KƏRBƏLA FACİƏSİ: DİN, YOXSA TARİX?
(Tarixi hadisəni dini ayin kimi təqdim edərək festival, karnaval keçirmək yolverilməzdir)
Bu gün Aşuradır. Aşura “10-cu gün” deməkdir. Yəni bu gün Məhərrəm ayının 10-dur. Təəssüf ki, əhalimizin xeyli hissəsi bu gün haqda düzgün məlumata malik deyil. Qulaq asanda, sanki “Min bir gecə” nağıllarını dinləyirsən. Bu günü az qala Qurban və Ramazan bayramlarından daha yüksək səviyyədə qeyd edənlər var. Allahı və Peyğəmbəri (SAS) heç o qədər xatırlamırlar, amma İmam Hüseyni tez-tez xatırlayırlar (əlbəttə, qardaşı Həsənlə Cənnət cavanlarının ağası olan şəhid Hüseyn böyük zirvə sahibidir, amma istənilən halda Allah və Peyğəmbərdən çox yad edilməyə layiq deyil axı!).
Əslində, Məhərrəm ayının 10-u (Aşura günü) heç də matəm günü deyil. Bu gündə bir sıra əlamətdar hadisələr olub, o cümlədən Allah Musa Peyğəmbərə firon üzərində qalib gəlməyə kömək edib və yəhudiləri xilas edib. Yəni Aşura – Qələbə günüdür! Buna görə də müsəlmanlar bu gündə, habelə ondan bir gün əvvəl və/və ya bir gün sonra oruc tuturlar. Musa Peyğəmbərə sevgi əlaməti olaraq bunu bizə Peyğəmbərimiz (SAS) tövsiyə edib. Din budur. Vəssalam!
«Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim" (Quran, Maidə surəsi, 3). Quranın sonuncu olan bu ayəsi ilə din tamamlanmışdı! Məsum olan Peyğəmbər (SAS) idi. Allahdan vəhyi yalnız o alırdı. Ondan başqaları, o cümlədən Hüseyn də məsum olmayan, yəni günahları olmuş insanlardır. Onlar Allahdan heç bir vəhy almayıblar. Buna görə də onların həyatı və əməlləri din deyil, yalnız tarixdir.
O ki qaldı bu gündə (hicri təqvimi ilə 61-ci ilin Məhərrəm ayının 10-u, xristian təqvimi ilə 10 oktyabr 680-ci ildə) Peyğəmbərin (SAS) nəvəsi İmam Hüseynin Kərbəlada şəhid olmasına, bu, din deyil. İslam dini – Quran və Peyğəmbərin Sünnəsidir (yəni dediyi sözlər və etdiyi əməllər). Ondan sonra nə olubsa, sadəcə tarixdir. Deməli, Kərbəla faciəsi də tarixdir.
Bununla bağlı heç bir matəmə də ehtiyac yoxdur (o da ola festival və ya karnavala çevirmək). Bu tipli hüzn dinə uyğun olsaydı, ilk növbədə Peyğəmbərə (SAS), sonra digər peyğəmbərlərə, daha sonra Peyğəmbərin (SAS) bütün səhabələrinə, o cümlədən İmam Əliyə, İmam Həsənə yas saxlamalıydıq. Məgər İmam Hüseyndən əvvəl şəhid olmayıb? İslamın ilk illərində elə Məkkənin özündə nə qədər şəhid olub, onlara nə qədər işgəncə verilib! Elə Hüseyndən daha əfsəl olan Peyğəmbərin (SAS) əmisi Həmzə və İmam Əli və digərləri də şəhid olublar da. Hamısı üçün matəm edək? Hər günümüz matəm olardı ki onda! Ümumiyyətlə, şəhidə niyə matəm tutulmalıdır? Axı Allah Quranda deyir: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” (2:154).
İslam dini ağlamaq və özünə əziyyət vermək dini deyil. Bu, yaşamaq, qurmaq, sevinmək dinidir!
Tarixi isə sadəcə öyrənmək lazımdır. İbrət üçün. Nə baş vermişdi Kərbəlada? Yezidin (yeri gəlmişkən, Yezid Peyğəmbərin qaynı oğlu idi) xəlifə olması ilə razılaşmayan 56 yaşlı İmam Hüseyn Kufə əhlinin yalançı məktubları əsasında Mədinədən ora yola düşmüşdür. Halbuki, Peyğəmbərin (SAS) bir sıra səhabəsi ona bunu tövsiyə etmirdi. Nəticədə Kufə əhli İmama xəyanət etdi və Yezidin göndərdiyi valiyə tabe oldular. İşi belə görən İmam iki dəfə geri dönmək istədi. Lakin birinci dəfə ətrafındakı bəzi şəxslər razı olmadılar. İkinci dəfə isə Yezidin göndərdiyi vali tələb etdi ki, əvvəlcə İmam Yezidə beyət etsin. İmam isə bundan imtina etdi və 3 variant təklif etdi: 1) geri dönür; 2) Xilafət ordusunun hər hansı cəbhə bölgəsinə gedir; 3) Yezidlə görüşür. Lakin bu şərtlər qəbul olunmadı. Kufə valisinin böyük qoşunu və İmamın kiçik qoşunu arasında döyüş oldu və İmam qardaşları Əbu Bəkr, Ömər və Osmanla birgə şəhid oldu. Allah onlara rəhmət eləsin!
Bu xəbəri bilən Yezid ağladı, çünki İmamı öldürmək fikri yox idi. Onun valisi həddini aşmışdı. İmamın bütün ailəsi, o cümlədən oğlu Yezidin hüzuruna aparıldı. Yezid onlara qonaq kimi baxdı, sonra isə mühafizə ilə Mədinəyə yola saldı. Heç kəsi öldürmədi, Hüseynin nəslini kəsmədi və s. Bununla belə, İmamın qətlində Yezidin də məsuliyyəti var. Ən azı ona görə ki, dövlət başçısı idi. Ola bilər ki, məsuliyyəti daha ağırdı. Bunu Allah bilir! Əgər belədirsə, təbii ki, cəzasını alacaq. Onun başqa pis əməlləri də olub. O cümlədən Mədinənin zəbti. Bu baxımdan Yezidi sevən müsəlman tapılmaz. Eyni zamanda Hüseyni sevməyən müsəlman da tapılmaz!
Amma bizə tarixdən yalnız ibrət götürmək qalır. Vəssalam!
Kərbəla hadisəsində ibrətlər var. O cümlədən Hüseynin Allah yolunda şəhildik ibrəti də. Eyni zamanda bu hadisədə başqa ibrətlər də var. Müsəlmanlar arasında fitnənin, fəsadın, parçalanmanın apara biləcəyi nəticələr var. Bu baxımdan Kərbəla hadisənin müsəlman ümməti üçün xeyri olmadı. Zərəri isə oldu. Xarici qüvvələrin dəstəyi ilə müxtəlif sektalar yarandı, müsəlmanlar parçalandı, İslamın düşmənləri sevindi. Əsrlər boyu və indiyə qədər bu parçalanmanın təsiri hiss olunmaqdadır. 500 il öncə Kərbəla faciəsini əlində şüar edən qızılbaşlar Bakıya divan tutdular, indiki İŞİD kimi insanları qırıb terror edərək, öz inanclarına çevirməyə cəhd etdilər. Kərbəla faciəsini şüar edənlər tarix boyu yadlarla deyil, İŞİD kimi daim müsəlmanlarla savaşdılar, müsəlman dövlətlərə xaincəsinə arxadan zərbə vurdular. Elə indi də bu hadisənin guya ki, müsəlman hakiminə, dövlətə qarşı üsyan etməyin halal olduğuna əsas kimi gətirənlər var. Məqsəd də aydındır: anarxiya, xaos yaratmaq. Misir, Liviya, Suriya, İraq və digərləri bəs olmayıb? Müsəlmanları parçalamaq, zəiflətmək istəyənlər üçün bəs olmayıb.
Nəticədə insanlarımızın bəzisi İslam dedikdə Allahı, Quranı və Peyğəmbəri (SAS) deyil, ilk növbədə Hüseyni, ziyarət dedikdə Məkkəni deyil, Kərbəlanı, Aşura dedikdə isə Musanı deyil, şaxsey-vaxseyi xatırlayır.
Allah orucunuzu, dualarınızı və bütün ibadətlərinizi qəbul etsin!
P.S. Bu fikirlərimi əvvəllər də bildirmişəm. Bəzi soydaşlarımızın gözlənilən narazılığını və damğalarını qabaqlayaraq, qeyd etmək istəyirəm ki, dediklərim 4 sünni məzhəbinin (hənəfi, maliki, şafii, hənbəli), yəni müsəlmanların böyük əksəriyyətinin baxışlarına və bəlli olan ən qədim tarixi mənbələrə əsaslanır. Yəni burada Amerika açmamışam. Bununla belə, əsaslı və dəlilli əks-mövqelərlə (şüarlarla yox!) tanış olmağa hazıram. Hətta tarixi baxımdan başqa (əslində, daha sonra yazılmış və uydurulmuş) mənbələr də varsa və onlarda fərqli fikirlər varsa, söylənilsin, biz də bilək. Amma hər bir halda tarix niyə dindir axı? Əsas sual və problem də elə budur. Həmin hadisələrə fərqli yanaşmalar ola bilər. Amma bunun dinə nə aidiyyatı var axı? Tarix haqda mübahisə etmək olar. Din haqda olmaz…
Əkrəm HƏSƏNOV