Kərimovun dəfn mərasimində 17 ölkədən nümayəndə heyəti iştirak edəcək – YENİLƏNİB

Müxtəlif ölkələrin dövlət və hökumət rəhbərləri Özbəkistan prezidenti İslam Kərimovun dəfn mərasiminə qatılıb.
RİA "Novosti”nin verdiyi xəbərə görə, Özbəkistan Nazirlər Kabinetinin ictimaiyyətlə əlaqədar üzrə nümayəndəsi bildirib ki, dəfn mərasimində 17 ölkədən nümayəndə heyəti iştirak edəcək, yerli vaxtla saat 12:00-da başlayacaq mərasim üçün hər şey hazırdır. Onun sözlərinə görə, Əfqanıstan, Tacikistan, Türkmənistan prezidentlər, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan baş nazirlər, Çin, Cənubi Koreya, Ukrayna isə baş nazirlərin müavinləri səviyyəsində təmsil olunur. Rusiya nümayəndə heyətinə baş nazir Dmitri Medvedyev, İran nümayəndə heyətinə xarici işlər naziri Məhəmməd Cavad Zərif, Türkiyə nümayəndə heyətinə isə baş nazirin müavini Toğrul Türkeş rəhbərlik edir.
 
***
 
Özbəkistan prezidenti İslam Kərimovun cənazəsi Səmərqəndə aparılıb.
Özbəkistan KİV xəbər verir ki, cənazəni Səmərqənddə əlində gül tutan minlərlə sakin qarşılayıb.
Prezidentin tabutu ağ örtüyə və Özbəkistanın dövlət bayrağına bürünüb.
Qeyd edək ki, ölkə konstitusiyasına əsasən, prezidentin səlahiyyətlərini müvəqqəti olaraq, Senatın sədri Niqmatullah Yuldaşev icra edəcək. Dövlət dəfn komissiyasının sədri isə baş nazir Şövkət Mirzəyevdir.