​Korrupsiya ilə bağlı memorandum imzalandı - Foto

Baxış sayı:
8320

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının prokurorluq orqanları korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməklə yanaşı, bu sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlar və digər dövlətlərin ixtisaslaşmış orqanları ilə qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da genişləndirir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, bu sahədə formalaşmış müsbət tendensiyanın davamı olaraq, Monqolustanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin baş direktoru Enkjarqal Kurelsukun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi müsbət təcrübə və nailiyyətlərlə tanış olmaq, o cümlədən ixtisaslaşmış antikorrupsiya qurumları arasında ikitərəfli münasibətlərin təsis olunması məqsədilə respublikamızda səfərdədir.
Səfər çərçivəsində Fəxri xiyabana gələn Monqolustan nümayəndə heyəti müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini ehtiramla yad edərək məzarları önünə əkil qoyub.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını və “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Daha sonra Monqolustanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin baş direktoru Enkjarqal Kurelsukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş Prokurorluğunda olub.
Görüşdə baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətlərinin xalqlarımız arasında dərin tarixi köklərə söykənən siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün platforma təşkil etdiyini xatırladaraq, ölkələrimiz arasında ikitərəfli münasibətlərin sürətlənməsinə geniş imkanlar yaratdığını bildirib.
Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, həmçinin qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.
Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Enkjarqal Kurelsuk rəhbərlik etdiyi təşkilatın Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayaraq, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirib.
Görüşdə ölkələrimiz arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərinin gələcək inkişafına inam ifadə edilib, hüquqi əlaqələrin dərinləşdirilməsi perspektivləri müzakirə olunub.
Monqolustan nümayəndə heyəti Baş Prokurorluğun Tarix Muzeyində Azərbaycan dövləti, onun hüquq sistemi, dövlətimizin başçısının rəhbərliyi ilə reallaşdırılan islahatlar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən guşə və digər ekspozisiyalar ilə tanış olublar.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib.
Baş prokurorun müavini - Baş İdarənin rəisi Kamran Əliyev ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən hərtərəfli islahatlar, korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər, bu sahədə ixtisaslaşdırılmış qurumlar olan Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, habelə cinayət təqibi orqanı funksiyasını yerinə yetirən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müsbət təcrübəsi və əldə etdiyi uğurlar barədə ətraflı məlumat verib.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə qarşılıqlı fəaliyyətin səmərəliliyindən bəhs olunub, tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib. Həmçinin iki ölkənin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Tədbirin gündəliyinə uyğun olaraq, noyabrın 21-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə Monqolustanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Müstəqil Xidməti arasında korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş İdarənin rəisi Kamran Əliyev və Monqolustanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Müstəqil İdarəsinin baş direktoru Enkjarqal Kurelsuk imzalayıblar.
İmzalanma mərasimində hər iki tərəf sənədin məlumat və təcrübə mübadiləsi baxımından əhəmiyyətini yüksək qiymətləndirib, memorandum çərçivəsində əməkdaşlığın gələcək istiqamətlərini müzakirə edərək korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etmək barədə razılığa gəliblər.
Nümayəndə heyəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında müasir proqram təminatı ilə təchiz edilmiş “161 - Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi, əməliyyatların idarə edilməsi mərkəzi, kriminalistika otağı, müxtəlif səviyyəli konfransların və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş iclas zalları, normativ-hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana ilə yaxından tanış olublar.
Qonaqlara korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilmiş tədbirlərin əks olunduğu jurnallar təqdim edilib.
Səfər çərçivəsində qonaqlar, həmçinin həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsi kimi dövlət xidmətlərinin əlaqələndirilmiş şəkildə “vahid məkan” prinsipi əsasında təqdim olunduğu “ASAN xidmət” modeli, məhkəmə və prokurorluq orqanlarının infrastrukturunun müasirləşdirilməsi istiqamətində aparılan işlərlə də tanış olublar.
5 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti və vətəndaşlara göstərilən xidmət növləri ilə ətraflı tanış olan nümayəndə heyəti dövlət orqanlarının hüquqi xidmətlər göstərməsində vətəndaşların məmnunluğuna, şəffaflığın təmin edilməsinə, korrupsiya hallarının istisna olunmasına, müasir texnologiyaların tətbiqinə, məmur-vətəndaş təmas nöqtələrinin minimuma endirilməsinə istiqamətlənmiş mərkəzlərin fəaliyyətini təqdirəlayiq hesab ediblər.
Nümayəndə heyəti Nərimanov Rayon Məhkəməsinin və Sumqayıt Şəhər Prokurorluğunun yeni inzibati binaları ilə tanış olub, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə aparılan genişmiqyaslı islahatları, hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işləri və əməkdaşlar üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər.
Səfəri zamanı qonaqlar ölkəmizin tarixi və mədəni abidələri, o cümlədən Bakının müasir rəmzlərindən olan Heydər Əliyev Mərkəzi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə də yaxından tanış olub.
Paytaxtın müasir görünüşü nümayəndə heyətinin üzvlərində xoş təəssürat və böyük maraq doğurub.
Azərbaycan Respublikasının prokurorluq orqanları korrupsiyaya qarşı mübarizə sahəsində səylərin birləşdirilməsi və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə bundan sonra da beynəlxalq tərəfdaşlarla əməkdaşlığını davam etdirəcək. Bu baxımdan imzalanmış Anlaşma Memorandumu əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə müsbət töhfə verəcək.