Kərim Babayevi İnterpola verdilər - YA AZƏRBAYCANDA, YA TÜRKİYƏDƏ GİZLƏNİR...

Baxış sayı:
376

Rusiyanın Rostov vilayətində cəmi bir neçə ay əvvələ qədər ən iri biznesmen-oliqarx hesab edilən azərbaycanlı Kərim Babayevin barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib. Bu haqda TASS prokurorluqdakı mənbəyə istinadən bildirir. Məlumatda deyilir ki, Kərim Babayevin adı tezliklə axtarışda olan cinayətkarlara dair bütün məlumat bazalarına daxil ediləcək.

Xəbər verildiyi kimi, bu ilin aprel ayında Federal Təhlükəsizlik Xidmətinin əməliyyatçıları Rostov vilayətinin Aksay rayonunun administrasiyasının rəhbəri, 27 ildir bu vəzifəni tutan Vitali Borzenkonu, Kərim Babayevin iki oğlunu və onun biznesini idarə edən daha bir nəfəri həbs edib. Vitali Borzenko vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, dövlətə məxsus torpaq sahələrini qanunsuz olaraq Kərim Babayevə satmaqda və çirkli pulların yuyulmasında ittiham olunur. Kərim Babayev isə həbsdən yayına bilib, onun ya Azərbaycana, ya Türkiyəyə qaçdığı bildirilirdi.

Kərim Babayevin Aksay rayonunda dörd iri ticarət mərkəzi (“Almaz”, “Atlant”, “Klassik”, “Stroitelniy”) olub, həmin bazarlarda on minlərlə adam işləyirdi. Həmin həbs əməliyyatının ardınca onun bazarlarına minlərlə “Rosqvardiya” və OMON döyüşçüsü yeridilib. Bazarların qanunsuz fəaliyyət göstərdiyi irəli sürülüb və onların fəaliyyəti dayandırılıb.

Bir gün əvvəl-iyulun 28-də Rostov vilayəti üzrə prokurorluğun kollegiyasında Rusiya baş prokurorunun müavini Andrey Kikot bildirib ki, həmin iş üzrə fiqurantlar beynəlxalq axtarışa verilib. “Gərəkdir ki, onların barəsində bütün sənədlər İnterpol orqanlarına verilsin və hər şey rəsmi olsun. Onlar axtarışda olan şəxslərə dair bütün məlumat bazalarında olmalıdır”,-Kikot deyib.

Kərim Babayevin oğlanları Eduard və Vadim Babayevlər, habelə Aksay rayonunda torpaq sahəsinin ələ keçirilməsində orada qanunsuz olaraq ticarət mərkəzləri tikməkdə ittiham olunan digərlərinin barəsində çıxarılmış həbs qətimkan tədbirinin müddəti avqustun 11-də başa çatır. Bildirilir ki, hazırda məhkəmələrdə Babayevlərə məxsus özbaşına kapital tikintilərin sökülməsinə dair 30-dan çox mülki iddiaya baxılır.

 Kərim Babayev “Rostov vilayətinin Berezovskisi” (Berezovski Londonda ölən rusiyalı milyarderdir) hesab edilirdi və onun çoxsaylı daşınmaz aktivləri, biznes obyektləri olub. Lakin Babayevin bazarları on illərdir fəaliyyət göstərsə də onların qanunsuz olduqları indi yada düşüb və biznesmenin çökdürülməsi prosesi başlayıb./Virtualaz.org