"Kreml İrəvanı bu bataqlıqda ona görə saxlayır ki..." - KUZNETSOV

Bu gün xüsusilə Azərbaycanda çox az adam bu faktı qəbul etmək istəyir ki, Rusiya heç də “xristian həmrəyliyi” səbəbindən Ermənistanı dəstəkləmir. Bunun tamamilə ayrı, konkret iqtisadi, “xəsis” səbəbləri var.
 
Bu sözləri Axar.az-a açıqlamasında Rusiyanın tanınmış tarixçisi və politoloqu Oleq Kuznetsov deyib. Onun sözlərinə görə, Rusiyanın iqtisadiyyatını inkişaf etdirmək, ölkədəki qara işləri görmək, məsələn, şəhər küçələrindəki zibil yığımını təmin etmək üçün ucuz işçi kütləsinə böyük ehtiyacı var:
“Moskva küçələrində asfalt və daş plitələr qoymaq üçün müəyyən əmək vərdişləri Cənubi Qafqazda ermənilərdə, Mərkəzi Asiyada müəyyən qədər özbəklərdə var. Ucuz işçi qüvvəsi ilə bu işə sərf olunacaq pulu yarıya qədər azaltmaq və ya mənimsəmək mümkündür. Buna görə də Ermənistandakı iqtisadi gərginlik Rusiyaya sərf edir. Çünki bunun sayəsində Rusiyaya minlərlə ucuz erməni işçi qüvvəsi gəlir. Rusiyada bu insanlar tam qul kimi yaşayırlar. Çünki Rusiya və Ermənistan xüsusi xidmət orqanları tərəfindən nəzarətdə saxlanılırlar.
Bu ucuz işçi kütləsi Ermənistan hakimiyyəti ilə qarşılıqlı razılaşmanın bəhrəsidir: Ermənistanı bu bataqlıqda saxlamaq və bundan öz iqtisadi-siyasi maraqları üçün istifadə etmək! Serj Sərkisyanın “Qarabağ klanı” hakimiyyətdə olduqca, bu, belə də davam edəcək. Buna görə də hələ ki, Ermənistanın Rusiyanın “tərkibindən ayrılması” haqda danışmaq tezdir”.