Kremlin nəzarətindəki gizli şöbələr

Putinin «təbliğat təlxəkləri» neсə işləyir?

Kremlin nəzarətində çoxlarının xəbərinin belə, olmadığı xüsusi bir qurum fəaliyyət göstərir. Qurumun nəzdində prezident Putinin təbliğatı ilə məşğul olan, onunla bağlı məlumat və fikirlərə şərh yazan 40 şöbə var. Bu şöbələrdən birinin (şərh şöbəsi) keçmiş əməkdaşı Marat Burkxard mətbuata maraqlı müsahibə verib. Burkxard keçmiş iş yerini «Trollar fabriki» (troll – rus nağıllarındakı personajdı, təlxək mənasında işlənir) adlandırıb. Dediyinə görə, bu işə şəxsi marağından baş vurub və orada cəmi iki ay çalışıb: «İşə qəbul olunarkən əvvəlcə ədəbiyyatdan sorğu-sual olunursan. Sonra səndən bir neçə mətn yazmaq tələb olunur. Mövzular əvvəlcə neytral olur. Daha sonra bu iki suala iki sözlə cavab verməyini istəyirlər – Psaki kimdir və Rusiya Donetskdə nəyə nail olmaq istəyir?».

Burkxardın sözlərinə görə, «Trollar fabrikində» orta aylıq əməkhaqqı 45 min rubldur. Bu pulu ala bilmək üçün 135 şərh yazmalısan. İş günü 12 saat davam edir. Sonra gecə növbəsi işə başlayır. Şərhlər şöbəsindən başqa, qurumda fotolar və videolar şöbəsi var ki, orada daima 20 nəfər çalışır. Həmçinin Ukrayna və ingilis dillərində fəaliyyət göstərən şöbə var ki, orada maaş bir qədər yüksək - 65 min rubldur. Şöbələrin əməkdaşları bir-birilə dostluq edə, münasibət yarada bilməzlər».

M.Burkxard onu da bildirib ki, yazdıqları şərhlər 200 işarədən az olmamalıdır: «Bütün şərhlər mütləq şəkildə ideoloji nəzarətdən keçir. Səhvlər isə bağışlanmır və həmin əməkdaş işdən azad edilir».