Kreml bu addımla Qarabağ konfliktini qızışdırır - BLANK

Baxış sayı:
3053

Ermənistan ABŞ-Rusiya münasibətlərində öz mövqeyini nəzərdən keçirməlidir.
Muxalifət.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında ABŞ Xarici Siyasət Şurası Analitik Mərkəzinin əməkdaşı Stiven Blank söyləyib. Onun sözlərinə görə, Rusiya Ermənistanı yalnız özünün imperiya maraqları və Dağlıq Qarabağ konfliktini saxlamaqdan ötrü istifadə edir:
 “Ermənistan təkcə Amerika yox, ümumilikdə Qərbin sanksiyalarından əziyyət çəkə bilər. Antirusiya sanksiyalarının həcminin genişlənməsi və müddətinin uzadılması ABŞ-ın köklü şəkildə Rusiyaya qarşı siyasətini sərtləşdirməsindən xəbər verir. Bu isə qısa müddətdə bitməyəcək. Aydındır ki, Rusiyaya qarşı təzyiqlər artacaq. Moskva hələ də özünün antiamerika siyasətini davam etdirir və ABŞ-a Yaxın Şərq, Koreya, eləcə də digər bölgələrdə meydan oxuyur”.
Blank bildirib ki, rus silahlarının Azərbaycan və Ermənistana tədarükü ocağa yağ tökülməsinə bənzəyir:
 “Məncə, konfliktin həlli prosesində ABŞ-ın vasitəçilik təşəbbüsü, eləcə də hər iki konflikt tərəfinin öz xalqlarına danışıqların nə verəcəyini anlatması daha vacibdir. Bu edilməsə, Ermənistan Rusiyanın müstəmləkəsi və ya peyki olaraq qalacaq”, – deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazla bağlı konkret siyasəti yoxdur:
“Amerikanın bu regiona strateji əhəmiyyət verməsinə dair işartı belə yoxdur. Ümid edirəm ki, ABŞ Dağlıq Qarabağla bağlı aktiv addımlar atacaq, amma indiki vəziyyətdə heç bir praktik addım görünmür. Ona görə də tərəflər situasiyanı gərginləşdirməməli, Brüssel və Vaşinqtondan daha aktiv vasitəçilik tələb etməlidirlər”.