​Kərim üçün kampaniya başladı: Kimlər qoşuldu?

Baxış sayı:
18205

Atamın görməsində və eşitməsində də problem yaranıb.
Bu sözləri Kult.az-a açıqlamasında meyxanaçı Ağakərimin (Kərim Novruzov) oğlu Kamil deyib. O, müalicə xərclərinin qarşılanması üçün dostlarının kampaniya başlatdığını söyləyib:
“Hazırda atamın ayaqları tutulub, yeriyə bilmir. Meyxanaçı dostları da tez-tez gəlib baş çəkirlər. Sənət dostlarından maddi yardım göstərənlər də olub. Atamın müalicəsinə lazım olan pulun yığılması üçün dostlarım məndən xəbərsiz kampaniya başladıb, efirə çıxmağıma şərait yaradıblar. Tarix (Tolik) bəy özü mənə zəng elədi ki, bu barədə efirdə insanları məlumatlandırım. Sonradan müxtəlif efirlərdən zəng edib müsahibə almaq istədiklərini dedilər. Amma atamın bu vəziyyətdə efirdə görünməsinə razı olmadım. Hələlik toplanan pul müalicə üçün lazım olan məbləğin cüzi bir hissəsidir. Həkimlər deyir ki, müalicədən sonra görməsi və eşitməsi də qaydasına düşəcək”.
Meyxanaçı Samirə isə saytımıza açıqlamasında Ağakərimin vəziyyətindən xəbərsiz olduğunu bildirib:
“Bundan əvvəl hospitalda yatanda Kərimə baş çəkmişdim. Biz onunla çox yaxınıq, ailəvi dostuq. Uzun müddətdir ölkə xaricində olduğuma görə səhhətinin pisləşməsindən xəbərsiz idim. Mütləq gedib maraqalanacam. Müalicə xərclərinin qarşılanması üçün əlimdən gələni edəcəyəm. Tələb olunan pul böyük məbləğdir. Bu, bir-iki adamın işi deyil. Hamımız bunun üçün dəstək olmalıyıq”.
Tanınmış meyxanaçı Ağamirzə Məmmədov da yaxın dostu K.Novruzovun ayağa qalxması üçün ona dəstək olacağını deyib:
“Gedib evində Kərimi görmüşəm. Onun üçün əlimdən nə gəlirsə, etməyə hazıram. Düzü, edilən yardımı demək yaxşı deyil. Ona görə də bu barədə danışmaq istəmirəm. Kərim bizim əziz adamımızdır”.
Qeyd edək ki, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən və efirlərdən uzaqlaşan meyxanaçı Ağakərimin (Kərim Novruzov) ayaqları tutulub. "Hər şey daxil” verilişinə telefon vasitəsi ilə qoşulan meyxanaçının oğlu Kamil atasının 2 aylıq müalicəsi üçün 20-25 min manat tələb olunduğunu söyləyib.