​Korrupsiya faktını ört-basdır etmək üçün RASİMİ İNTİHARA MƏCBUR EDİBLƏR – Şəkidə baş verən intihar olayının şok detalları

Baxış sayı:
7642

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Milli Aerokosmik Agentliyin Təbii Ehtiyatların Kosmik Tədqiqatlar İnstitunun aparıcı elmi işçisi, Yasamal rayonu, Zərdabi küçəsi ev 73, mən 39-da yaşayan Hümmətov Ramis Mürsəl oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Zakir Qaralova, eləcə də digər səlahiyyətli şəxslərə müraciət edən Ramis Hümmətov intihar etmiş qardaşı Hümmətov Rasim Mürsəl oğlunun korrupsiyalaşmış mütəşəkkil cinayətkar dəstə tərəfindən özünü öldürmə həddinə çatdırıldığını iddia edir:
“Şəki rayonunun Baş Göynük kəndində 13 may, səhər saat 7-də kiçik qardaşım Rasim Hümmətov yaşadığı evin həyətindəki tövlənin çardağında özünü trosla asmışdır. Mən qardaşımın son addım atmasını əvvəlcə başa düşə bilmədim. Bakıdan rayona çatanadək Şəkidən gəlmiş polislər hadisə yerinə baxış keçirmiş və Rasimin cibindən çıxan son məktubu da özlərilə aparmışlar. Sonradan ailə-uşağı çox yalvarsa da, polislər hələlik məktubu ailəsinə təhvil vermək fikrində deyillər.
Mən məsələnin niyə və nə səbəbdən baş vermə ehtimallarını araşdırdım. Xatırladım ki, qardaşım Rasim son gününədək Baş Göynük kənd Bələdiyyəsində əmək müqaviləsi əsasında torpaq bölgülərinin aparılması işlərini, Şəki İcra Hakimiyyətinın Baş Göynük kənd nüməyəndəliyində isə rəhmətə getmiş Sərvər Aslanovun yerinə torpaq işlərilə bağlı sənədləşmə işlərini aparırdı. Ölümündən bir neçə gün əvvəl ona kənd icra nümayəndəliyində bildirmişlər ki, “Rasim, sən icra nümayəndəsinin qohumu olan Yusif adlı şəxsə görüdüyün işləri öyrətməlisən və saxladığın bütün sənədləşmə işləri olan kompüteri də, fleşkalarını da ona təhvil verməlisən”.
Bundan sonra - 12 mayda kənd icra nümayəndəsi Rza müəllimin ad günü mərasimində iştirak etmişdir. Rasimə İbad adlı şəxs tərəfindən telefonla ciddi hədə-qorxu gəlinibmiş ki, gördüyü bütün işlərlə bağlı məsuliyyət sənin üzərindədir. Və bütün dəymiş ziyana görə Rasim cavabdehdir.
Verilən məlumatda bildirilir ki, həmin məclisdə Rasim bir tikə belə, çörək yeyə bilməmişdir. O, avtomobilini yüksək sürətlə idarə edərək evinə gəlmişdir. Evdəkilər də onun sifətinin boğulmasını görüb narahat olmuşlar. Deyilənə görə, Rasimi məclisdə ciddi təhdid etmiş və konkret mənimsənilən pula görə onu “yükləmişlər”.
Rasim ailəsinə də son dəfə bildirmişdir ki, onu işdən çıxarıblar, ona görə keyfi yoxdur. O, evdə kağıza qeydlər edib. Bunu ailəsi də görüb. Və hesablayıb ki, evini-eşiyini də satsa onu darda qoyan iş yoldaşları cinayət məsuliyyətini onunla bölüşmək istəmədiklərindən, o, əlacsız qalıb canına qıymışdır.
Mən hərdən rayona - ata evinə gedib onunla görüşəndə hiss edirdim ki, o, babat dolanır. Mal-qarası, qoyunları vardı. Avtomobil almışdı. Yəni, bu gün fikirləşirəm ki, onun əlilə torpaq işlərində qazanılan milyonların əvəzinə, ona verilmiş qəpik-quruşla o, özünə babat şərait yaratmışdır. Gərək rəhmətlik qardaşım onu son anda tək qoyaraq, ölümə təhrik edən vicdansız yoldaşlarının vədlərinə inanıb şirniklənməyəydi. Nə isə...
Hadisə baş verən günün səhəri Şəkidən polislər araşdırmaya gəldiyi zaman kənd icra nümayəndəsi Rza Calalov da özünü Rasimin evinə salaraq, orda axtarış aparmaq istəmiş, polislər dərhal ona otağı tərk etməyi demişlər. Görəsən, kənd icra nümayəndəsi Rza müəllim Rasimin otağında nəyi itirmişdir? Elə həmin vaxtlar səhər Baş Göynük kənd Bələdiyyəsindən iki minik avtomobilini sənədlərlə doldurub təcili olaraq naməlum istiqamətdə aparıblar.

Xatırladım ki, Kənd bələdiyyəsinə məxsus 270 kv.m otaq sahəsi kənar müdaxilə nəticəsində yanmış, bir çox sənədlər məhv olmuşdur.
Mənə elə gəlir ki, qardaşımın ölümünün əsas səbəbi kimi son illərdə kənd sakinlərinə və fermerlərə taxıl əkini üçün dövlət tərəfindən hər hektar üçün ayrılan 50 manat yardım subsidiyalarının yeni Kənd Təsərrüfatı naziri tərəfindən yoxlanılması barədə göstərişi əsas olmuşdur. Hansı ki, bu torpaq işlərinin də texniki tərəfinin hamısını Rasim sənədləşdirmişdir.Deməli, rəhbərliyin göstərişləri nəticəsində kimlərinsə üzərinə torpaq sahəsi olmadığı və əkilmədiyi halda çox miqdarda hektar torpaq formal yazılaraq, dövlət pullarının mənimsənilməsi illər üzünü baş vermişdir. Bu bir fakt. Digərlərini də yəqin ki, polis araşdırması ortalığa çıxardacaq. Mən yuxarıda qeyd etdiyim məlumatları Rasimə yaxın olan şəxslərdən almışam və ciddi araşdırmaya zərurət vardır.
Şəki RPİ-nin əməkdaşlarının Rasimin son məktubunun ailəsinə qaytarmamasından çox narazıyam və tələb edirəm ki, bu məktubun orjinalı dəyişdirilmədən dərhal ailəsinə qaytarılsın! Məktubun əvvəlində böyük qardaşı Zinyətə yazmışdı ki, “məni yoldan çıxartdılar, evimi yıxdılar...”. Sonrasını polis oxumağa imkan verməyib. Evdən kadastr sənədlərini, cib telefonunu və pulunu, mənim aldığım kompüteri də polislər aparıblar.
Cənab Prezident və Baş prokuror Zakir müəllim! Sizlərdən xahiş edirəm ki, qardaşım Rasimi əvvəlcə bacarıqlı işçi kimi bələdiyyə və icra nümayəndəliyində qanunsuz işə götürüb, onu şirnikləndirərək məhz torpaq işlərilə bağlı ağır cinayətlər törətməyə məcbur etmiş və sonda ona hədə-qorxu gələrək bütün məsuliyyəti üzərinə götürməyə vadar edib, onu ölümə təhrik etmiş korrupsiyalaşmış cinayətkar dəstənin son illərdəki fəaliyyətinin ciddi araşdırlmasına göstəriş verməyinizi xahiş edir və əvvəlcədən təşəkkürümü bildirirəm.
Xahiş edirəm, məni bu məsələ ilə bağlı Prezident Administrasiyasından cənab Fuad Ələsgərov və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyev qəbul etsin.
Xatırladım ki, Rasimin bir xəstə oğlu və 8-ci sinif şagirdi olan sevimli qızı yetim qalmışlar”.
 
Muxalifet.az
 
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.