Koronavirusa yoluxanların gerçək sayı 20 dəfə çoxdur - ARAŞDIRMA

Baxış sayı:
2961

Dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı daha bir elmi araşdırmanın nəticələri açıqlanıb.
 
Virusla bağlı tədqiqat aparan Almaniyanın Göttingen Universiteti alimlərinin qənaətinə görə, rəsmi rəqəmlər koronavirusa yoluxanların yalnız 6%-ni əks etdirir.
 
Kristian Bommer və Sebastian Follmerin apardığı araşdırmada müxtəlif ölkələrdəki ölüm nisbətləri arasındakı variasiyanı təhlil ediblər. Məsələn, İtaliyada koronavirusdan ölüm 11,7% olduğu halda bu rəqəm Almaniyada 10 dəfə azdır – 1,1%.
 
Araşdırmaçıların fikrincə, bu, bəzi ölkələrdə qeydə alınan koronavirusa yoluxma hallarının sayının gerçək rəqəmdən çox az olmasından qaynaqlanır. Tədqiqatda ölüm sayını rəhbər tuturaq martın 31-də dünyada yoluxma hallarının sadəcə 6%-nin aşkarlandığını açıqlanıb.
 
Alimlər belə nəticəyə gəlib ki, martın 31-nə olan vəziyyətə görə, koronavirusa yoluxanların Almaniyada 15%, İtaliyada 3,5%, İspaniyada isə yalnız 1,7%-nə rast gəlinib. Bu baxımdan ən aşağı göstəricilərdən biri də ABŞ (1,6%) və Böyük Britaniyadadır (1,2%).
 
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
 
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 605 000-i ötüb. Bunların 356 952 nəfəri sağalıb, 95 753 nəfəri isə ölüb.
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./Report