Koronavirusa yoluxan tibb bacısı intihar etdi - FOTO

Baxış sayı:
2157

İtaliyanın Montsa şəhərindən olan tibb bacısı müayinə zamanı koronavirusa yoluxma testinin müsbət nəticə göstərdiyini öyrənib və buna görə intihar edib.

Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

34 yaşlı tibb bacısı Daniela Trezzi intensiv terapiya şöbəsində işləyib. Martın 10-da onda koronavirus infesksiyasının əlamətləri aşkarlandığına görə karantinə alınıb. Karantində D.Trezzinin COVİD -19 virusuna yoluxması testi müsbət nəticə verib. Testin cavabını öyrənən tibb bacısı özünə qəsd edib. O, bu addımı başqalarını yoluxduracağından ehtiyat etdiyi üçün atıb.

Trezzinin ətrafındakı insanlara virusu yayacağından qorxduğu, bu səbəbdən də gərgin stress keçirdiyi bildirilir.

İtaliyanın Kremona əyalətinin xəstəxanasında çalışan həkimlərin dediyinə görə, qorxunc yuxular və qarabasmalar Trezzini rahat buraxmayıb, onu daha da depressiyaya salıb. O, xəstəxanada heç kimin sağalmayacağını iddia edib və baş verənlərdən qorxuya düşdüyünü deyib.

Son məlumatlara görə, dünyada 428 min koronavirusa yoluxma faktı aşkarlanıb. Yoluxma zamanı 18,9 min insan ölüb, 109,1 min isə bu xəstəlikdən sağalıb.

Qeyd edək ki, (COVİD -19) ilk dəfə 2019-cu ilin noyabrında Çinin Uhan şəhərində qeydə alınıb.

İnarə Rafiqqızı