"Koronavirusun Azərbaycana çatması tamamilə realdır" - EKSPERT: "Bu virusdan qorunmaq üçün ilk növbədə..."

Baxış sayı:
6010

Bütün dünya yeni epidemiya kimi yayılmış koronavirusla bağlı həyəcan təbili çalır. Çindən başlayan və dünyanın bir sıra ölkələrinə yayılmış onlarla insanın ölümünə və minlərlə insanın virusa yoluxmasına səbəb olan koronavirus infeksiyası bir çoxlarını təşvişə salıb. Ümumdünya Səhiyyə Təşkilatı virusla bağlı bütün dünyada fövqəladə vəziyyət elan edib. Yanvarın 28-də prezident İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabinetində Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, ÇXR-in Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.Azərbaycanda rəsmi məlumatlara inansaq hələ ki ölkədə bu virusdan əziyyət çəkənlərə rast gəlinməyib. Amma son vaxtlar kəskin respirator infeksiyalardan dünyasını dəyişənlərin sayının çoxluğu insanlar arasında şübhə yaradıb. Hətta sosial mediada bu virusun Azərbaycanda bir neçə nəfərin ölməsinə səbəb olduğu barədə xəbərlər yayılıb. Bəzi insanlar iddia edirlər ki, bu virus Azərbaycanda da var və hökumət bunu gizlədir. Bütün deyilənlərlə bağlı həkim Adil Qeybulla ASTNA-nın suallarını cavablayıb.
-Adil bəy, dünyanı narahat edən koronavirusun Azərbaycana çatması nə dərəcədə realdır?
-Əvvəla, məlumat üçün deyim ki, koronaviruslar ilk dəfə 60-cı illərdə ümumi soyuqdəyməsi olan insanların burun boşluğunda tapılıb və heyvandan insana keçməsi güman edilir. Ona görə də zoonos virus sayılır. Yəni, həm insanda, həm heyvanda təsadüf edilən virusdur. Bu virus mikroskopik görüntüsünə görə çələngi, yəni tacı xatırlatdığından belə adlandırılır. Bu virusun 10-a yaxın ştamı müəyyən edilib. Onlardan 3-ü ağır ştamdır. Bunlardan biri SARS (Severe Acute Respiratory Syndrome), digəri MERS (Middle East Respiratory Syndrome) və hazırda təhlükəli olan 2019 Novel Coronavirus üçüncü ən təhlükəli ştamdır. Qalan ştamlar hər il mövsümi soyuqdəymə xəstəliyi törədirlər. Hər il bu virusa təsadüf edilir. Virusun bu sonuncu növunü Ümumdünya Səhiyyə Təşkilatı nəzarətə götürüb. Çünki bütün epidemiya, pandemiyaya meylli infeksiyalar xüsusi təhlükəli infeksiyalar sayılır və onlar Ümumdünya Səhiyyə Təşkilatının predmetidir.
O ki qaldı virusun Azərbaycana çatmasına bu, tamamilə realdır. Çünki Azərbaycanla Çin arasında mühüm ticari əlaqələr, miqrasiya, daim dinamika var. Ona görə də virusun Azərbaycana daşınması tam realdır. Nəzərə alaq ki, Türkiyədə, Gürcüstanda artıq virusun tapılması qeyd edilir.
-Son vaxtlar tez-tez regionlarda, eləcə də Ağciyər Xəstəlikləri İnstitutunda insanların kəskin respirator xəstəliklərdən öldüyü barədə xəbərlər alırıq. Bu da koronavirusun Azərbaycana çatdığı barədə fikirləri artırır. Hətta bu yaxınlarda sosial şəbəkələrdə epidemiyanın Azərbaycana çatdığı və 12 nəfərdən çox insanın öldüyü barədə xəbərlər yayılmışdı. Prezidentin təcili bununla bağlı müşavirə keçirdiyi də yazılırdı.  Yazılanlara görə, nazirlik faktları gizlədir. Sizcə, bu mümkündürmü ki, ağır virus Azərbaycanda yayılsın, ölüm halları olsun və bu, ictimaiyyətdən gizlədilsin?
-Azərbaycanda virusun olmasına dair rəsmi məlumat verilmədiyindən son vaxtlar baş verən ölüm hallarını biz koronavirusla əlaqələndirə bilmirik. Amma nəzərə çarpan odur ki, artıq Mərkəzi Klinik Xəstəxanada, Ağciyər Xəstəlikləri İnstitutunda, hətta evlərdə ağır respirator infeksiyadan ölüm halları var. Bunlar artıq rəsmi olaraq deyilir. Məsələn, Ağciyər Xəstəlikləri İnstitutunda bir neçə nəfərin kəskin respirator çatışmazlıqdan dünyasını dəyişməsi xeyli şübhələr yaradır. Bir daha deyirəm ki, biz bunu təsdiq edə bilmirik. Çünki rəsmi məlumat verilmir. Həmin ölənlərin və yaxud xəstələrin burun əsnəklərindən götürülən yaxmaların laboratoriyada virusun identifikasiyası olmalıdır. Bu, olmazsa, biz həmin virusdan ölüm halını təsdiq edə bilmirik.
-Son vaxtlar ancaq ağır qızdırma və öskürəklə müşayiət olunan, digəri isə qızdırma, ishal və qusma ilə müşayiət olunan xəstəliklərin cəmiyyət arasında yayıldığının şahidi oluruq. Bunlar nə xəstəlikləridir?
-Ümumiyyətlə, bu virus ilk öncə ümumi intoksikasiya ilə müşayiət olunur. Bu nəfəs yollarının qıcıqlanması, kataral əlamətlərin (yəni, iltihab əlamətlərinin) olması, burun axması, ishal, öskürək, boğazın qıcıqlanması, boğaz ağrısı şəklində başlaya bilər. Bu simptomların bu və ya digər dərəcədə meydana çıxması mümkündür. Ən əsas məsələ isə odur ki, xəstəlik ağır intoksikasiya ilə müşayiət edilir və bu intoksikasiya, yəni bədənin bu virusla, onun məhsulları ilə  zəhərlənməsi orqanizmi xeyli zəif salmış olur. Virus aşağı tənəffüs yollarının, ağciyərlərin iltihabına meyllidir. Buna el arasında sətəlcəm, tibbi dildə pnevmaniya deyilir. Bu həmin o 2019 Novel pnevmaniyası adlandırıla bilər. Bu da respirator çatışmazlıqdır. Bir şey diqqəti cəlb edir ki, Çində, bütün o görüntülərdə, monitorda saturasiyanın, yəni bədəndə ağciyər təchizatının xeyli aşağı olması müşahidə edilir. Məsələn, 60-70 civarında olur. Bu, onu göstərir ki, ağciyər tənəffüsü xeyli pisləşib. Bədənə ağciyər vasitəsi ilə oksigen daxil olması azalmış olur. Bu, həmin xəstəliyin gedişini xarakterizə edir.

-Azərbaycanın koronavirus epidemiyasının yayıldığı Çinlə, eləcə də digər ölkələrlə ticarət və digər əlaqələri var. Hətta virus artıq bəzi Avropa ölkələrinə də çatıb. Ola bilərmi ki,  bu virus Azərbaycandan vaz keçsin?
-Dediyim kimi, virusun bizim sərhəddə daxil olması, yayılması, insan tələfatına səbəb olması digər ölkələrdə olduğu kimi realdır. Doğrudur, biz bunu təsdiq etmirik. Çünki əvvəl də dediyim kimi, əlimizdə rəsmi təsdiq yoxdur. Amma hər halda bu ehtimal yüksək olaraq qalır.
-Bu virusun Çin iqtisadiyyatını zəiflətmək üçün süni surətdə ortaya atıldığı deyilir. Tibbdə mümkündürmü ki, hansısa virus süni surətdə hazırlansın və müəyyən məqsədlər üçün istifadə olunsun?
-Əslində bu, ciddi bir ittihamdır. Bunu təsdiq etmək çətindir. Çünki belə bir şey insanlığa qarşı cinayət sayılır. Və belə bir hadisə Helsinki deklarasiyasının maddələrinə görə, cinayət kimi kvalifikasiya edilə bilər. Amma bu, heç bir təsdiqini tapmır. Bu, ancaq ehtimal və gəzən söz-söhbətdən başqa bir şey deyil. Digər bir tərəfdən tarix boyu hansısa bir infeksiya yayılanda taun epidemiyası, qara ölüm deyilən epidemiya, xeyli insanın dünyasını dəyişdiyi ispan qripinin yayıldığı zamanlarda ayrı-ayrı ölkələrin iqtisadiyyatı xeyli ziyan çəkib. İndi də nəinki Çin, bu məsələdə xeyli ölkənin iqtisadiyyatı ziyan görəcək. Ona görə də Çin iqtisadiyyatını zəiflətmək üçün süni surətdə ortaya atıldığını düşünmək üçün kifayət qədər əsaslar yoxdur.
-Epidemiyadan qorunmaq və qurtulmaq üçün nə etmək lazımdır? İnsanlar nə etməlidir? Hökumət hansı addımları atmalıdır?
-Epidemiyadan qurtulmaq və qorunmaq üçün ilk növbədə karantin tədbirləri görülməlidir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də bu, göstərilib. Epidemiya və pandemiya meylli infeksiyalar sərhəd tanımır. Bu kimi situasiyalarda mütləq karantin tədbirləri görülməlidir. Dövlət bunun üçün transsərhəd keçid zonalarında, ölkəyə giriş-çıxış nöqtələrində, avtovağzallar, dəmir yolu vağzalları, aeroportlardakı gömrük postlarında ciddi nəzarət tətbiq etməlidir. Xüsusi həkim briqadaları yaradılmalıdır ki, şübhəli şəxslər dərhal orada karantinə salınıb, təcrid olunub və tam yoxlanıldıqdan sonra marşrutu müəyyən edilsin. Digər tərəfdən isə ayrı-ayrı insanların kütləvi toplantı yerləri, məktəblər, universitetlər, iri şirkətlər mütləq müxtəlif antiviral dezinfeksiyaedicilərlə dezinfeksiya olunmalıdır. Əhali arasında maarifləndirici tədbirlər aparılmalıdır. Bütün televiziyalarda gün ərzində bir neçə saat bununla bağlı verilişlər hazırlanmalıdır. Əhaliyə adi halda, xəstələndiyi halda necə davranmaq lazımdır izah edilməlidir. Xəstələnənlər mütləq yataq rejiminə keçməlidir. Çoxlu maye qəbul edilməlidir və həkimə müraciət olunmalıdır. O, büsbütün həkim nəzarəti altında olmalıdır. Təcrübə göstərir ki, ölənlərin böyük əksəriyyəti xəstəliyi ayaqüstə  keçirən və müalicə almayanlardır. İnsanlar yataq rejiminə keçəndə yaxşı olar ki, virusun konsentrasiyasının artmaması üçün həmin otağın havasını tez-tez ventilyasiya etsinlər. Kütləvi yerlərdə, ictimai nəqliyyatda respiratorlardan, xüsusi maskalardan  istifadə etsinlər. Çünki bu, hava-damcı yolu ilə keçən infeksiyadır və bütün bunlar onun yayılmasının qarşısını xeyli ala bilər.