Krallığın gəlinlərinə QADAĞA: Saat altıdan sonra... - FOTO

Baxış sayı:
5731

Şahzadə Uilyamla evləndikdən sonra stil ikonuna çevrilən, geyimləri, aksessuarları milyonlarla qadın tərəfindən təqlid və təqib edilən Keyt Middletonun sirri ortaya çıxıb.

Üstəlik, bu "sirr" yalnız Middltona aid deyil, eltisi Meqan Markla və ailənin bütün digər qadınlarına da aiddir.

Paltarlarını bəzən kiçik dəyişikliklərlə təkrar-təkrar geyinən Keyt Middltonun zinət əşyaları da hər zaman böyük maraq doğurur. O, gündüzlər iştirak etdiyi tədbirlərdə lüks markaların geyimlərinə üstünlük versə də, obrazını sadə, bəzən də ucuz zinət əşyaları ilə tamamlayır. Bəzən bunu hersoginyanın qənaətcil olması ilə izah etsələr də, əslində belə deyil.

Etiket qaydaları mütəxəssisi Mika Mayerin dediyinə görə, Keytin əslində çox qiymətli brilyant sırğaları olsa da, İngilis kral ailəsinin qadınları bunları axşam saat 18:00-dən əvvəl taxması qaydalara ziddir. Yəni təmtəraqlı tac və digər bəzək əşyalarını axşam tədbirlərinə taxmağa icazə verilir. Gündüz saatlarında iştirak etdikləri tədbirlərdə isə inci, topaz kimi dəyərli, amma sadə elementlərlə kifayətlənmək lazımdır.

Etiket qaydaları mütəxəssisi Qrant Harrold isə qeyd edib ki, axşam saatlarında taxılan bu qiymətli taclar da özlüyündə bir mesaj ötürür. Onun sözlərinə görə, qadınların taxdığı tacların öz mənası var:

“Taclar qadının ictimai statusunu göstərir. Onun evli olduğunu və özünə həyat yoldaş axtarmadığını simvolizə edir. Bu keçmişdən gələn və bu günə qədər yaşayan bir ənənədir. Bu taclar kişilərə qadınların evli, yoxsa subay olduğunu dərhal anlamağa və ona uyğun rəftar etməyə imkan verir. Kral ailəsinin üzvləri də təmtəraqlı taclarını və aksessuarlarını qatıldıqları dəvətlərə özəl olaraq seçib taxır”.

Qeyd edək ki, Keyt Middltonla, Meqan Markl da toylarında kraliçanın olduqca dəyərli almaz taclarını taxmışdı./publika