Krediti qaytarmayanları həbs etmək olarmı? – AÇIQLAMA

Baxış sayı:
2353

Son vaxtlar Azərbaycanda banka olan kreditini qaytarmadığına görə, haqqında cinaət işi açılan iş adamlarının sayı artmaqdadır. Müşahidələr göstərir ki, belə hallar əsasən eyni banka borcu olan sahibkarlarla baş verir. Həğs edilən iş adamları arasında Bakının məşhur otelinin sahibi də var.

Son zamanlar fərdi sahibkarların və hüquqi şəxslərin rəhbərlərinin aldıqları bank kreditinə görə hüquq-mühafizə orqanlarına dəvət edilmələri söylənilir. Hətta onlara qarşı cinayət işlərinin açılması, bəzilərinin həbs edildiyi deyilir. Sahibkar və ya hüquqi şəxsin rəhbəri hansı hallarda kreditə görə cinayət məsuliyyətinə cəlb edilə bilər?

Tanınmış hüquqşünas, bank-maliyyə və kredit prosesləri üzrə ixtisaslaşmış Əkrəm Həsənov bununla bağlı məsələyə aydınlıq gətirib.

Ekspert bildirir ki, əvvəla, kreditin qaytarılmamasına görə heç kəs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Yalnız kreditin qaytarılması haqda qüvvəyə minmiş məhkəmə aktını qərəzli icra etməyən (yəni sübut edilmiş imkan ola-ola borcu ödəməyən) kəs məsuliyyət daşıyır (imkan yoxdursa, həmin şəxs özünü müflis elan edə bilər). Bunun üçün isə kreditor (bank) əvvəlcə məhkəmədə iddia qaldırıb qüvvəyə minmiş məhkəmə qətnaməsi əldə etməlidir. Son zamanlar açılan cinayət işləri isə qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan açılır. Necə?

«Cinayət Məcəlləsində “Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə” adlı 195-ci maddə var. Borclu sahibkarlar yalnız bu maddə ilə məsuliyyətə cəlb oluna bilər.

Həmin maddəyə əsasən 2 növ cinayət tərkibi mövcuddur:

1) hüquqi şəxsin rəhbəri və ya fərdi sahibkar tərəfindən hüquqi şəxsin, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin alınması;

2) hüquqi şəxsin rəhbəri və ya fərdi sahibkar tərəfindən kreditdən təyinatı üzrə istifadə edilməməsi.

Hər iki tərkibin bir vacib əlaməti də var – ziyanın vurulması: xeyli miqdarda (100000 manatadək) olduqda 2 ilədək, külli miqdarda (100000 manatdan artıq) olduqda isə 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Beləliklə, sahibkar və ya hüquqi şəxsin rəhbəri yalnız o halda kreditə görə cinayət məsuliyyətinə cəlb edilə bilər ki,

1) krediti almaq üçün banka qəsdən yalan məlumat verib (məsələn, maliyyə göstəricilərini şişirdib), yaxud

2) kreditdən təyinatı üzrə istifadə etməyib (məsələn, Azərbaycanda sahibkarlıqla məşğul olmaq əvəzinə Gürcüstanda daşınmaz əmlak alıb). Təbii, hər iki halı mütləq sübut etmək lazımdır! Bu, nəinki asan deyil, əksər hallarda bank rəhbərlərini çox çətin vəziyyətə qoyur.

Çünki açıq-aşkardır ki, onlar da borc alanlarla ya əlbir olublar, ya da ən azı vəzifələrini vicdanla icra etməyiblər. Axı necə ola bilər ki, sahibkar peşəkar bankirə yalan məlumat versin, sonuncu da onu yoxlamadan kredit versin? Axı qanunvericiliyə əsasən yoxlamalı idi!

Və ya necə ola bilər ki, peşəkar bankir illər öncə sahibkara verdiyi kreditin təyinatı üzrə xərclənmədiyini yalnız indi bilsin? Axı qanunvericiliyə əsasən kreditin istifadəsi vaxtaşırı monitorinq olunmalı idi. Mən hələ onu demirəm ki, əksər hallarda kredit müqavilələrində kreditin təyinatı qeyri-müəyyən (ümumi sözlərlə, məsələn, “dövriyyə vəsaitlərinin artırılması”) ifadə olunur. Deməli, sahibkarlarla yanaşı bankirlərə də cinayət işi açılmalıdır. Amma nədənsə hələlik belə işlər birtərəfli (sırf sahibkarlara qarşı) xarakter daşıyır. Bu da sahibkarlara özlərini müdafiə etmək üçün geniş imkanlar açır.

Nəhayət, sözügedən maddədəki cinayət tərkibləri böyük ictimai təhlükə törətməyən (xeyli miqdarda ziyan vurulduqda) və ya az ağır (külli miqdarda ziyan vurulduqda) cinayətlərə aiddir. Bu isə o deməkdir ki, Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən birinci halda şəxs cinayət məsuliyyətinə cinayətin törədildiyi gündən 2 il keçdikdə, ikinci halda isə 7 il keçdikdə cəlb edilə bilməz. Özü də həmin müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Yəni məsələn, hazırda barəsində cinayət işi açılan şəxsə dair hökm böyük ehtimalla 2019-cu ilin ortalarından tez qüvvəyə minməyəcək. Kreditlər isə illər əvvəl götürülüb, deməli, ehtimal edilən cinayət də o zaman baş verib.

Birmənalı olaraq 2 ildən çox keçib, yəni 100000 manatadək məbləğlər üzrə müddət çoxdan ötüb.

Əksər hallarda bu kreditlər 2012-ci ilədək götürülüb, yəni 7 il də ötüb. Bu isə o deməkdir ki, hətta 100000 manatdan çox məbləğlər üzrə də müddət ötüb. Bu isə cinayət məsuliyyətini istisna edir». /Fed.az