul isə öz növbəsində ölkəsinin İraqı vahid və demokratik ölkə kimi görmək istədiyini söyləyib.
Nəcmələddin Kərim həmçinin, əyalət büdcəsi ilə bağlı bəzi məsələləri müzakirə etmək üçün İraqın baş naziri Heydər əl-Əbadi ilə görüşmək niyyətində olduğunu da bildirib. O hesab edir ki, neft ixracına yenidən başlanılacağı təqdirdə bu, həm Bağdada, həm də Ərbilə faydalı ola bilər.
ABŞ təmsilçisi İraqda baş verən hadisələri, xüsusilə də İŞİD-ə qarşı müharibədəki vəziyyəti optimizs qiymətləndirdiyini bildirib – son dövrdə bir neçə strateji vacib məntəqə qruplaşmanın yaraqlılarından azad edilib.
Əvvəllər də xəbər verdiyimiz kimi, İraq parlamentindəki demək olar ki, bütün kürd fraksiyaları neftlə zəngin olan Kərkük əyalətinin Kürdistanla inteqrasiyasının tərəfindədirlər.
Kərkükün qubernatoru Nəcmələddin Kərim ötən ay bəyan etmişdi ki, qarşıdakı referendumda əyalətin qeydiyyatlı seçicilərinin qarşısında üç seçim yolu qoyulacaq: İraqın tərkibində qalmaq, müstəqil region olmaq, yaxud da Kürdistana inteqrasiya etmək.
Qeyd edək ki, Kərkükün türkmən və ərəb fraksiyaları artıq çoxdandır ki, Kürdistanla inteqrasiya əleyhinə çıxış edirlər.