KREMLDƏN İLK REAKSİYA GƏLDİ - “Əlbəttə, biz görürük ki, Paşinyan inamlı qələbə qazanıb...”

Baxış sayı:
761

Ermənistanda dünən keçirilən parlament seçkilərinin nəticələri keçmiş prezidentlər Robert Köçəryan, Serj Sərkisyan və Paşinyanın uduzmasını arzu edən digərləri üçün o qədər gözlənilməz olub ki, onlar hələ də səslərini çıxarmırlar. Görünür baş verənlərə izah tapa və məğlubiyyəti əsaslandıracaq arqumentlər formalaşdıra  bilmirlər.

Köçəryanın “Ermənistan” blokundan keçmiş deputat Armen Rüstəmyan isə deyir ki, Nikol Paşinyan “pirr qələbəsi” qazanıb və bu seçkilər cəmiyyətdəki parçalanmanı aradan qaldıra bilməyib. Onun fikrincə, cəmiyyətin bir qismi dərk edir ki, müharibə “satqınlıq nəticəsində” uduzlub, digər qismi isə təbliğatın təsiri altındadır və hakimiyyətin ötəri dayağına çevrilib.

 

Rüstəmyan seçkilərdə “misli görünməmiş pozuntular” baş verdiyini deyir. Məsələn, bildirir ki, müxalifətin bülletenlərində şübhəli ləkələr və izlər olub. “Bütün polis müxalifətə qarşı işləyirdi.  Biz təbliğat işini qurmaq əvəzinə saxlanılan fəalların polisdən buraxılması üçün çalışmağa məcbur idik. Əgər belə proseslər əvvəllər baş versəydi, beynəlxalq təşkilatlar çağırışlar edərdilər. Nəyə görə onlar indi susurlar? Yəqin indiki hakimiyyət onlara sərf edir, ona görə.  Əgər konkret hakimiyyət onlara sərf edirsə hər şeyə göz yuma bilərlər. Biz elektriklərin kəsildiyi zamanlara geri qayıtdıq. Əvvəllər bunu bülletenləri dəyişdirmək üçün istifadə edirdilər. Nəyə görə işıqlar məhz seçki qutuları açılanda sönür?”,-Rüstəmyan bildirib.

O deyib ki, seçkilərin nəticələrini tanımayacaqlar. Amma ölkənin qanlı qarşıdurma yoluna daxil olmasını da istəmirlər.

Rüstəmyan Zəngəzurda Paşinyanın böyük fərqlə qalib gəlməsini də anlamadığını deyir. “Şurnux kəndində səsvermə isə ümumiyyətlə, absurd janrındandır. Bu nədir, alçaldılmış vəziyyətdə yaşamağa razılaşmaq və layiqli sülh vəd edən adamlara ümid etməmək? Üstəlik düşünmək ki, bu adamlar gəlib türkü daha da qəzəbləndirər və əvəzində onlar daha da irəli gedər? Təəsüflənirəm ki, bizim xalqın arasında belə seçim edən adamlar var”,-Armen Rüstəmyan Şurnux sakinlərinin Paşinyana səs verməsindən gileylənərək deyib.

Moskvadan isə ilk rəsmi reaksiya eşidilib. Prezident Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Ermənistandakı seçkilərlə bağlı situasiyanı diqqətlə izləyir. “Biz Yerevandan daxil olan informasiyaları çox diqqətlə izləyirik və o cümlədən MSK-nın seçkilərin baş tutduğu barədə bəyanatını alqışlayırıq. Və əlbəttə, biz görürük ki, Paşinyanın partiyası inamlı qələbə qazanıb”,-Peskov bildirib.

Onun sözlərinə görə, Kreml arzu edir ki, erməni xalqının bu qərarı ölkənin “dayanıqlı inkişaf yoluna çıxmasına” kömək etsin.