Koronavirus xəstələrinə telefonlarını söndürmək qadağan edilir

Baxış sayı:
555

Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilən və evdə müalicəsini davam etdirəcək şəxs təcrid müddətində mobil telefonunu işlək vəziyyətdə saxlamalıdır. 

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydalarının təsdiq edilməsi barədə” qərarına edilən dəyişiklikdə öz əksini tapıb.

Qeyd olunub ki, yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə onların hüquq və vəzifələri, həmin şəxslərə göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə məlumat verilir, bu Qaydaların 4.5-ci bəndinin tələblərinin pozulmasına görə qanunda nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti barədə, habelə təcrid müddətində mobil telefonu işlək vəziyyətdə saxlaması və onun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yerin müəyyən edilməsinin mümkünlüyü barədə xəbərdarlıq edilir və onlardan bu barədə yazılı iltizam alınır. 

Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 (iki) nüsxədə akt tərtib edilir. Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilmiş şəxsə verilir, digər nüsxəsi tibb müəssisəsində qalır.