​Kərkükdə FƏLAKƏT SSENARİSİ: Şərqi parçalayacaq “şəhər dövlətlər” yaradılır

“Kərkük döyüşü dövlətlər savaşından sonra şəhərlər savaşının adıdır. Bölgədəki böhranları bu günə qədər dövlətlər ölçüsündə qiymətləndirirdik, bundan sonra şəhərlər üzərindən qiymətləndirəcəyik”.
Bu barədə “Yeni Şəfəq” qəzetinin köşə yazarı İbrahim Karagül İraq ordusunun Kərkükün peşmərgədən azad edilməsi üçün başladığı hərbi əməliyyatlar haqda köşə yazısında yazıb.
Onun sözlərinə görə, “şəhər dövlətlər” modeli bölgənin parçalanması üçün ən dəhşətli nümunədir: “Bu, bir şəhər üzərində regional qiyamətin qopa biləcəyinin nümunəsidir. Kərkükdə baş verənlər bunu göstərir. Ən təhlükəsi odur ki, biz İraq və Suriyanın parçalanması ilə yanaşı, “şəhər dövlətlərin” qloballaşması ilə qarşı-qarşıyıq. Zaman keçdikcə, şəhər uğrunda mübarizə dövlət uğrunda mübarizə səviyyəsinə gəlib çatacaq. Kərkükdən sonra Hələb, daha sonra başqa şəhərlər bu ssenariyə daxil ediləcək”.
İ.Karagül Kərkük məsələsinin bu gün İraq və Suriyanın bölünməsi ssenarisindən daha təhlükəli olduğunu və bunun bütün bölgənin hiss-hissə parçalanmasına apardığını qeyd edib.
“Vaxtilə ABŞ-ın Bağdadda həyata keçirdiyi ssenari bu gün Kərkükdə tətbiq olunur. Kərkük işğal edib, talan edirlər. Buna görə də İraq və Suriyanı müzakirə etdiyimiz qədər Kərkükü də müzakirə etməliyik. Çünki xarici işğalçılar və bölgədə onlara dəstək verən terror təşkilatları, habelə ortaqları şəhərlər üzərindən bir fəlakət ssenarisi hazırlayır. Bu, ölkələrin parçalanması planından sonrakı addımdır. Bərzaninin PKK ilə birlikdə Kərkükü işğal etməsinə icazə verilməməlidir”, - deyə o bildirib.