​Kremlin “ikinci erməni dövləti” layihəsi – TÜRK DÖVLƏTLƏRİNƏ TƏLƏ

Türkiyə və Azərbaycan Avrasiya İttifaqına üzv olsalar, o zaman Ermənistan vətəndaşları təşkilatın sərbəst dolaşım şərtindən istifadə edərək, Azərbaycan və Türkiyəyə sərbəst şəkildə daxil ola biləcəklər.
Bu sözləri “Milliyet” qəzetinə açıqlamasında Türkiyənin Əsilsiz Erməni İddialarıyla Mücadilə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy söyləyib.
“1992-ci ildə Ermənistan və Rusiya orduları tərəfindən işğal edilən Azərbaycanın Qarabağ bölgəsi ucbatından Türkiyə və Azərbaycan Ermənistanla sərhədlərini bağlamışdı. İşğal edilən Azərbaycan torpaqları azad edilmədən, qətl edilən azərbaycanlıların qisası alınmadan Ermənistan konstitusiyasında sərhədləri tanınmayan Türkiyəni bu birliyə üzv etməklə Rusiya türk millətinə öz keçmişini unutdurmaq istəyir. Avrasiya İttifaqına üzv olma şərtlərindən biri də ölkələr arasında vizaların ləğv edilməsi və sərbəst dolaşım şərtidir. Bu da o deməkdir ki, Türkiyə və Azərbaycan birliyə üzv olsalar, digər ölkə vətəndaşlarına öz ərazilərinə sərbəst gəlmələrinə izn verməlidirlər.
Rusiya maşası Ermənistan vasitəsilə Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmaq istəyir. Türkiyənin Ermənistanla sərhədlərini açması üçün İrəvan Azərbaycan torpaqlarından çıxmalıdır. Rusiya bunu nəzərə alaraq Azərbaycan və Türkiyəni Ermənistanla uzlaşdırmaq üçün Avrasiya İttifaqına üzvlük və beş rayonun geri qaytarılması planını təklif edir. Bu, Azərbaycanın xeyrinə deyil, əksinə, ikinci erməni dövlətinin qurulması və leqallaşdırılması layihəsidir”, – deyə o bildirib(axar.az).