KORONAVİRUS KRİMİNAL ALƏMİ DƏ “VURUR” - Cibgirlər işsiz qalır, narkotik bahalaşır...

Baxış sayı:
4480

Belə görünür ki, dünyanı bürüyən koronavirus pandemiyası uzandıqca, onun təsir etmədiyi, çökdürmədiyi sahə qalmaycaq. İş o yerə çatıb ki, təkcə leqal fəaliyyətylə məşğul olan adi insanlar deyil, qeyri-leqal “peşə sahibləri” də epidemiyadan şikayətlənməyə başlayıblar. Bunların sırasına cibgirlərdən tutmuş “yüngül həyat tərzi keçirənlərə”, mənzil oğrularına və narkotacirlərə qədər bir çox “peşəkarlar” daxildir.

Cibgirlər və “qədim peşə sahibləri” “batır”...

Keçmiş SSRİ məkanına aid respublikaların demək olar bütün sahələrdə bir-birinə bənzərlikləri hələ də qalmaqdadır və bu bənzərlik kriminal aləmdən də yan keçməyib. Hətta demək olar ki, məhz kriminal aləmdəki münasibətlər digər sahələrlə müqayisədə daha sıxdır. Bu baxımdan xüsusilə Rusiyanın kriminal çevrələrində müşahidə olunan tendensiyaları Azərbaycan da daxil olmaqla, əksər MDB ölkələrinə aid etmək olar.

Rusiya mətbuatında sıx-sıx çıxış etməyə başlayan kriminala yaxından bələd ekspertlərin və hüquq-mühafizə orqanları təmsilçilərinin fikirlərinə diqqət yetirdikdə məlum olur ki, koronavirus pandemiyası ilə bağlı hökumətin tətbiq etdiyi karantin tədbirləri cinayətkar aləmi ciddi problemlərlə üz-üzə qoyub.

Ekspertlərin şərhlərindən aydın olur ki, ən çox zərər görənlər cibgirlər və “qədim peşə sahibləri”dir. Belə ki, küçədə, ictimai nəqliyyatda, ticarət mərkəzləri və digər məkanlarda tətbiq edilən məhdudiyyətlər səbəbindən bu “peşə sahibləri”nin “müştəri kontingenti” olduqca daralıb. İnsanlar özünütəcrid qaydalarına riayət etməyə məcbur olduğundan küçədə, ictimai nəqliyyatda və digər yerlərdə seyrəklikdi. Xüsusilə cibgirlər üçün bu durum “çörəksiz qalmağa” bərabərdir.

“Qədim peşə sahibləri” də həmçinin, insanların küçəyə çıxmaması və virusla bağlı məlum gigiyena tədbirləri nəticəsində “sosial məsafə saxlanılması” nəticəsində müştəri qıtlığı yaşayır.

Mənzil oğrularının “işi” çətinləşib, avtomobil oğruları isə...

Koronavirusdan “əziyyət çəkənlər” sırasına mənzil oğrularını da aid etmək olar. “Lenta.ru”-ya açıqlama verən mütəxəssislərdən biri, kriminalist Mixail İqnatov deyib ki, mənzil oğruları karantin tədbirləri qüvvəyə minəndən sonra “işləməyə” cəsarət etmirlər. Belə ki, boş mənzillər demək olar qalmayıb. İnsanlar evlərinə çəkiliblər. Lakin bununla yanaşı, daha ağır cinayətlər sayılan mənzillərə silahlı basqınların artması ehtimalı çoxalır. “Delta” Təhlükəsizlik Xidmətinin rəhbəri Andrey Sıbakov deyib ki, son günlər mənzillərə silahlı basqın faktları çoxalıb. Bu səbəbdən mühafizə xidmətlərilə bağlı müraciətlər də xeyli artıb.

 

Mütəxəssislər qeyd edirlər ki, karantin müddəti uzandıqca, bu trip cinayətlərin artması ehtimalı daha da çoxalacaq. Həmçinin, avtomobil oğurluqlarının da artacağı ehtimal olunur. Bu isə insanların işə getməməsi səbəbindən avtomobillərini duracaqlara qoymaları, evdən çölə çıxmamaları və nəticədə oğrular üçün “seçim imkanının” və münbit şəraitin yaranması ilə əlqələndirilir.

Narkotik satanların “bazarı” kiçilir

Koronavirusun ən çox “vurduğu” kriminal təbəqələrdən biri də narkotacirlər sayılır. Bir tərəfdən sərhədlərin bağlanması, yoxlamaların çoxalması, total nəzarətin artması və s. bu kimi tədbirlər narkotiklərin nəqlini imkansız edib. Bu da xüsusilə xaricdən gətirilən narkotik vasitələrin qıtlığını yaratmağa başlayıb. Qıtlıq isə qiymət artımına səbəb olub ki, bunun da nəticəsində hər narkomanın ona lazım olanları əldə etmək imkanı qalmayıb. Bu da öz növbəsində narkotacirlərin bazarını və gəlirlərini xeyli daraldır. Ona görə də “alıcılara” daha çox yerli istehsal olan narkotik vasitələr təklif olunmağa başlayıb. Onlar daha ucuz olsalar da, keyfiyyətinə görə xaricdən gətirilənlərdən xeyli geri qalır.

Bununla yanaşı, karantin tədbirləri narkomanların da küçəyə çıxması, parklarda və digər məkanlarda narkotik qəbul etməsi imkanlarını məhdudlaşdırır. Nəticədə bazarda narkotik vasitələrə tələbat azalmağa başlayır.

Lakin narkotiktacirlər müxtəlif yeni vasitələrə - “poçt xidməti”, “ünvana çatdırılma” və s. kimi üsullara əl atırlar. Ancaq nə qədər vəziyyətdən çıxmağa çalışsalar da, mütəxəssislər koronavirus pandemiyasının ən çox məhz narkotik ticarətçilərini “vuracağını” iddia edirlər.

“Biznesi çiçəklənənlər” sırasına isə daha çox kibercinayətkarlar aid edilir. Müxtəlif üsullara əl atan kiberfırıldaqçılar insanların yaşadığı koronavirus panikasından istifadə edərək, onların şəxsi hesablarına, məlumatlarına asanlıqla yol tapmaq imkanları əldə ediblər. MDB məkanında bu hallar daha çox Rusiya və Ukraynada müşahidə olunur. Elə həmin bu respublikalarda, xüsusilə də Rusiyada daha bir cinayət növü meydana çıxıb. Yaşlı və tənha insanların qapısını döyərək, gigiyena tədbirləri üçün gəldiklərini bildirən ağ xalatlı, maskalı fırıldaqçılar mənzillərə daxil olduqdan sonra pensiyaçıların olan-qalanını oğurlayıb, aradan çıxırlar.

Bir sözlə, koronavirus pandemiyası adi, qanuna tabe olan vətəndaşlarla yanaşı, cinayətkarların böyük qismini də çətin günlər yaşamağa vadar edib. Və hərə bir yolla bu ağır dövrü adlamağa çalışmaqdadır.../azpolitika.info